Dağlıq Qarabağda bir gün
Hamının arzuladığı bu görüş onsuz da olmalıydı, amma bu dəfə onu tezləşdirən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı oldu. Belə ki, akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu bu kitabın Bakıdakı təqdimat mərasimindən sonra ilk ictimai müzakirəsi məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirildi. Qarabağ savaşında ən çox ziyan görən rayonlardan biri kimi "Azərbaycan" qəzetinin bu qəsəbəni seçməsi təsadüfi deyildi.
Xocavənd rayonunun yaranmasından 20 il ötür. Bir vaxtlar əlverişli coğrafi mövqeyə malik olan bu rayon Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəd idi.
Xocavənd toponimi iki hissədən - "Xoca" və "vənd" sözündən ibarətdir. "Xoca" sözü türk dilində "müəllim, öyrətmən" anlamındadır. "Vənd" komponenti "uşağı, nəsli, törəməsi" mənasını daşıyır.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verərək 2 oktyabr 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılmışdır. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolu, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri xətti talan edilərək yararsız hala salınmış, 202 hektar meşə sahəsində qiymətli ağac növləri qırılaraq məhv edilmişdir.
10 aprel 1994-cü ildə Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev Xocavənd rayonu ərazisindəki cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə görüşərək bir neçə cəsur döyüşçüyə Vətənin yüksək mükafatlarını təqdim etmişdi.
Belə bir görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində elə həmin il Xocavənd rayonunun 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
2008-ci il oktyabrın 4-də Prezident İlham Əliyev Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbənin açılışında iştirak etmişdi: "İndi çadır şəhərciklərinin heç biri yoxdur. Biz hamısını ləğv etdik. Onların yerində belə gözəl evlər tikdik. Siz buna layiqsiniz, daha da böyük imkanlara layiqsiniz və gələcəkdə daha böyük işlər görüləcəkdir".
Ümumi sahəsi 25885,5 kvadratmetr olan 60 bir otaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı və 15 dörd otaqlı mənzil qaçqınların ixtiyarına verilib. Qəsəbədə 360 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, 25 çarpayılıq xəstəxana, klub, icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürmə deposu, inzibati və anbar binaları da var. Yollar, su və elektrik təchizatı lazımi səviyyədədir. Həmin gün Prezident İlham Əliyev rayonun Qaradağlı kəndindən olan Sevil Əzizovanın mənzilinə də baş çəkmişdi. Alov və Atəş adlı iki övladı Vətən uğrunda şəhid olan Sevil Əzizova dövlət başçısına məcburi köçkünlər üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdi.
Vətən dərsləri, yaxud burada uşaqlar zəmanədən
daha çox öz valideynlərinə oxşayırlar
Yeni Xocavənd qəsəbəsində qaçqın uşaqların oxuduğu bir məktəbdə və bir uşaq bağçasında olduq. Onlar həsrətini çəkdikləri el-obadan, əsrlər boyu başımıza gətirilən müsibətlərdən ürək ağrısı ilə danışdılar, şeirlər söylədilər. Başqa yeri deyə bilmərik, amma burada sözün, şeirin əvəzi yox idi. Hamı qəhərləndi, gözümüz doldu. Bağçada da, məktəbdə də uşaqlar əsl Vətən dərsləri keçirdi. Onlar tək yaşadıqları bölgənin, kəndin, obanın deyil, bütün Azərbaycanın, türk dünyasının problemlərindən, faciələrindən danışırdılar. Onlar həm də ataların, babaların şanlı-şərəfli döyüş yolundan, qəhrəmanlıq tariximizdən ürəklə, qürurla şeirlər söyləyir, mahnılar oxuyurdular. Ortada böyük bir həqiqət vardı: bu uşaqlar torpaq uğrunda döyüşməyə, Vətənin xilası üçün lazım gəlsə, canlarından belə keçməyə hazırlaşırlar. Peyğəmbərimizin sözləridir: "Uşaqlar valideynlərindən daha çox yaşadıqları dövrə, zəmanəyə oxşayırlar." Xocavənddə gördüyümüz uşaqlar daha bir həqiqətdən xəbər verirdilər. Onlar öz ata-anaları, bir də vuruşan, hər an vuruşmağa hazır olan qardaş-bacıları ilə fəxr edir, onlara bənzəmək istəyirdilər.
