Parisdə “Bakıya uçuş:
Müasir Azərbaycan incəsənəti” sərgisi
açılmışdır
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak etmişdir
Parisdə
Heydər Əliyev Fondunun və "Baku" jurnalının
ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı
ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti"
mövzusunda sərginin açılışı olmuşdur.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun
vitse-prezidenti Leyla xanım Əliyeva, o cümlədən
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik
Mitteran mərasimdə iştirak etmişlər.
"Bakıya
uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi
Londondan sonra bu dəfə Parisdə
açılmışdır. Sərgiyə olan marağı
Fransa paytaxtının mərkəzi küçələrində
vurulan reklam lövhələrindən də görmək
olurdu.
Heydər
Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından
tanıdılması istiqamətində həyata keçirdiyi
tədbirlər sırasında xüsusi əhəmiyyəti
olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində
açıldı. Bu da Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərində
mədəniyyətimizin təbliğinin prioritet istiqamət
olduğunu bir daha təsdiqlədi.
Leyla
xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin
qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin
uğurlu təqdimatı kimi də qiymətləndirmək
olar.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə
çıxış edərək bildirdi ki, sərgidə
nümayiş olunan əsərlərdəki dinamizm və
yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin
böyük bir hissəsini əks etdirir. "Mənim ölkəm
misli görünməmiş inkişaf dövrü
yaşayır və bu, özünü müasir incəsənət
sahəsində daha da qabarıq göstərir" - deyən
Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixindən,
eləcə də indi Parisdə də satışda olan
"Baku" jurnalından danışdı, bu nəşrdə
gənc rəssamlara da yer ayrıldığını
vurğuladı.
Leyla
xanım Əliyeva sərgidə təqdim edilən əsərlər
və rəssamlar haqqında məlumat verərək dedi:
-
Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri
gəncdir, bu işə yeni başlayıblar, bəziləri
isə bu sənətlə çoxdan məşğul olurlar
və tanınmış rəssamlardır. Bizim burada 100-dən
çox əsərimiz - videolar, installyasiyalar, rəsm əsərləri,
performanslar və fotoşəkillər nümayiş olunur.
Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin
əksəriyyəti məhz "Bakıya uçuş" sərgisi
üçün yaradılmışdır və ilk dəfədir
ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada
nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda
da təşkil edəcəyimizə ümid vardır və sərgiyə
Bakıda yekun vuracağıq.
May
ayında Bakının "Eurovision" mahnı müsabiqəsinə
ev sahibliyi edəcəyini deyən Leyla xanım Əliyeva mərasimdə
iştirak edənləri şəhərimizə və onun
gözəlliklərini görməyə dəvət etdi.
Sərginin
kuratoru Erve Mikaeloff isə vurğuladı ki, bu sərgi zənginliyi
ilə diqqət çəkir və burada təqdim edilən əsərlər
orijinallığı ilə seçilir. "Azərbaycan incəsənətinin
dərin tarixi kökləri vardır" - deyən Erve
Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada
daha yaxşı tanıdılmasına kömək etdiyini
vurğuladı. O, bu sərginin keçirilməsində
böyük əməyi olan Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlığını
bildirdi.
Sonra
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva,
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik
Mitteran "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti"
sərgisi ilə tanış oldular.
Sərginin
iştirakçıları arasında Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır.
Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə
rus və ingilis dillərində işıq üzü görəcək
"Biri var idi, biri yox" nağıl kitabında istifadə
ediləcəkdir. Leyla xanım Əliyevanın müəllifi
olduğu "Nar", "Nar ağacı", "Həyat
davam edir" və digər rəsm əsərləri də
orijinallığı ilə iştirakçıların qəlbinə
yol tapır.
Sərgidə
gənc rəssamlardan Aida Mahmudovanın əsəri də
üslubu ilə iştirakçıları özünə cəlb
edə bildi. Müəllif əsərində keçmiş həyatı,
rastlaşdığı hadisə və hissləri indiki
zamanda təqdim edir.
Bundan
əlavə, sərgidə tanınmış rəssamlar Altay
Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov,
ümumilikdə 21 müəllifin təsviri incəsənət,
qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi
müxtəlif istiqamətlərdə işləri təqdim
edilir. Əsərlərin hər biri orijinallığı, bədii
üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli
avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri
müasir Azərbaycan incəsənətinin özəlliyindən
xəbər verir. Orijinal zövqün, maraqlı
düşüncənin, incə ruhun təcəssüm
tapdığı əsərlərin bir məkanda təqdim
olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə
texnologiyaları diqqət çəkir.
Sərgidə,
həmçinin müxtəlif illərdə Venesiya Biennalesində
Azərbaycanı təmsil edən rəssamların, eləcə
də xarici ölkələrdə yaşayan gənc
fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə
iştirak edən sənət adamlarının əsərləri
də nümayiş olunur. Buradan aydın görünür ki,
Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə
çıxarmaq istiqamətində
reallaşdırdığı bu layihələr nəticəsində
zəngin Azərbaycan mədəniyyəti ilə
yanaşı, ölkəmizin istedadlı gəncləri də
dünyada tanınır və qəbul edilir.
Bu
orijinal sərgidə nümayiş olunan əsərlər bir
daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və
o, heç bir məhdudiyyət tanımır. Avanqard
çalarlar ilə zəngin olan bu sərginin ovqatı həm
də onu təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə
və sənətə hər zaman böyük diqqət
olmuşdur. Ölkəmizdə mədəniyyətin
inkişafı üçün daha münbit şəraitin
yaradılması, mədəniyyət və incəsənət
nümayəndələrinin azad yaradıcılıq
imkanlarının təmin edilməsi yolunda müntəzəm
tədbirlər həyata keçirilir.
Beləliklə,
Parisdə açılan sərgi Azərbaycan mədəniyyətinin
və milli bənzərsizliyimizin nümayişi
üçün daha bir imkan oldu. Yüzlərlə xarici vətəndaş
mədəniyyətimizin zəngin və sehirli aləmini heyranlıqla
seyr etdi. Aprelin 21-dək davam edəcək bu
genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə
göstərilən maraq deməyə əsas verir ki, bu tədbirin
uğuru Parisin mədəni həyatında geniş əks-səda
doğurdu və əsl hadisəyə çevrildi. Bu cür sərgilərin
gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və
Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.
* * *
Sonra
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
adından sərgidə iştirak edən qonaqların şərəfinə
ziyafət verilmişdir. Ziyafətdə birinci xanım Mehriban Əliyeva
və Fransanın mədəniyyət və kommunikasiya naziri
Frederik Mitteran çıxış etmişlər.
(Tədbirdən
geniş hesabat qəzetin növbəti nömrəsində dərc
ediləcəkdir).
Əsgər ƏLİYEV
Azərbaycan.- 2012.- 13 aprel.- S. 4.