“Azərsun-Holdinq”
MMC-nin Qazax konserv zavodu istifadəyə verilmişdir
Prezident İlham Əliyev
aprelin 12-də kənd
təsərrüfatı məhsulları
emal edən "Azərsun-Holdinq" MMC-nin
Qazax konserv zavodunun açılışında
iştirak etmişdir.
Məlumat verildi ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi
üçün İqtisadi
İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli
kredit verilmişdir. Zavod meyvə-tərəvəzin dondurulması,
çoxçeşidli kartof
məhsullarının istehsalı
sexləri, soyuducu anbar və digər
yardımçı binalardan
ibarətdir. Ümumi
sahəsi 4,7 hektar olan müəssisədə
bütün infrastruktur,
mühəndis qurğuları
ən müasir səviyyədə qurulmuşdur.
Zavodun fəaliyyətə başlaması
respublikamızda meyvə-tərəvəz
istehsalının artmasına,
daxili bazarın yüksək keyfiyyətli
məhsullarla təmin
olunmasına şərait
yaradacaqdır.
"Azərsun-Holdinq"in idarə heyətinin sədri Abdulbari Gozel bildirdi ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları
əsasında inşa
olunan zavodun tikintisinə ötən ilin yanvarında başlanılmış, bu
ilin aprelində sona çatdırılmışdır. Müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə
1996-2011-ci illərdə "Azərsun-Holdinq"ə məxsus
müəssisələrin açılışlarını
əks etdirən fotoguşə yaradılmışdır.
Dövlət başçısı müəssisədə meyvələrin
dondurulması sahəsi,
avadanlığın yerləşməsi
və kartof çipsi istehsalı layihələri ilə tanış oldu.
Qeyd edildi ki, hazırda zavodda on növ meyvə 18 dərəcədə
dondurulmuşdur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu
və tərəvəz
istehsalı nəzərdə
tutulmuşdur. İkinci
mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu
və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır.
Bu istehsal xətti
Qafqazda yeganə olmaqla, tam yetişdirilən
meyvə və tərəvəzləri tez
dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən
fəslində istifadəyə
hazır vəziyyətdə
istehlakçıya təqdim
etməyə imkan verəcəkdir. İstehsal
xəttinin üstünlüyü
ondan ibarətdir ki, mənfi 40-45 dərəcə
temperaturda ani donma zamanı meyvələrin tərkibində
yaranan buz kristalları çox kiçik ölçüdə
olduğundan hüceyrə
divarı partlamır və bu səbəbdən
meyvələrin buzu əridiyi zaman adi donmadan fərqli
olaraq, şirəsi axmadan formasını və dadını tam təbii, olduğu kimi saxlayır.
Sonra Prezident
İlham Əliyev çipsi istehsalı və meyvə-tərəvəzin
dondurulmasını əks
etdirən qısa filmə baxdı.
Azərbaycan Prezidenti dövlətin
güzəştli krediti
hesabına Gəncə-Qazax
iqtisadi rayonu üzrə maliyyələşdirilən
və maliyyələşdirilməsi
nəzərdə tutulan
investisiya layihələrini
əks etdirən stendlə də tanış oldu.
İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə 2 min 351 sahibkarlıq
subyektinə 83,2 milyon
manat, o cümlədən
yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə
38,7 milyon manat güzəştli kreditin verildiyini bildirdi. Bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri
açılmışdır. Güzəştli kredit hesabına
maliyyələşdirilən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsindən 15-i istifadəyə
verilmişdir ki, bu da müxtəlif
sahibkarlıq sahələrini
əhatə edir.
Diqqətə çatdırıldı ki,
həyata keçirilən
layihələr nəticəsində
regionda məşğulluğun
səviyyəsi artmış,
müasir texnologiyalara
əsaslanan yeni istehsal, emal müəssisələri yaradılmış,
rəqabətqabiliyyətli və ixracyönümlü
məhsulların istehsalına
başlanılmışdır.
Sonra dövlətimizin başçısı
müəssisənin laboratoriyası
ilə tanış
oldu.
Bildirildi ki, keyfiyyətə nəzarət laboratoriyasının
əsas fəaliyyəti
istehsal edilən bütün məhsulların
fiziki, kimyəvi və orqanoleptik göstəricilərinin sınağını
aparmaqdır. Müasir avadanlıq və
kimyəvi maddələrlə
təchiz edilən laboratoriyada zavoda daxil olan bütün
xammalın analizi aparılır, keyfiyyəti
yoxlanılır.
Prezident
İlham Əliyev laboratoriya ilə tanış olduqdan sonra müəssisəni işə saldı və istehsal prosesini izlədi.
Məlumat verildi ki, istehsal
olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də
ixrac ediləcəkdir. Xammal bazası
yerli istehsalla yanaşı, Gürcüstanın
azərbaycanlıların yığcam
yaşadığı bölgələrindən
də tədarük olunur. Bu isə
öz növbəsində
qonşu ölkədə
yaşayan həmvətənlərimizin
işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaşmasına
imkan verəcəkdir.
Layihələrin icrası nəticəsində
158 nəfər işlə
təmin olunmuşdur.
