Ruhumuzun ünvanı Şuşa

 

Şuşanın işğalından 20 il ötür

 

 Bir millətin övladı kimi harada doğulmağımızdan asılı olmayaraq özümüzü şuşalı saymalıyıq. Elə şuşalı olmaq üçünbu şəhərdə dünyaya göz açmaq əsas şərt deyil. Çünki xalq yazıçısı Anarın təbirincə desək, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir. Mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri bu salnamənin Şuşa səhifəsində şah sütunlarda xüsusi kursivlə həkk edilib. Bu bəxtəvərliyi, bu şöhrəti, eləcə də sonradan üzləşdiyimiz möhnəti də yazan Allahdır. Bizi sevindirən, ucaldan Tanrı xalqımızı elə bu ağır sınağa bəlkə də ona görə çəkib ki, sədaqətimizlə, şücaətimizlə, vətənpərvərliyimizlə, Şuşaya əbədi bağlılığımızla qalib çıxaq. Bir daha düşmənə kimliyimizi göstərək. "Tərlan oylağında sar ola bilməz" - deyək!

 

Şuşa xalqımızın milli xarakteridir

 

Onu Azərbaycanın emblemi adlandıranlar bir məsələni də unutmasınlar ki, Şuşa həm də Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Yer üzündə analoqu olmayan səslər muzeyidir. Vaxtilə dünyanın müxtəlif ölkələrindən gələn səyyahlar bu şəhər haqqında yazanda mütləq onu Yer üzünün canlı muzeyi adlandırıblar. Bu muzeyin eksponatları isə Cıdır düzü, Ərimgəldi qayası, Qırxpilləkən, Qırxçanaq qala, İsa bulağı, Sarı baba, Xan qızı bulağı, TopxanaE və başqalarıdır.

Yaxşı deyiblər ki, bütün xalqların həyatında musiqi ilə şeir əkiz doğulub. Qaynayıb qarışaraq mənəvi sərvətə çevrilib. Qarabağ muğamın beşiyidir. Bu milli sərvətin sarı simi isə Şuşadır. Şuşa haqqında yaranan şifahiklassik poeziya nümunələrində şəhərin adı Şişə kimi vəsf edilib: "Misli yoxdur Şişənin", "Şişədir cənnət mənə", "Cənnətdir Şişənin İsa bulağı", "Pənahabad olan Şişəm, səni kim eylədi bərbad", "Şişənin vardır gözəl, ahu baxışlı qızları". Bunlar da səbəbsiz deyildir. Şuşa, əslində, şiş qayaları ilə diqqət çəkən dağların qoynunda yerləşir. Tarixi mənbələrdən məlumdur ki, XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir üç tərəfi sıldırım qayalarla, dərin uçurumlarla, dərələrlə əhatə olunan hündür, əlçatmaz bir yerdə Şuşa qalasının əsasını qoyaraq onu Qarabağ xanlığının inzibati paytaxtına çevirib. Şəhər ilk vaxtlar onun yaradıcısının adı ilə "Pənahabad", sonralar "Qala" adlandırılmağa başladı. Qalanın indiki adı onun coğrafi mövqeyi və mənzərəsi ilə bağlı olaraq yaranıb. Şəhər şişuclu nəhəng bir sal qaya - otuz dörd kvadratkilometrlik bir sahədə yerləşdiyinə görə əvvəllər "Şişə" adlanmış, sonra isə bu söz Şuşa kimi formalaşmışdır. Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün onun ətrafına 3,7 kilometr uzunluğunda müdafiə hasarı çəkdirmişdi. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdi. Qala divarlarında hər 50 metrdən bir iri və əzəmətli döyüş bürcləri ucaldılmışdı. Qalanın baş girəcəyində - şimal tərəfdə Gəncə qapısı, qərb tərəfdə isə İrəvan qapısı açılırdı. Sonralar İbrahimxəlil xan şəhəri böyütmək üçün qalanın şərq hissəsində yeni yaşayış və sənətkarlıq məhəllələri də saldırıb.

Artıq XIX əsrin ikinci yarısında Şuşa Azərbaycanın əsas sənətkarlıq və ticarət mərkəzi kimi nəinki Qafqazda, Yaxın Şərq ölkələrində məşhur idi. Getdikcə daha da gözəlləşən Şuşa Qafqazın dəbdəbəli şəhərlərindən sayılırdı. Qarabağ tacirlərinin səsi, sorağı müxtəlif ölkələrin iri və mədəni şəhərlərindən gəlirdi. Zənginliyinə və ticarət əlaqəsinə görə Şuşa İrəvan, Tiflis, Gəncə, Bakı, Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərlərlə bir sırada dayanırdı.

