Mətbuat Şurasının idarə heyətinin iclası keçirilmişdir

 

Aprelin 11-də Azərbaycan Mətbuat Şurasının idarə heyətinin növbəti iclası keçirilmişdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, iclasın gündəliyinə üç məsələ daxil edilmişdir.

Əvvəlcə Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının rəylərinə baxılmış, şuranın qərarlarının çıxarılması üçünkimi əsasların olduğu müəyyənləşdirilmiş, on məsələ barədə müvafiq qərarlar qəbul olunmuşdur. Bunların əksəriyyətində mətbu orqanların "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə müddəalar, şuranın tövsiyələri yer almışdır.

İclasda şura sıralarına yeni üzvlərin qəbulu da nəzərdən keçirilmişdir. Ağstafa rayonunun eyni adlı və "Sport favorit" qəzetlərinin Mətbuat Şurasının üzvlüyünə qəbulu yekdilliklə qərara alınmışdır.

Şuranın sədri Əflatun Amaşov qurumun adından Mətbuat Şurasının idarə heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin "Yarımçıq əlyazmalar" əsərinin Nobel mükafatına iddialılar sırasına rəsmən qeydiyyata alınması münasibətilə təbrik etmişdir.

Ə.Amaşov  "Kitabi-Dədə Qorqud"un alman şərqşünası F.fon Dits tərəfindən tədqiq edilməsinin 200 illiyi ilə bağlı Almaniyadan olan mütəxəssislərlə birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, bundan əlavə qəzetlərdə "F. fon Dits - "Kitabi-Dədə Qorqud - 200" rubrikası ilə müntəzəm yazıların dərc olunması, Bakı Slavyan Universiteti ilə birgə konfransların və müsabiqələrin keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 5.