Zavod istismar müddəti başa çatmış
köhnə tikililərdən
ibarət avtomobil bazasının ərazisində
inşa olunmuşdur.
Bu ərazidə 1994-cü ildən məskunlaşan
17 məcburi köçkün
ailəsinin yaşayış
səviyyəsinin yaxşılaşdırılması
məqsədi ilə onların yeni inşa olunmuş mənzillərə köçürülməsi
və zavodda işlə təmin edilməsi nəzərdə
tutulmuşdur.
Sonra Prezident
İlham Əliyev zavodun işçiləri
ilə söhbət etdi.
Dövlət başçısını salamlayan zavodun işçisi dedi: Xoş gəlmisiniz, hörmətli Prezidentimiz!
Sizi görməyimizə şadıq.
Çox
yaxşı şəraitimiz
vardır. Çox
sağ olun!
Prezident
İlham ƏLİYEV: Çox
yaxşı.
Zavodun işçisi: Aylıq maaşımız vaxtında
verilir. Ayda bir dəfə
ərzaq payı alırıq. İşə gəlib-getmək üçün
nəqliyyatımız, hər
cür şəraitimiz
vardır. Çox
sağ olun,
kollektivimiz adından bir daha Sizə
təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sizi
təbrik edirəm və uğurlar arzulayıram.
Zavodun işçisi: Cənab Prezidentimiz! Sizi görməyimizə çox şad olduq. Sevincimizin həddi-hüdudu yoxdur. Ümummilli liderimiz də
Qazaxa gələrdi, bizimlə maraqlanardı.
O, bizim qayğımıza
qalardı. Bu qayğını
bu gün Sizin simanızda
görürük və
Sizə öz təşəkkürümüzü bildiririk. Bu gün Qazax rayonu Sizin
sayənizdə gündən-günə
gözəlləşir, yeni
iş yerləri açılır, istirahət
parkları salınır.
Gənclər Mərkəzinə görə də Sizə Qazax camaatı adından çox dərin təşəkkürümüzü bildiririk. Allahdan Sizə və
ailənizə uzun ömür, möhkəm cansağlığı arzu
edirik. Sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ
olun. Sizi təbrik edirəm.
Bu, gözəl müəssisədir. Mən çox
şadam ki, burada işləyənlərin
əksəriyyəti qadınlardır.
Qadınları da işlə
təmin etməliyik.
Gənc ölkəmizdə böyük
işlər gedir, işsizlik aradan qaldırılır. Görürəm ki, burada qadınlar
əksəriyyət təşkil
edir. Özü də əksər
qadınlar gənclərdir.
Aranızda orta nəslin
nümayəndələri də
vardır. Yaxşı
maaş verilir, yaxşı iş şəraiti vardır. Müasir müəssisədir. Həm sizin üçün, həm bölgə üçün, həm də dövlət üçün çox vacib olan sahədir.
Əvvəlki dövrlərdə biz əsas
ərzaq məhsullarını
idxal edirdik, idxaldan asılı idik. İndi özümüz özümüzü təmin
edirik və ixrac imkanlarımız da vardır. Bu məsələdə həm dövlət, həm özəl qurumlar, həm də yerli icra
orqanları bir yerdədirlər. Dövlət
dəstək göstərir,
kreditlər ayırır,
özəl qurumlar bu dəstəkdən faydalanaraq vəsait qoyurlar, həm dövlətdən alınan
kreditlər və həm də öz vəsaitləri hesabına iş yerləri açırlar.
Yerli icra orqanları isə işlərin daha yaxşı getməsi üçün
bütün lazımi
şəraiti yaradırlar.
Bu gün burada, bəlkə də yüzlərlə insan işləyir.
Gələn il Qazaxda böyük sement zavodu işə
salınacaqdır. Orada
da təqribən 600 yeni iş yeri
açılacaqdır. Yəni bu
cür faktlar çoxdur. Mən istəyirəm bütün
qərb zonasında belə gözəl müəssisələr yaradılsın
ki, həm insanlar yaxşı maaş alsınlar,
işləsinlər, həm
də ölkəmiz inkişaf etsin. Belə müəssisələrin yaradılmasında
biz bir neçə vacib məqsədi nəzərə alırıq
və ona çatırıq. İşsizlik aradan qaldırılır,
yerli istehsal artır, biznes qurumları fəaliyyətlərini
genişləndirirlər. Qeyri-neft sektoru inkişaf edir, idxalı əvəzləyən yerli
məhsul istehsal olunur və ölkəmizin uğurlu inkişafı təmin edilir.
İndi bütün ölkəmizdə
soyuducu anbarlar tikilir. Əgər tikilməsəydi, o məhsullar bata bilərdi. Yəni kəndli zəhmət
çəkib məhsul
istehsal edir, sonra da saxlamağa
yeri olmadığı
üçün mallar
batır. İndi gətirir
verir soyuducu anbarlara, orada saxlayırlar. Bunun istehlak
qiymətlərinə də
çox müsbət
təsiri vardır.
Əgər bu mallar boldursa, deməli, istehlak qiymətləri də normal səviyyədə
olacaqdır. Sağ
olun, Sizə uğurlar arzulayıram.
* * *
Dövlət başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzuladı, tapşırıq
və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 13 aprel.- S. 2.