Sevil ananın tək oğlu
Xocavənd adına salınan bu yaraşıqlı, geniş qəsəbədə yaşayan, Qarabağ savaşında oğullarını itirən Sevil Əzizovanın evində də qonaq olduq. Ölkə Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə bu şəhid ailəsinin də qonağı olub. Çay süfrəsinin arxasında Sevil xanım o görüşü yada saldı, qürur hissi ilə danışdı. Sonra gün-güzəran və qoyub gəldiyimiz torpaqlar, yaşadığımız faciələr haqqında söhbətlər oldu.
Yaşadığı evin divarlarından onun şəhid övladlarının qoşa şəkli asılıb. Ana onlardan elə danışır ki, sanki onlar nə vaxtsa şəhid olmayıblar, indinin özündə də əldə silah torpaqlarımızın müdafiəsindədirlər. Bəlkə ona görə hələ də bu itkilər ananın iradəsini sındıra bilməyib. Dövlətə, dövlət başçısına bütün bu yaradılan şəraitə görə minnətdarlığını bildirən Sevil ana bütün şəhid ailələrinin fikrini belə ifadə etdi: "O yurda qayıtmaq üçün, o yerləri bir də görmək üçün lazımdırsa, axırıncı oğlumdan da keçərəm".
Qarabağdan millət vəkili Elman Məmmədov da o ağır günləri xatırladı, o vaxt nə qədər təkid etsə də, öz ev-eşiyindən, yurdundan - Xocalıdan çıxmaq istəməyən anasını yada saldı: "Sonuncu görüşümüzdə məndən silah istədi. Alıb belinə bağladığı şalın altına qoyub dedi: "Gedin, vuruşun, məndən nigaran qalmayın". O vaxt axırıncı görüşümüzün olduğunu ağlıma da gətirmirdim. Onun meyitini yalnız bir aydan sonra ala bildik. Tanınmaz hala düşmüşdü. Yalnız əynindəki paltardan tanıya bildim. Anam heç vaxt başqa analardan fərqlənmək, seçilmək istəməzdi. Bu fəlakətdə də döyüşən oğullarını qoyub getmək istəməyən digər analardan ayrılmadı. Hamı ilə bir tale yaşadı".
Millət vəkili Bəxtiyar Sadıqov da bu fikri təsdiqlədi: "Biz o ağır günlərdə ona görə döyüşə bildik ki, arxada analarımızın, bacılarımızın, xanımlarımızın nəfəsini hiss edir, onların hər an yanımızda olduqlarını bilirdik. Bu müharibədə, mübaliğəsiz demək olar, bəlkə də ən böyük hünəri Azərbaycan qadınları, anaları göstərdi".
Ağamirzə kişinin itirdikləri və ermənilərin 3
ton benzin söhbəti
"Allah Prezidentin ömrünü uzun eləsin ki, bizi "qaçqın" sözündən qurtardı". Bu sözlər xeyli vaxtdır yeni yurda - Xocavəndə pənah gətirən Ağamirzə kişiyə məxsusdur. Müharibədə bir oğlunu itirib. O vaxt qəhrəmanlıqla döyüşüb şəhid olan oğlu Asifin meyitini qaytarmağın müqabilində ermənilər ondan 3 ton yanacaq istəmişdilər. Ermənilərin bu istəyindən xəbər tutan, iztirablar içində çabalayan həyat yoldaşı isə bu sövdələşmə ilə razılaşmamışdı, "Asifin qaldığı torpaq da bizimdir. Nə fərqi var, onu harada dəfn etdik. Ermənilərsə o benzini alıb yenidən üstümüzə gələcək, yenidən cavanlarımız şəhid olacaqlar".
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da o günləri yada salıb belə dedi: "O torpaqlar həm də orada qoyub gəldiyimiz şəhidlərilə bizə əzizdir. Bizi o yerlərə çəkən həm də onların narahat ruhlarıdır".
Batalyon komandirləri və hərbi jurnalist
Dördü də vaxtilə döyüşmüşdü. İrşad Əliyev, Eyvaz Hüseynov və Elman Məmmədov silahla, Bəxtiyar Sadıqov qələmlə. O vaxt daha çox döyüş meydanında, ayrı-ayrı kəndlərdə, şəhərlərdə görüşürdülər. İndi isə zahirən sakit bir şəraitdə, Qarabağın döyüşlə, vuruşla əldə qalan bir parça torpağında görüşürlər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı) İrşad Əliyev vaxtilə vuruşduğu Goranboy döyüşlərini yada salır, igid oğullarımızın şücaəti sayəsində işğalçıları torpaqlarımızın bir hissəsindən - Gülüstandan, Ağcakənddən necə təmizlədiklərini xatırlayır. Millət vəkili Elman Məmmədov Xocalı, Eyvaz Hüseynov Xocavənd batalyonunun keçdiyi döyüş yolunu yada salır. Məhz Xocavənd batalyonunda döyüşən əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmənlər irəliləyə bilmədi, hətta Nərgiztəpə ətrafında bir xeyli ərazini də qoyub qaçmağa məcbur oldu.
