İstiqlal
şairinin özü və sözü
Əhməd Cavad - 120
Əhməd Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni, "Çırpınırdın Qara dəniz" (yaxud "Yol ver türkün bayrağına"), "Göy göl" və digər şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu kütləsi, o cümlədən gəncəlilər üçün də çox əzizdir. Çünki o, Şəmkirdə dünyaya göz açsa da, ömrünün çox böyük hissəsi Nizami yurdunda keçmişdir. Şəhərin ən iri təhsil ocaqlarından biri olan 1 nömrəli orta məktəb istiqlal şairinin adını daşıyır. Ona görə də "Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamı Gəncədə də böyük rəğbətlə qarşılandı. Sərəncamla əlaqədar olaraq məktəbdə şairin kitablarından və onun haqqında yazılmış əsərlərdən ibarət sərgi düzəldilib. Ədəbi-bədii gecə keçirilib. Əhməd Cavad şeirlərinin ən gözəl ifaçıları üçün müsabiqə elan olunub.
Cəfakeş həyat sürmüş, fəqət heç vaxt, heç yerdə əyilməmiş, sonda isə repressiya qurbanı olmuş Əhməd Cavad haqqında son illərdə müəyyən qədər yazılıb, onun əsərləri nəşr edilib. Buna baxmayaraq, həyat və yaradıcılığı hələ də lazımınca tədqiq olunmamışdır. Mərhum akademik Bəkir Nəbiyev deyirdi ki, "Sovet hakimiyyəti illərində Azərbaycanda Əhməd Cavadın mükəmməl elmi-tekstoloji araşdırmalar əsasında tərtib olunmuş bircə dənə də sanballı kitabı çap edilməmişdir. Nə qədər kədərli olsa da, belə bir faktı etiraf etmək lazımdır ki, indiyədək əlimizdə Ə.Cavadın müvafiq sənədlər əsasında yazılmış müfəssəl elmi tərcümeyi-halı da yoxdur. Elmimizin bu ağ ləkələrini aradan qaldırmaq, şairin həyat və yaradıcılığını əsaslı şəkildə öyrənmək və əsərlərinin elmi-tənqidi mətnini hazırlayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elmimizin yaxın müddət üçün ən vacib vəzifələrindən biridir".
Bu boşluğun doldurulması üçün digər sənətsevərlərlə bərabər tədqiqatçı-jurnalist Rəhman Salmanlı tərəfindən də müəyyən addımlar atılıb. Onun tərtib etdiyi "Sən ağlama, mən ağlaram..." şeirlər kitabı, "Əhməd Cavad" elmi-publisistik toplusu, habelə "Cümhuriyyət şairi" kitabı nəşr olunub. Yubiley ərəfəsində isə filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlının daha bir töhfəsi işıq üzü görüb. Bu yaxınlarda onun "Əhməd Cavadın yaradıcılıq yolu" kitabı oxuculara təqdim edilmişdir.
Hiss olunur ki, həmin sanballı monoqrafiya uzun illərin, müəllifin gərgin axtarışlarının bəhrəsidir. Burada Əhməd Cavadın ilk gənclik illərindən başlamış ömrünün sonuna kimi həyatı və yaradıcılıq yolu ətraflı təhlil olunur. Monoqrafiyanın elmi dəyərini təhlil etmək mütəxəssislərin işidir. Mən isə bir oxucu kimi bununla bağlı bəzi fikirlərimi söyləmək istəyirəm. Elə məqamlar var ki, ilk dəfə məhz bu kitabda rast gəlirsən. Öncə şairin istiqlal, turançılıq ideyası diqqəti cəlb edir. Kitabı oxuduqca bir daha bəlli olur ki, hələ gənclik illərindən Əhməd Cavadın Türkiyəyə, türkçülüyə xüsusi meyli-məhəbbəti olub. Batumda çalışdığı dövrdə "Xeyriyyə cəmiyyəti"nin məsul katibi kimi Qars, Ərdəhan, Trabzon, Ərzurum, Anadolu bölgələrində geniş iş aparıb. Eyni zamanda Türkiyədə çıxan bir çox qəzet və jurnallarla əməkdaşlıq edib. Həm həyatının, həm də yaradıcılığının bir sıra incə mətləbləri məhz bu monoqrafiya ilə tanış olandan sonra aydınlaşır.
