“Eurovision” kimi nüfuzlu
mədəniyyət layihəsindən siyasi
məqsədlər naminə istifadə etmək cəhdləri
heç bir əxlaq
normasına sığmır
Aprelin 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Eurovision-2012": Azərbaycan həqiqətləri yerli və xarici mediada" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın aparıcı kütləvi informasiya vasitələri rəhbərləri və məsul əməkdaşlarının iştirak etdikləri tədbirdə bu ilin mayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinə hazırlığın gedişi, bu möhtəşəm mədəniyyət bayramı ilə əlaqədar görülmüş işlərin və qarşıda duran vəzifələrin yerli və xarici ölkə KİV-lərində işıqlandırılması məsələləri ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.
Bildirilmişdir ki, son illər bir sıra beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək sahəsində zəngin təcrübə toplamış ölkəmizdə 57-ci "Eurovision" mahnı müsabiqəsinin də əsl mədəniyyət bayramının təntənəsinə çevrilməsi üçün genişmiqyaslı hazırlıq işləri aparılır. Müsabiqənin təşkilatçıları olan beynəlxalq və Avropa qurumlarının, o cümlədən Avropa Yayımları Birliyi (EBU) rəhbərlərinin də dönə-dönə qeyd etdikləri kimi, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq sahəsində indiyədək görülmüş işlər qarşıdakı şounun möhtəşəmliyi və ecazkarlığı ilə özündən əvvəlkilərdən qat-qat üstün olacağı qənaətinə gəlməyə tam əsas verir.
Çıxış edənlər, həmçinin Azərbaycanın ötən ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision" mahnı müsabiqəsində parlaq qələbə qazanaraq növbəti yarışmaya ev sahibliyi etmək hüququ qazanmasından sonra xarici KİV-lərdə ölkəmizə marağın xeyli artdığını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, məhz bu marağın məntiqi nəticəsi olaraq son bir ildə xarici KİV-lərdə ölkəmiz haqqında çoxsaylı materiallar dərc olunur. Qəzet, jurnal səhifələrində, televiziya ekranlarında, radio dalğalarında, internet resurslarında geniş yer alan bu yazıların əhəmiyyətli qisminin pozitiv ruhlu olduğunu diqqətə çatdıran "dəyirmi masa" iştirakçıları, bununla belə Avropanın bir sıra yazılı və elektron KİV-lərində bəzi hallarda Azərbaycanla bağlı gedən materiallarda obyektiv mövqenin nümayiş etdirilmədiyini təəssüf hissi ilə vurğulamışlar.
"Dəyirmi masa"da Azərbaycanın 70-dən çox KİV-lərinin, o cümlədən nüfuzlu qəzetlərin, jurnalların, informasiya agentliklərinin, telekanalların, radioların, internet xəbər portallarının rəhbərləri və məsul əməkdaşlarının imzaları ilə "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları olan ölkələrin KİV-lərinə müraciət qəbul olunmuşdur.
Müraciətdə bildirilir ki, Şərqdə ilk demokratiya nümunəsi olan Azərbaycan Respublikası ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra demokratik, plüralist medianın formalaşdırılması qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə Azərbaycanda senzuranın, 2000-ci ildə isə mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra azad media mühitinin formalaşdırılması sürətlə inkişaf edən prosesə çevrilmişdir. Nəticədə kütləvi informasiya vasitələrinin təsis edilməsi sadələşdirilmiş, hər bir vətəndaşa özünün qəzetini, jurnalını və ya informasiya agentliyini yaratmaq imkanı verilmişdir. Təsadüfi deyildir ki, ərazisi 86,6 min kvadratkilometr təşkil edən və 9 milyon əhalisi olan Azərbaycanda hazırda 4700-dən artıq KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Ölkədə 300-ə yaxın qəzet, 100-ə qədər jurnal, 30-dan çox informasiya agentliyi, 50-yə yaxın elektron KİV-lər fəaliyyət göstərir.
Müraciətdə avropalı jurnalistlərin diqqətinə belə bir vacib məlumat çatdırılır ki, postsovet məkanında ilk dəfə olaraq 2003-cü ildə Azərbaycanda medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurası yaradılmışdır. Şura bu müddət ərzində media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin qurulması və inkişafında bir sıra uğurlara imza atmışdır. Hazırda Azərbaycanda medianın kifayət qədər liberal qanunvericilik bazası mövcuddur. KİV sahəsindəki hüquqi-normativ aktlar beynəlxalq standartlara tam cavab verir.
