Kollegiya iclasında musiqi kollektivlərinin fəaliyyəti müzakirə olunmuşdur

 

 Aprelin 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında (ADF) Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kollegiyanın növbəti iclasının M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 2008-2011-ci illər ərzində fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirmişdir.

Nəzərə çatdırılmışdır ki, ölkə ictimaiyyətinin diqqət mərkəzində olan bu iki müəssisənin fəaliyyəti bütövlükdə Azərbaycanın musiqi həyatına böyük təsir göstərir. Bu musiqi kollektivləri mədəniyyətimizin dərin köklərini və müasir dövrünü əhatə edən proqramlarla çıxış edərək ölkəmizin dünyada tanıdılmasında aparıcı rol oynayırlar.

 Vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin,  ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük diqqət və qayğıları  sayəsində ölkəmizin mədəniyyəti dünyada uğurla təbliğ olunur. On il bundan qabaqkı dövrlə müqayisə etsək, görərik ki, həm musiqi kollektivlərinin xarici ölkələrdə çıxışlarının, həm də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı artmışdır. Bu baxımdan M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının fəaliyyətinin müzakirəsi vacibdir.

Nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 2008-2011-ci illər ərzində fəaliyyəti barədə geniş məlumat vermişdir. O, ADF-nin tərkibində fəaliyyət göstərən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, Azərbaycan Dövlət xor kapellasının, F.Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin, Azərbaycan Dövlət simli kvartetinin və Azərbaycan Dövlət rəqs ansamblının ölkə daxilində və xaricində keçirilən dövlət əhəmiyyətli tədbirlərdə uğurlu çıxışlarından danışmışdır. Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq gənclər simfonik orkestrinin, kamera orkestrinin, uşaq xalq çalğı alətləri orkestrinin, caz, estrada, xor və rəqs ansambllarının bu illər ərzində qazandığı uğurlar nəzərə çatdırılmışdır.

İclasda nazirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə musiqi kollektivlərinin aparıcı orkestrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mütəmadi olaraq xarici ifaçılar və rejissorlarla prosesinin təşkili məqsədi ilə reallaşdırılan beynəlxalq layihələr haqqında da ətraflı məlumat verilmişdir.

Kollegiya üzvləri məruzə və çıxışları yüksək qiymətləndirmiş və musiqi kollektivlərində çalışanlara işlərində uğurlar arzulamışlar.

 

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 7.