Nərgiztəpədəki abidə
Yolumuz həmin əraziyə - Nərgiztəpəyədir. Bura həm də Xocavənd rayonunun, keçmiş Dağlıq Qarabağın işğaldan kənarda qalan bir hissəsidir. Tarixi qədim dövrlərə gedib çıxır. Mərhum alimimiz Şamil Cəmşidov öz tədqiqatlarında bu əraziyə, buradakı qəbirlərə xüsusi diqqət ayıraraq onun Dədə Qorqud boylarında belə tez-tez xatırlandığını söyləyir, bu əzəmətli abidənin qəhrəmanlarından olan Qaraca Çobanın qəbrinin də məhz burada olduğunu qeyd edirdi. Qarabağ dağ silsiləsinin axırında yerləşən Qaraçux dağı da həmin eposda tez-tez yada salınır. "Qaraçuğun aslanı" ifadəsi də həmin dastandadır. Qaraca Çobanın arxac yeri də Qaraçux dağının döşündədir və yüz illər əvvəl olduğu kimi, indi də Qaraca Çobanın narahat ruhu Ağdamdan, Ağcabədidən, Beyləqandan gələn yollara baxmaqdadır.
Yüzillər boyu insanlarımızın ziyarət yerinə çevrilən bu qədim ərazidə xeyli vaxtdır Xocavənd Rayon İcra Hakimiyyətinin köməyi ilə abadlıq işləri aparılıb, möhtəşəm abidələr ucaldılıb. Azərbaycan tarixinin son illərini əhatə edən şərəfli bir dövr də bu abidələrdə öz əksini tapıb. Bu, həm qalibiyyət, həm şəhidlik abidələridir. Artıq xeyli vaxtdır ziyalılar, millət vəkilləri, ali məktəb tələbələri bu abidənin ziyarətinə gəlir, burda dayanıb doğma torpaqlara lap yaxından baxa bilirlər. Çünki Nərgiztəpədən baxanda Qarabağ da yaxşı görünür, ona aparan yollar da.
Düşmənin beş addımlığında yerləşən bu abidələrin üzərində Azərbaycanın əzəmətli bayrağı dalğalanmaqdadır. Bu bayrağı qarşı tərəf çox yaxşı görür. Artıq o əzəmətli bayrağın zəfər yürüşü başlayıb. Onun Xankəndidə, Şuşada dalğalanacağı günə - Qələbə gününə çox qalmayıb. O günü yaxın edən isə Azərbaycan ordusu, Azərbaycan əsgəri və bütün Azərbaycan cəmiyyətinin, gəncliyinin iradəsidir. O gəncliyin arzusunu, iradəsini isə ölkə Prezidenti İlham Əliyev belə ifadə edib: "Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz, heç vaxt!"
Yamacda nişanə
Nərgiztəpəyə yaxınlaşdıqca həm də üzərində bayrağımız dalğalanan neçə-neçə şəhid məzarı ilə rastlaşırıq. Bura vaxtilə döyüş meydanı olub və demək olar ki, hər qarışında əsgər qanı axıdılıb. Bu, döyüşlə, vuruşla, qəhrəmanlıqla qazanılmış torpaqlardır.
Eyvaz Hüseynov bu yerlərdə belə abidələrin, qəbir-nişanələrin hələ çox olacağını söyləyir: "Artıq Bakıdan, respublikamızın müxtəlif yerlərindən insanlar axışaraq bu yerləri ziyarətə gəlirlər. Xüsusilə gənclərin fəallığı bizi sevindirir. Onlar buradan həm də bizim üçün darıxan yaxınlıqdakı dağlarımızı, kəndlərimizi seyr edir, bulaqların, çayların səsini eşidir, ora uzanan yolları görürlər. Oradan diqqətlə baxanda Kirs dağını, Ziyarət dağını, onların umuduna qalan Şuşanı da görmək mümükündür".
Görünən dağa isə bələdçi lazım deyil.