Qeyd olunur ki, KİV-lərə dövlət dəstəyi Azərbaycanın media ilə bağlı qanunvericiliyinin spesifik cəhətlərindən birini təşkil edir. 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlı sənədin təsdiqlənməsindən sonra KİV-lərin inkişafına dövlət dəstəyinin mexanizmləri formalaşdırılmışdır. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun əsas məqsədi medianın iqtisadi müstəqilliyini gücləndirmək, çoxsaylı KİV-lərin müasir bazar münasibətlərinə uyğunlaşmasını dəstəkləməkdir.
Sənəddə göstərilir ki, bu gün xarici KİV-lərdə Azərbaycan haqqında çoxsaylı materiallar dərc edilir. Onların bir qismi pozitiv ruhludur. Lakin təəssüf ki, dünyanın bir sıra KİV-lərində Azərbaycanla bağlı gedən materiallarda obyektiv mövqe nümayiş etdirilmir, jurnalistikanın təməl prinsipləri olan tərəfsizliyə və qərəzsizliyə etinasız yanaşılır.
Müraciəti imzalayanlar bildirirlər ki, biz Azərbaycan həqiqətlərinin, ölkədəki real vəziyyətin müəyyən daxili və xarici maraqlı dairələrin süzgəcindən keçərək deyil, obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, dünyanın aparıcı KİV-ləri Azərbaycan haqqında materiallar verərkən təkcə neqativ halları qabardaraq birtərəfli mövqe tutmasınlar, həm də görülən işlər barədə danışsınlar. Materiallarda söz və mətbuat azadlığı mühitinin daha da dərinləşməsi, demokratik medianın formalaşması üçün siyasi iradə və cəmiyyətin istəyinin olması, bu məqsədlə əməli tədbirlərin həyata keçirilməsi başlıca meyar kimi götürülsün.
Müraciətdə diqqətə çatdırılır ki, bu il Azərbaycan 20 illik müstəqillik tarixində ilk dəfə Avropanın ən nüfuzlu mədəni hadisələrindən olan "Eurovision-2012" mahnı müsabiqəsini keçirməyə hazırlaşır. Hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir və cidd-cəhdlə dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv və hərtərəfli məlumat verməyə çalışır. Biz fürsətdən istifadə edərək vahid Avropa ailəsini milli dəyərlərimiz, qədim keçmişimiz, adət-ənənələrimiz və müasir həyatımız haqqında məlumatlandırmaq istəyirik.
Lakin onu da təəssüflə qeyd etməliyik ki, bəzi dairələr Avropanın bu mühüm mədəni tədbirini siyasiləşdirməyə, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Hesab edirik ki, bu mədəni hadisədən çirkin siyasi məqsədlər üçün yararlanmaq cəhdləri Avropa Yayım Birliyi kimi nüfuzlu təşkilata, "Eurovision" müsabiqəsində iştirak etmək hüququ qazanmış şəxslərə, ölkəmizə gələcək on minlərlə xarici vətəndaşa, milyonlarla avropalıya qarşı hörmətsizlikdir. "Eurovision" yarışmasının tarixinə nəzər saldıqda, aydın görünür ki, bu mədəni hadisə heç vaxt siyasiləşdirilməmiş və ondan heç bir dövlətə və xalqa qarşı təzyiq vasitəsi kimi istifadə edilməmişdir. Buna görə də biz haqlı olaraq soruşuruq: 2011-ci ildə Düsseldorfda gərgin mübarizə şəraitində halallıqla qələbə qazanmış Azərbaycana qarşı bu əsassız təzyiqlərin məqsədi nədir? Nəyə görə Bakıda bir neçə ildir davam edən, ölkəmizin "Eurovision"da qalib gəlməsindən xeyli əvvəl başlamış və bu yarışma bitdikdən sonra da davam edəcək genişmiqyaslı quruculuq və abadlıq işləri mahiyyəti üzrə deyil, insan haqlarının pozulmasına səbəb olan tədbir kimi qiymətləndirilir, üstəlik "Eurovision" ilə də əlaqələndirilir? Buna görə də biz sizləri Avropada süni şəkildə Azərbaycan haqqında yanlış rəy formalaşdırmaq cəhdlərində iştirak etməməyə, bütün məsələləri obyektiv dəyərləndirməyə çağırırıq.
Müraciətin sonunda
Azərbaycanın kütləvi informasiya
vasitələrinin təmsilçiləri ölkəmiz
haqqında yanlış məlumatlarla dolu
yazı hazırlayan avropalı həmkarlarını
paytaxtımız Bakıda keçiriləcək
"Eurovision-2012" mahnı müsabiqəsinə dəvət
edirlər. Əmin olduqlarını bildirirlər ki, Azərbaycanı
görmək və ölkəmizin reallıqları ilə əyani
şəkildə tanış olmaq
onların məlumatlılığını genişləndirəcək və
yanlış təsəvvürlərinin dəyişməsinə
səbəb olacaqdır.
Azərbaycan.- 2012.- 13 aprel.- S. 3.