İndiyə kimi müxtəlif mənbələrdə qeyd edilirdi ki, 1913-cü ildə Balkan müharibəsində Türkiyəyə köməyə gedən könüllülər dəstəsinin tərkibində Əhməd Cavadla birgə guya Abdulla Şaiq də var imiş. Bu fərziyyə mətbuatda geniş yer alsa da R.Salmanlı ətraflı araşdırma apararaq əsl həqiqəti üzə çıxarıb. Təkzibolunmaz dəlillərlə sübut edir ki, o zaman Ə.Cavadla Balkan müharibəsində iştirak edən Abdulla Şaiq yox, onun böyük qardaşı Axund Yusifziya Talıbzadədir.
Daha bir
müşkül sual dəqiqləşdirilib. 1923-cü ildə
aparılan kütləvi həbslər zamanı Əhməd
Cavad tutulubmu? Bir sıra tədqiqatçılar deyirlər ki,
bu dalğa o zaman Əhməd Cavaddan yan keçib.
R.Salmanlı həmin məsələni çox dəqiqliklə
araşdırır. Onun əldə elədiyi rəsmi sənədlərdən,
yazılı mənbələrdən və şahidlərin,
eləcə də 1937-ci ildə şairin NKVD-də dindirmə
zamanı özünün dediyi sözlərdən məlum
olur ki, Əhməd Cavad 1923-cü ildə həbs olunub.
Kitabdakı başqa bir məqam da diqqəti cəlb edir. 1937-ci ilin qara tufanı zamanı Əhməd Cavad iyun ayının 4-də müəllimi Hüseyn Cavid və həmyerlisi Vəli Xuluflu ilə eyni gündə, bir gecədə həbs edilib.
Rəhman Salmanlı bir mətləbə də aydınlıq gətirir. Onun araşdırmalarında Əhməd Cavadın təxəllüsünün mənbəyi də açıqlanır. Şair Gəncə seminariyasında oxuyan zaman, Türkiyədən Gəncə seminariyasına müəllim dəvət olunmuş Savad Cavad (Türkiyəli dilçi-alim Əhməd Cavadın qardaşı) tələbəsi Cavad Axundzadəyə xüsusi qayğı göstərib, ona şeirin qayda-qanunlarını öyrədib, dəyərli məsləhətlər verib... Bu şərəfə də Cavad Axundzadə öz təxəllüsünü müəllimi Savad Cavadın qardaşı, o zaman Türkiyədə yaşayan şair Əhməd Cavadın adını özünə təxəllüs götürüb.
Dövlət himni sözlərinin müəllifinin kim olması barədə mətbuatda gedən uzun-uzadı mübahisə və müzakirələrdən hamı xəbərdardır. Himnin müəllifinin Əhməd Cavad olması faktına aydınlıq gətirənlərdən biri də məhz Rəhman Salmanlıdır.
Hər əsərin tarixindən, taleyindən söz açan R.Salmanlı onu da vurğulayır ki, Əhməd Cavad yaradıcılığının zirvəsini təşkil edən "Çırpınırdın Qara dəniz" əsəri də qədim şeir-sənət ocağı olan Gəncədə yaranmışdır.
Kitabda oxucuların xüsusi marağına səbəb olan məqamlardan biri də şairin Şükriyyə sevgisi ilə bağlıdır. Əhməd Cavad Batumda yaşayan türk əsilli acar Süleyman bəy Bejanoğlunun qızını sevir. Elçi yollayır. Süleyman bəy bu izdivaca qətiyyən razılıq vermir. Belə olanda Əhməd Cavad dostları ilə birlikdə Şükriyyəni qaçırıb Gəncəyə gətirir.
Burada el
adətiylə onların toyu olur. Bu sətirləri oxuyanda
neçə il bundan əvvəl əməkdar müəllim
Paşa Hüseynovla söhbət yadıma düşür:
Paşa müəllim dövrün tanınmış
ziyalısı, adlı-sanlı təhsil işçisi idi. Əhməd
Cavadla böyük əlaqəsi, ünsiyyəti olub.
Maraqlı xatirələr danışırdı:
"1908-1912-ci illər idi. Əhməd Cavadla qonşu idik.
Keçmiş Zərrabi küçəsində kirayədə
qalırdı. Sənət məktəbində oxuyurdu.
Taytuş idik. Sözümüz-söhbətimiz tuturdu. Bilirdim
ki, gözaltısı var. Acar qızını sevir. Xəlvəti
şeir yazırdı. Çoxu da sevgidən, məhəbbətdən.
İlk vaxtlar demirdi, oxumurdu heç kəsə. Nəsə
gizlədirdi. Utanırdı, yaman həyalı, çəkingən
idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var,
mütləq gəl. Əlbəttə, getdim. O zaman hələ
çoxunun tanımadığı şairin toyunda iştirak
etdim. Yığcam bir sağlıq da söylədim. Hər
görəndə deyirdi ki, lələ, sən də əməlli
şairsənmiş.
