“Əhalinin
sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilir
Yeyinti məhsullarının, xüsusilə,
duz, un, süd və şəkərin tərkibi dəmirlə
zənginləşdirilməlidir
Aprelin 11-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, iclasın gündəliyinə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna bir neçə əlavə və dəyişikliklərin edilməsi məsələsi salınıb. Müzakirəyə çıxarılan dəyişikliklər barədə məlumat verən Hadi Rəcəbli deyib ki, qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra iki gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Həmçinin təklif olunan qanunlar qəbul edilərsə, pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağan olunacaq.
Müzakirə zamanı deputalardan Elmira Axundova, Sevinc Hüseynova, Yaqub Mahmudov əlavə və dəyişikliyi müsbət qiymətləndiriblər. Onlar təklf ediblər ki, xəstəliklə bağlı pasiyentin ailə üzvlərinə məlumat verilməsində qadağa aradan qaldırılsın. Deputatların suallarına cavab verən parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bəzən xəstənin ailə üzvləri ciddi nöqsanlara yol verirlər. Bəzən xəstəliklə bağlı xəstəyə məlumat verib onu intihar həddinə çatdırırlar və ya onu xəstəxanaya yerləşdirməklə şəxsiyyətini təsdiq edən sənədlə mülkiyyətini mənimsəyirlər. Deputatın sözlərinə görə, məhz bu kimi hallara görə qanuna belə əlavələr edilib.
H.Rəcəbli bunun nəzərə
alınacağını bildirib. Müzakirələrdən sonra layihə parlamentin plenar sessiyasına tövsiyə
olunub.
İclasda haqqında söhbət gedən qanuna mühüm bir əlavənin edilməsi məsələsi də müzakirəyə çıxarılıb.
Komitə
sədri Hadi Rəcəbli diqqətə
çatdırıb ki,
Nazirlər Kabinetinin Milli Məclisdə müzakirəyə çıxarılan
hesabatında öz əksini tapan bir rəqəm onları çox düşündürüb: "Hesabatda göstərilib ki, 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayı
2011-ci ildə 37 faiz artıb. Bu rəqəm
bizi çox düşündürdü və
narahat etdi. Ona görə biz sözügedən
qanuna məlum dəyişikliklərin edilməsini
təklif edirik".
H.Rəcəbli
qeyd edib ki, bunlardan biri ərzağın zənginləşdirilməsi,
digəri isə
0-3 yaşlarında anadangəlmə əlil uşaqlarla
bağlı məsələləri əhatə edən dəyişikliklərdir. Onun sözlərinə
görə, ərzağın zənginləşdirilməsi məsələsi
artıq dünyanın əksər ölkələrində
mövcuddur. Ona görə də bu
yöndə ayrıca qanun hazırlamaqdansa, onu "Əhalinin
sağlamlığının qorunması haqqında"
qanuna müvafiq dəyişikliklər etmək yolu ilə tənzimləmək
daha məqsədəuyğundur.
Təklif var ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 3-cü maddəsinin 6-cı abzasında "ekoloji" sözündən sonra "və ərzaq" sözlərinin əlavə edilməsini və həmin abzasa bu məzmunda ikinci cümlənin - "Xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının, xüsusilə duz, un, süd və şəkərin mikronutrientlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ-hüquqi aktların hazırlanması" cümləsi daxil edilsin.
Həmin maddənin 10-cu abzasına isə belə bir məzmunda ikinci cümlə əlavə edilsin: "Uşaqlarda əlilliyin erkən yaşlarda (3 yaşadək) aşkarlanması, müdaxilə və kompleks reabilitasiya əsasında qarşısının alınması tədbirlərinin həyata keçirilməsi;".
Dəyişikliklərlə bağlı aparılan müzakirələrdə müxtəlif fikir və təkliflər səslənib. Deputatlar Yaqub Mahmudov, Əhliman Əmiraslanov, Elmira Axundova çıxış edərək bildiriblər ki, hazırlanan sənəd günün tələbidir və Azərbaycanda artıq ərzağın zənginləşdirilməsi prosesinə start verilməlidir.
Müzakirələrdən sonra
qanuna əlavə və dəyişikliklər
Milli Məclisin plenar
iclasına tövsiyə olunub.
Azərbaycan.- 2012.- 12 aprel.- S. 3.