Şuşadan kimlər keçməyib - dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da...  Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Rus şairi Sergey Yesenin onun gözəlliyini, insanların musiqiyə bağlılığını belə dilə gətirib: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Musiqipoeziya beşiyi adlanan bu qeyri-adi şəhərdə demək olar ki, Azərbaycanın bütün məşhur mədəniyyət xadimləri yaşayıb yaradıblar - Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov... XVIII əsrdə Şuşa şəhərində Vaqif kimi bir şeir tacidarı olub. Burada Qasım bəy Zakir yaşayıb yaradıb. Xan qızı Natəvanın şeir məclisləri dillər əzbərinə çevrilib.

Şərqin ilk dramaturgiyasının bünövrəsi Azərbaycanda qoyulub, eləcə də milli operanın beşiyi də Azərbaycandır. İlk professional orkestrbizim vətəndə dünyaya səs salıb. Həm böyüklər, həm də uşaqlar üçün ilk balet də ölkəmizdə yaranıb. Maraqlıdır ki, bu ölməz sənət abidələrinin bünövrəsini qoyanlar məhz Şuşa ilə bağlı olublar. Bu dilbər diyardan pərvazlanan şəxsiyyətlərdir.

Şərqin, türk dünyasının ən görkəmli memarlarından biri olan Səfi xan Qarabaği Şuşanın yetirməsidir. Mir Möhsün Nəvvab türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam və şair kimi tanınıb. Azərbaycan dramaturgiyasında ilk faciə əsərinin müəllifi Nəcəf bəy Vəzirov da bu torpaqda doğulub. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi nəhəng sənətkarlar Şuşanın havasını udub, suyunu içib, onun gözəlliyindən gücyaratmaq qabiliyyəti alıblar. Üzeyir Hacıbəyli, Soltan Hacıbəyli, Zülfüqar Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov kimi incəsənət xadimlərinin vətənidir Şuşa.

Şuşanı yalnız şeir, muğam, mahnı beşiyi kimi tanımaq çox azdır. Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Vaxtilə onun adını dünyanın ən məşhur sağlamlıq məkanları ilə bir sırada çəkərdilər. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi yaratmaq çox çətindir. Firudin bəy Köçərli yazırdı: "Şuşanın ab-havası safsalamat olmağa görə yaylaq mənziləsindədir. Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlib". Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Sovetlər dövründə dava-dərman təsir etməyən xəstələrə deyərdilər ki: "Get bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın". Neçə-neçə yaşlı insandan bu etirafı eşitmişik: "İndiyə kimi Şuşanın hesabına yaşayıram".

 

 

Şuşa Azərbaycanın mənəviyyat salnaməsidir

 

Bu aynada biz yadlar tapdağında saralan Şuşamızın tarixində adları həkk edilən neçə-neçə etnoqrafın, arxeoloqun, musiqişünasın, nəqqaşın, xəttatın, rəssamın, memarın pəjmürdə ruhlarını görürük. Onlar ana yurdlarının taleyindən narahatdırlar. Qarabağ tarixində böyük hörmət və məhəbbətlə anılan, yaradıcılığı ilə Azərbaycan şeirinə xüsusi təravət gətirən Xan qızı Natəvanın dillər əzbəri olan şeiri yada düşür:

 

Nə mən olaydım, İlahi,

nə də bu aləm olaydı,

bu aləm ara dil

müqəyyədi qəm olaydı.

hic atəşinə odlanıb yanaydı dilim,

eşq içrə könül

böylə şad-xürrəm olaydı.

sərv qəddin olaydı,

həsrətilə gözüm nur,

rüzgar fəraqində qamətim xəm olaydı.

... bəhr olaydı, ümman,

böylə göz yaşı cari,

gül üzündə, İlahi,

bu növü şəbnəm olaydı.

... ah olaydı, əfsus,

parə-parə könül,

Natəvanın, İlahi, həvası dərhəm olaydı.

 

XVIII əsrdə yazılmağına baxmayaraq sanki bu gün üçün deyilib. Şuşanın dərdindən, narahat ruhların hüznündən xəbər verir. Bu yerdə Şahmar Əkbərzadənin bir misrası varlığımızdan od kimi keçir: "Çatladı Vaqifin goru Şuşada".

