...Şakirəm, hüsnünə min dastan qoşum...

 

 Ustad Aşıq Şakirin sənət möhürü vurduğu Azərbaycan radiosunun "Qızıl Fondu"nda saxlanılan "Kəndimiz" mahnısının xoş sədaları ötən illərdən bugünümüzə kimi toyların-məclislərin, el şənliklərinin səs və musiqi bəzəyidir. Təkcə bu mahnı deyil, ilk dəfə ustad Aşıq Şakirin ifasında, səsində pərvazlanmış "Nərgiz", "Nə bağ bildi, nə də bağban", "Maral", "Şirvan şikəstəsi", "İnciməsin" (buna "Şakir gözəlləməsi" də deyirlər), "Səhər-səhər" və s. kimi onlarca məlahətli, şux mahnılar eşidənləri məftun edir.

Aşıq Şakir sənətinin dəyəri bir də ondadır ki, o, həyatda olmasa da, bir vaxtlar xüsusi məharətlə, son dərəcə şirin avazla, şövqlə ifa etdiyi mahnılar toylarda, məclislərdə, el şənliklərində səslənir və sevilir.

Şirvan aşıq mühiti Azərbaycan aşıq sənətinə Aşıq Dostu Şirvani, Aşıq Baba, Aşıq İbrahim, Aşıq Mirzə Bilal, Aşıq Şakir, Aşıq Məmmədağa və sair kimi onlarca ustad sənətkarlar bəxş edib. Əsasən şamaxılı Aşıq Mirzə Bilal ocağından bəhrələnmiş, göyçaylı Aşıq Mürsəldən ustad dərsləri almış Aşıq Şakir Hacıyevin ölməz sənəti heç vaxt təravətdən düşməyən bir xəzinədir. Buna görə də Aşıq Şakirin ölməz xatirəsi sənətsevərlər üçün həmişə əzizdir, unudulmazdır.

Aşıq Şakir qısa ömür yaşadı, amma özündən sonra böyük bir sənət irsi qoyub getdi. Aşıq Şakir Şahverdi oğlu Hacıyev 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olub. Şakirin lap kiçik yaşlarından aşıqlıq sənətinə böyük həvəsi olduğunu hiss edən atası onu göyçaylı Aşıq Mürsələ şəyird verib.

1941-ci ildə İkinci Dünya savaşı başlananda cəbhəyə yola düşən Şakir sazını silahla əvəz edib. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Kürdəmirə gələn Şakir rayon mədəniyyət evində işə başlayıb. Ömrünün axırınadək aşıq sənəti ilə məşğul olub, məlahətli səsi, gözəl ifaları ilə qısa müddətdə tanınıb, şöhrətlənib. 1950-ci ildə Azərbaycan Respublikası Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən Aşıq Şakirə "Xalq aşığı" fəxri adı verilib.

Aşıq Şakir 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O vaxtlar Şakir aşıq kimi yeganə şəxs idi ki, deputatlıq mandatı məhz ona nəsib olub.

1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayına nümayəndə seçilib. Azərbaycanın sənət korifeylərinin - Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Mirzə İbrahimovun iştirak etdiyi qurultayda Aşıq Şakir də məruzə ilə çıxış edib.

Vaxtilə Azərbaycanın Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüklərində istedadlı sənətkar kimi Aşıq Şakir də respublikamızı layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. Azərbaycan mədəniyyətinin  inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Aşıq Şakir Hacıyevə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. Həmin il Aşıq Şakir Ümumittifaq özfəaliyyət incəsənət festivalının respublika baxışında, eləcə də 1972-ci ildə keçirilmiş respublika miqyaslı təntənəli müsabiqədə I dərəcəli diplomla təltif olunub.

Aşıq Şakir iki dastanın, 20-dək qoşma, gəraylı və müxəmməsin müəllifidir.

Bir vaxtlar yaşadığı küçəyə, eləcə də Kürdəmir rayonundakı mədəniyyət evlərindən birinə ustadın adı verilib. O, 1979-cu il aprelin 10-da 57 yaşında vəfat edib.

Aşıq Şakirin anadan olmasının 90 illiyi münasibətilə Ağsu rayonunun mədəniyyət sarayında geniş mərasim keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Ağsu Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi mərasimi giriş sözü ilə muzeyin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov açaraq Aşıq Şakir Hacıyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov, akademik Vasim Məmmədəliyev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, folklorşünas alim Elxan Məmmədli çıxış edərək Aşıq Şakirin təkrarolunmaz yaradıcılıq xüsusiyyətlərindən danışaraq ölməz sənətkar haqqında xatirələrini söyləyiblər.

Xalq artisti Mələkxanım Əyyubova, ustad Şakirlə bir vaxtlar sənət yoldaşlığı etmiş Aşıq Yanvar, əməkdar mədəniyyət işçiləri Aşıq Əhliman Şirvanlı və Aşıq Ağamurad Mərzəngəli, respublika aşıq  müsabiqəsinin qalibi Əli Tapdıqoğlu, Aşıq Məhəmməd Şirvanlı, muğam müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Nigar Şabanova, ustadın nəvəsi Babək Şakirli yubiley mərasimində bir vaxtlar onun oxuduğu mahnılardan, eləcə də xalq mahnılarından və muğam parçalarından nümunələri ifa ediblər.

Aşıq Şakirin oğlu Ağaməhəmməd Hacıyev ustad sənətkarın xatirəsinə göstərilən ehtirama, eləcə də ölkəmizdə mədəniyyətə, o cümlədən ulu aşıq sənətinin inkişafına göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Mərasim iştirakçıları Aşıq Şakirə həsr olunmuş sənədli filmə baxıblar, ustad sənətkarın həyat və yaradıcılığını əks etdirən xatirə-muzeydə olublar.

 

 

Tofiq ABDULLAYEV

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 7.