Toydan bir
neçə gün sonra Şükriyyə xanımı Gəncədən
Şəmkirə aparır. Bir müddət Seyfəlidə,
ata yurdu Mehrilidə qonaq qalır. Sonra onlar yenidən Gəncəyə
qayıdırlar".
Əhməd
Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə
sevirmiş. Ömrünün axırına kimi ona etibarlı
ömür-gün yoldaşı, sədaqətli ər olur.
Şükriyyə şairə beş övlad
bağışlayıb. Türk-acar gözəli şairin
ilham mənbəyi idi. Ona yazdığı bir sıra
şeirlər, eləcə də "Şükriyyənamə"
indi də dillər əzbəridir.
Şükriyyənin atası sərt, ötkəm adam idi. Qızına vaxtında xeyir-dua verməmişdi. Lakin aylar-illər keçdikcə ata ürəyi dözmür. Kitabdan bəlli olur ki, Süleyman bəy 20 ildən sonra - 1936-cı ildə qızının sorağı ilə Gəncəyə gəlir. Şükriyyə xanımla, kürəkəni Əhməd Cavadla, nəvələri ilə görüşür. Bir neçə gün Gəncədə qonaq qalandan sonra evinə qayıdır. Beləcə yollar açılır, gediş-gəliş başlanır. Amma bir ildən sonra Əhməd Cavad həyatla vidalaşmalı olur.
Əsl istiqlal fədaisi, cümhuriyyətin əvəzsiz tərənnümçüsü Əhməd Cavad öz sözü, öz dəsti-xətti, öz üslubu olan el-oba vurğunu idi. Onun yaradıcılığında, Türkiyə, Azərbaycan, qədim Gəncə, dağlar gözəli Göy göl və elimizin digər əsrarəngiz guşələri canlı obrazlar səviyyəsinə yüksəlmişdi. Məsələn, Göy gölün heyranlıqla tərənnümü, poetik vüsəti R.Salmanlı demişkən, təbiətin gözəlliyi haqqında musiqisiz mahnıya, əsl himnə bənzəyir:
Kəsin eyşi-nuşi, gələnlər, susun,
Dumandan
yorğanı, döşəyi yosun.
Bir
yorğun pəri var, bir az uyusun,
Uyusun
dağların maralı Göy göl.
Biz Əhməd Cavadın həyat yolunun yalnız bəzi məqamlarını dilə gətirdik. Monoqrafiya isə çox ciddi mətləblərə, istiqlal şairinin zəngin yaradıcılığına həsr olunub. Əhməd Cavadın əsərlərinin ruhunu təşkil edən milli müstəqillik və azadlıq duyğuları, obrazlar, mövzular, ənənələr, düşüncələr, ədəbi-tənqid və publisistika məsələləri kitabda dərindən araşdırılır. Əhməd Cavadın ideya yolu, yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri haqqında ayrı-ayrılıqda geniş söhbət açılır. Kitabın ən üstün cəhəti budur ki, Əhməd Cavadın irsi Azərbaycan, türk ədəbiyyatı kontekstində təhlil olunur. Elmi diskussiyada çox nəzakətli, etikalı, di gəl ki, qətiyyətli, dönməzdir. Bəzi araşdırıcıların yürütdükləri yanlış fikirlər və mülahizələr barədə dərin məntiqlə, yüksək nəzakətlə, dəqiq faktlarla və elmi əsaslarla öz fikirlərini söyləyir, hər hansı bir məsələnin aydınlaşdırılması üçün konkret arqumentləri, faktları, sənədləri ortaya qoyur. Ona görə də Rəhman Salmanlının irəli sürdüyü müddəalar qəbul olunur.
Mərhum akademik Bəkir Nəbiyevin dediyi kimi: bütövlükdə "Əhməd Cavadın yaradıcılıq yolu" ilə tanış olduqda bir daha əmin oldum ki, bu kitab gərgin əməyin məhsulu kimi tədqiqatçının arxiv sənədləri, mətbuat materialları ilə işləmək bacarığını əyani şəkildə sübut edir. Onun elmi mənbələrə yanaşmaq metodu, təhlil və tənqid üslubu rəğbət doğurur.
Bir sözlə, Rəhman Salmanlının yeni kitabı Əhməd Cavadın 120 illik yubileyinə dəyərli töhfədir. Oxucuda yaranan ən böyük təəssürat budur ki, istiqlal şairi Əhməd Cavadın mübariz həyat yolu kimi onun ölməz söz sənəti də bugünkü gənc nəslə əsl nümunədir.
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.- 12 aprel.- S. 7.