Şuşa haqqında yüzlərlə şeir yazılıb, bayatılar qoşulub. Bu poetik nümunələrdə əfsanəvi Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə arxa olaraq baş-başa verən Bağrıqan, Kirs, Qırxqız dağları vəsf olunub. Məhəbbət ilhamın vəhdətindən doğan bu şeirlərdə Şuşa özü bir möhtəşəm obraz kimi seçilib:

 

Anam Qarabağın zinəti olub,

Başını tac kimi bəzəyir Şuşa.

Dağlar zirvəsində xəyala dalıb,

Dincələn qartala bənzəyir Şuşa.

 

 Ermənilər tərəfindən işğala məruz qaldıqdan sonra xalq şairi Bəxtiyar Vahabzadə qələmə aldığı şeirlərdə cəlladın torpağımızda necə qan əkdiyini poetik dilə gətirib. Oylağımız olan uca dağların, muğam pıçıldayan ayna bulaqların, "nal tökən" dağların dar keçidləri, yarış meydanları, cıdır düzləri, ulu Pənah xanın ayaq izləri bizi səsləyir. Səsləyir ki, birdəfəlik düşmənə yerini göstərək. Deyək "boz qarğa bülbülə tay ola bilməz". Yenə yaz gəldi. Ruhumuz dil açdı. Könlümüzdən Şuşa keçdi. Elə bu məqamda şair bahar şərqisi oxuyan quşlara üzünü tutaraq görün deyib:

 

 Bu bahar oxuma, bülbül, sən Allah!

Zülmətdir,

Yoluna şam tutanın yox.

Şuşan ağlar qaldı, köçdü el-oba,

Şirin cəh-cəhinə dəm tutanın yox.

 

 

Şair çox haqlı olaraq təbiətin məhz öz doğmaları - bizim üçün  darıxdığını bildirib: "Vallah, inanmıram, bülbül nəğməsi hayastan dilinə uyuşa bilməz". Çünki bülbülün hikmətini əli qanlı cani anlaya bilməz. Bu yerlərin gül-çiçəyi igidlərimizin qanı ilə sulanıb. Təbiət halallıq sevir.

Hələ 1966-cı ildə görkəmli dövlət xadimi yazıçı Şıxəli Qurbanov yazırdı: "Harda dağ görürəm gözüm önündə Şuşanın dağları gəlib dayanır". Həqiqətən , belədir. Dünyada uca dağlar da çoxdur, dilbər guşələr , gözəl şəhərlər . Amma bizim üçün Şuşanın əvəzi yoxdur, yeganədir, təkdir, taleyimizə, bəxtimizə yazılan cah-cəlaldır. Hərdən Soltan Hacıbəylinin "Karvan" simfonik poemasına qulaq asanda qonşu sarıdan iqbalı bağlanmış millətimizin başının üstünü alan qara buludların vahiməsi yada düşür. Avropanın şairləri, səyyahları, sərkərdələri öz xatirələrində vətənimizi cənnət kimi təsvir etsələr , həmişə yüklərində sərvətimizi apardılar. Hər karvanın gedişində möhnətimiz ərşə qalxdı. Bu fəryadlar, bu nalələr eşidilmədi, bismillahlar, təvəküllər bizi Allahın dərgahına yönəltdi. Ona pənah gətirdik. Ondan imdad istədik.

Qarqar çayı yenə aramla axır, Daşaltıda sular yenə şaqqıldayır, Xarı bülbül yetim-yetim boylanır. Axşam toran düşür, səhər dan yeri sökülür. Təbiətin qanunları öz qaydasında davam edir. O dərələr, o düzlər, bir sözlə, qədim Şuşa doğmalarının həsrətini çəkir. Ölümdən betər bu ayrılığın vaxtsa sona yetəcəyinin intizarındadır. Bir zaman şərəf şöhrəti ilə fəxr etdiyimiz ərlər, igidlər yurdu Şuşa indi bizi gözləyir. Ehey, ər oğullar, eşidirsinizmi?!

 

 Şuşada,

Çən, dumandı Şuşada.

Necə dözək bu dərdə

Düşmən gəzir Şuşada.

 

Ruhumuzun ünvanı olan müqəddəs şəhər! Övladlarının səni azad edəcəyi gün mütləq olacaq. Dağın, daşın zirvəsində yenə də abidələr tikiləcək, bulaqlarının başına yenə də qonaqların gələcək. Hüsnü gözəl Şuşanın yeni növrağı başlayacaq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 5.