Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması layihəsinin təqdimatı olmuşdur

 

 Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun (MQF) "Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması" adlı layihəsinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

MQF-nin üzvlərinin, QHT-lərin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən təşkilatın prezidenti Rauf Zeyni layihə haqqında məlumat vermiş, onun əhəmiyyətindən danışmışdır.

Bildirilmişdir ki, layihənin məqsədi vətəndaş cəmiyyətinin, demokratik dəyərlərin inkişafına təkan verə biləcək MQF sektorlarının fəaliyyətini gücləndirmək, sektorların iclaslarının mütəmadi olaraq keçirilməsini təmin etmək və cəmiyyəti narahat edən məsələlərin müzakirəsini aparmaq, bununla bağlı aidiyyəti  qurumlara müvafiq təkliflər hazırlamaqdır. Layihə çərçivəsində sektorların elektron şəbəkəsinin qurulması nəzərdə tutulmuşdur.

Məlumat verilmişdir ki, layihənin beş ay müddətində icrası planlaşdırılır. Layihə vasitəsilə QHT-lər və KİV-lər vətəndaş cəmiyyətinin inkişafı naminə qarşılıqlı əməkdaşlıq imkanları əldə edəcəklər. Layihə çərçivəsində müxtəlif sahələrdə mövcud çatışmazlıqlar müzakirə ediləcək, onların aradan qaldırılması yolları araşdırılacaq, təkliflər veriləcək, MQF sektorları və dövlət qurumları arasında əməkdaşlıq gücləndiriləcəkdir.

Sonra tədbirdə layihə ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 5.