Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir

 

Aprelin 11-də Binəqədi rayonunun  Rəsulzadə qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının (AQBMA) ümumi yığıncağı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin məsul işçisi, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının və qəsəbə bələdiyyələrinin sədrləri iştirak etmişlər.

Hesabat məruzəsi ilə çıxış edən AQBMA-nın sədri İlham Xəlilov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. İqtisadi inkişaf strategiyasının yüksək dinamizmlə, uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmiş, beynəlxalq aləmdəki nüfuzunu gücləndirmişdir. Respublikamızın hər yerində böyük layihələr həyata keçirilir. Bu möhtəşəm yeniləşmədə və qlobal quruculuqda bələdiyyələrin də layiqli payı vardır.

Sədr qeyd etmişdir ki, bu gün keçirilən yığıncaq AQBMA-nın sayca 5-ci hesabat yığıncağıdır. Milli Assosiasiya öz fəaliyyətini əsasən  özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması istiqamətləri üzərində qurmuşdurbu sahədə geniş və əhatəli proqramlarla çıxış edir, təşəbbüslər irəli sürür.

Bildirilmişdir ki, ölkə bələdiyyələri tərəfindən dəstəklənərək həyata keçirilən "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində ötən dövr ərzində ümumi dəyəri 63 milyon manatdan çox olan 11 min 500-ə yaxın layihə həyata keçirilmişdir. Təhlillər göstərir ki, bir çox bələdiyyələr fəallığını artırmış, zəruri və səmərəli işlər görmüş, şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, sosial obyektlərin, yolların, yaşayış məntəqələrində elektrikqaz xətlərinin təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli, sadə idman meydançalarının inşası sahəsində rollarını artırmış, vətəndaşların ümidlərini doğrultmuşlar.  Ötən ilin yekunlarına görə ölkə bələdiyyələri üzrə icmal yerli büdcənin gəlirləri 34 milyon manat olmuşdur ki, bu da 2010-cu illə müqayisədə 18,1 faiz, yaxud da 5,2 milyon manat çox, xərclər isə 33 milyon manatyaxud da 13,6 faiz icra edilmişdir. Yerli büdcə gəlirlərinin 38,3 faizi yerli vergi və ödənişlərin, 47,6 faizi bələdiyyə torpaqlarının icarəyə verilməsi və satışı, 10 faizi dövlət büdcəsindən ayrılan dotasiya, 4,1 faizi isə maliyyə yardımları, qrantlar və digər gəlirlər hesabına olmuşdur.

AQBMA sədri Assosiasiyanın xətti ilə keçirilmiş sosial, mədəni və idman yönümlü tədbirlər barəsində də ətraflı məlumat vermişdir.

Yığıncaqda Assosiasiyanın nəzarət-təftiş komissiyasının hesabatı  dinlənilmişdir.

Sonra yığıncaq iştirakçıları Assosiasiyanın 2012-ci il üçün büdcəsini müzakirə və təsdiq etmişlər.

Yığıncaqda çıxış edənlər - Naxçıvan MR Qəsəbə Bələdiyyələri Assosiasiyasının, Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Səbail rayonunun Badamdar, Lənkəranın Aşağı Nüvədi və digər bələdiyyələrin sədrləri görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən danışmış, AQBMA-nın 2011-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra təkliflər irəli sürmüşlər.

Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev respublikamızda bələdiyyələrin gördüyü işlərdən, dövlət siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlərdən danışmışdır. O demişdir ki, bələdiyyələrə hər il dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması, onların işinin səmərəli təşkilində və imkanlarının artırılmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Tahir Rzayev bildirmişdir ki, Azərbaycanda bələdiyyələrin inkişafında dövlət maraqlıdır. Bu marağı biz qəbul olunmuş qanunvericilik aktlarında, Prezident İlham Əliyevin təsdiq etdiyi sənədlərdə, eləcə də bir çox orqanların bu sahə ilə bağlı həyata keçirdiyi tədbirlərdə görürük. Bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkədə hüquqi baza vardır. Son illər dövrün tələbinə uyğun olaraq bir çox qanunlara əsaslı dəyişikliklər edilmişdir. Nəticədə çox böyük sosial-iqtisadi  nailiyyətlər qazanılmış, ölkənin beynəlxalq aləmdə nüfuzu artmışdır. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Əlbəttə ki, bu proseslərdə yerli özünüidarəetmə orqanları da öz sözlərini deməlidirlər.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bələdiyyələrin işinin təşkili ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlardan, respublikamızın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışmış, yerli özünüidarəetmə orqanlarının bu proseslərdə iştirakının ilbəil artdığını qeyd etmişdir. Ölkədə demokratiyanın inkişafında yerli özünüidarələrin əhəmiyyətli rolundan, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti barədə ətraflı bəhs edən Mehdi Səlimzadə yerli özünüidarənin inkişafında və səmərəli fəaliyyətində icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı münasibətlərinin tənzimlənməsinin vacibliyini vurğulamışdır.

Mehdi Səlimzadə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ötənilki fəaliyyətini qənaətbəxş qiymətləndirmişdir.

Sonra təşkilati məsələyə baxılmışdır.

Tədbirdə Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 5.