Energetika sahəsində islahatlara dəstək proqramının ikinci mərhələsi başlanmışdır

 

Aprelin 12-də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABEMA) "Energetika sahəsində islahatlara dəstək proqramı" çərçivəsində Avropa Komissiyası tərəfindən Azərbaycana ayrılmış 13 milyon avro məbləğində qrant proqramının ikinci mərhələsinin başlanmasına həsr edilmiş mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ABEMA-nın direktoru Akim Bədəlov çıxış etmişdir. O, proqramın birinci mərhələsinin həyata keçirilməsi gedişində görülmüş işlər, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər planı barədə məlumat vermişdir.

A.Bədəlov Alternativ Energetika üzrə Dövlət Proqramının 2004-cü ildən həyata keçirilməyə başlandığını xatırladaraq demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq "2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası"nın hazırlanması üzrə gedir.

A.Bədəlov bildirmişdir ki, qrant proqramının məqsədi bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan energetika sektorunun hərtərəfli kompleks strategiyasını və elektrik enerjisinin alternativ mənbələrinin inkişafına dair fəaliyyət proqramını işləyib hazırlamaq, enerjidən səmərəli istifadə olunmasını təmin etmək üçün qanunvericiliyi təkmilləşdirmək, bu sahədə dövlət maliyyə vəsaitlərinin idarə edilməsi sisteminienergetika sektorunda statistik məlumatların toplanması sistemini təkmilləşdirməkdir.

A.Bədəlov vurğulamışdır ki, Azərbaycanda külək enerjisi kadastrını tərtib etmək məqsədilə Dövlət Agentliyi tərəfindən ölkənin 21 rayonunda ölçmə-müşahidə stansiyaları yaradılmışdır.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia çıxış etmişdir. O bildirmişdir ki, müasir aləmdə enerji resurslarına tələbatın artması alternativ və bərpa edilən enerji mənbələrindən istifadə olunmasının qlobal əhəmiyyətini təsdiq edir. Aİ-nin proqnozlarına görə, 2020-ci ilə qədər Aİ məkanında bərpa edilən enerji mənbələrinin nisbi payı artaraq 20 faizə çatacaqdır. Müqayisə üçün: hazırda bu göstəricinin qiyməti 10 faizə bərabərdir.

R.Kobia demişdir ki, Azərbaycanda zəngin neftqaz ehtiyatları ilə yanaşı, alternativ və bərpa edilən enerji mənbələri, o cümlədən günəş, külək, su, habelə geotermal enerjibioloji yanacaq ehtiyatları sahəsində də böyük potensial vardır. Müvafiq qanunverici bazanın işlənib hazırlanması bu sektorun inkişafına təkan verəcək, Azərbaycana mənfəət gətirəcəkdir.

R.Kobia qeyd etmişdir ki, bu il "Energetika sahəsində islahatlara dəstək proqramı" üzrə görülmüş işlərə yekun vurulmalıdır.

Xatırladaq ki, 2010-cu ildə bu proqram çərçivəsində Aİ tərəfindən Azərbaycana 3 milyon avro, 2011-ci ildə daha 3 milyon avro ayrılmışdır, 2012-ci ildə isə 7 milyon avro ayrılacaqdır. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 6.