İlyasın yurdunda "Qarabağ
şikəstəsi" və İbad Hüseynovla Monte
Melkonyanın heç vaxt
bitməyəcək davası
Bu dava yüzillərdir gedir. Bu, artıq xeyirlə şərin davasıdır. Bəlkə ona görə inanmaq olmur ki, bu, nə vaxtsa sona yetə bilər. Ancaq neyləmək olar - şər öz pisliyindən, pis əməlindən qalmadığı kimi, xeyir də öz xeyrində israrlı olmalıdır. Bədnam qonşularımızın timsalında bu Şər çoxbaşlı əjdahaya bənzəyir - birini kəsirsən, yenisi çıxır.
Bu Şərin vaxtilə Andronikin timsalında babalarımız qulağını kəsmişdi, onu hərəkətə gətirən başlardan birini kəsmək isə İbad Hüseynova qismət oldu. O başın adı ermənilik, sahibi Monte Melkonyan idi. Məhz ona görə ermənilər neçə gün matəm saxladılar, özlərinə gələ bilmədilər. Bu hadisə 1993-cü ilin yayında, buralardan bir az yuxarıda - Muğanlı kəndində baş vermişdi.
Nərgiztəpənin yaxınlığında bir ev də var. O, ətrafda yeganə evdir, amma ümid edirik ki, axırıncı olmayacaq. Böyük həyət-bacası və ağacları ilə hamını özünə çəkir. Bu evi Qarabağ savaşının iştirakçısı İlyas Hüseynov tikib. Vaxtilə Rusiyadakı işini, rahat şəraitini atıb doğma torpaqlara tələsən İlyas Hüseynov batalyon komandiri kimi düşmənə qarşı mərdliklə vuruşub, dəfələrlə ölümlə üz-üzə qalıb, yaralar alıb.
Atəşkəs elan olunduqdan sonra Bakıya qayıdıb. Amma doğma yurddan
kənarda özünə
dinclik tapa bilməyib. Yenidən geriyə dönüb,
Nərgiztəpəyə qayıdıb.
Bu evi tikib,
bağ salıb, su çəkib. Deyilənə görə, Nərgiztəpəyə
qalxıb vaxtilə azad etdikləri yerdən əsarətdə
qalan torpaqlara baxmaqdan doymayıb.
2006-cı
il aprelin
14-də Bakıdan çıxıb
həmin yerə - Nərgiztəpədəki evinə
tələsib. Sanki həmin
gün onu hansısa daxili bir hiss ora çəkib
aparırdı.
Gəlib axır ki özünü
ora çatdıra bilib. Döyüş dostları ilə
görüşüb və
elə onların yanındaca qəflətən
müvazinətini itirərək
yıxılıb. Bir
daha dura bilməyib...
İlyasın yıxıldığı həmin
yer tikdiyi evin düz yanındadır. İndi
orada İlyasın portreti qoyulub və həmin portretdən İlyas kədərli və məğrur baxışları
ilə gəlib gedənlərə baxmaqdadır.
O, bir vaxt Qarabağda
doğulmuşdu, Qarabağ
üçün vuruşdu
və Qarabağda da haqq dünyasına
qovuşdu.
Bu gün o evdə
həm döyüş
dostu, həm də qardaşı Əbülfət Hüseynov
qalır. İndi o, Haramı
düzünün bitib-tükənməyən bir nöqtəsində
- Nərgiztəpədə həm qardaşı İlyasın
tikdiyi evə həyan olur, həm də onun narahat ruhunun
dolaşdığı dağlara, meşələrə
tamaşa edir.
Bizim dağlar
da bizim adamlara bənzəyir.
Həmin
yurdda o dağların
dibindən süzülüb
gələn sudan
içdik, çörək
kəsdik və beş addımlıqdan bizə baxan yurd yerlərimizi seyr etdik. Vaxtilə oxuduğum
məktəbin, doğulduğum
evin xarabalığına
baxmaq çox çətindir. Təsadüfdü, ya nə - demək
çətindir, oturduğumuz
yerin yaxınlığından
yanıqlı bir səs gəldi - "Qarabağ şikəstəsi"
idi. Qarabağın
bir parça torpağında bunu eşitməkdən doğan
hissləri ifadə etmək çox çətindi, bəlkə
də mümkünsüzdü...
Amma Qarabağ həmişə bütün
müşkülləri adladığı,
çətinlikləri asan
etdiyi kimi, bu çətini, əziyyəti, məşəqqəti
də adlayar, inşallah!
Bəxtiyar
QARACA
Azərbaycan.- 2012.- 12 aprel.- S. 4.