Almaniyanın “Neue Rhein
Zeitung” qəzetində
Dağlıq Qarabağ münaqişəsi
haqqında iki məqalə dərc olunmuşdur
Almaniyanın "Neue Rhein Zeitung" qəzetinin son nömrələrinin birində alman jurnalisti Rixard Kisslerin Dağlıq Qarabağ münaqişəsi haqqında "Dağlıq Qarabağda dərin yaralar" və "Dinlər arasında köhnə münaqişə" başlıqlı məqalələri dərc olunmuşdur.
"Dağlıq Qarabağda dərin yaralar" məqaləsində müəllif Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verir, Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətinin 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduğunu və bütövlükdə Azərbaycan ərazisinin 20 faizinin hazırda Ermənistanın işğalı altında olduğunu qeyd edir. Müəllif bildirir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın beynəlxalq hüquqla tərkib hissəsi kimi tanıyır. Məqalədə, həmçinin Xocalı faciəsi haqqında da qısa məlumat verilir və bu faciənin Dağlıq Qarabağ münaqişəsində ən dəhşətli qətliam olması barədə Human Rights Watch təşkilatından sitat gətirilir. Müəllif Xocalıda 106 qadın və 83 uşaq olmaqla 613 azərbaycanlının erməni silahlıları tərəfindən qətlə yetirilməsi və Xocalının şəhər kimi məhv edilməsi faktını diqqətə çatdırır.
"Dinlər arasında köhnə münaqişə" məqaləsinin əvvəlində Kissler Ermənistan parlamentinin vitse-spikerinin Ermənistanın Dağlıq Qarabağa olan iddialarını "Onlar müharibəni uduzmuşlar" sözləri ilə əsaslandırmasını kinayə ilə qeyd edir və bildirir ki, ermənilər bunu etiraf etməsələr də, münaqişədə din faktoru duyulur. Xristian ermənilər müsəlman azərbaycanlıları, onların 1915-ci il hadisələrində heç bir iştirakı olmadığı halda, türklərlə eyniləşdirir, xristian abidələrinin vəziyyətini sənədləşdirmək üçün Azərbaycana xarici fotoqraflar göndərir, özləri isə Dağlıq Qarabağda, "dövlət mühafizəsində" olduğu halda, məscidi xarabazar vəziyyətində saxlayırlar.
Xarici işlər nazirinin müavini Zohrab Mnatsakanyan bildirir: "Biz Dağlıq Qarabağın ətrafını təhlükəsizlik səbəblərindən bufer zona kimi saxlayırıq". Müharibənin "azadlıq mübarizəsi"nə və ya "etnik təmizləmə"yə daha çox uyğun gəldiyini isə Yerevanda müəyyən etmək mümkün deyildir. Səslənən fikirlər kompromislərdən uzaqdır. Politoloq Aleksandr İsgəndəryan vurğulayır ki, "bu münaqişənin həlli qeyri-mümkündür. Yalnız XIX əsrin milli dövlətçilik təfəkkürü dəf edilib, XXI əsrə qədəm qoyduqda kompromis mümkün olacaqdır". Müəllif həm də vurğulayır ki, Ermənistan cəmiyyətində gənc nəsil yaşlı nəslə nisbətən daha çox nifrət hissinə malikdir. Ermənistan hökuməti isə münaqişənin həllinə dair ictimai diskussiyalara razı deyildir.
Sonda müəllif bildirir ki, münaqişənin həlli Ermənistana Azərbaycan ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq imkanı verərdi. Hazırkı iqtisadi vəziyyət isə get-gedə daha çox ermənini vətəni tərk etməyə vadar edir və Ermənistanın Rusiyadan asılılığını artırır. Müəllif Rusiyanı Ermənistanın dırnaqarası strateji tərəfdaşı adlandırır və bildirir ki, Rusiyanın geosiyasi marağı şübhəsiz Xəzər bölgəsində neft və qaz ixracatında dominantlığı qorumaqdır. Rusiya Ermənistanın Türkiyə ilə sərhədlərində 3.500 əsgər saxlayır və Ermənistana qoyulan bütün investisiyaların 60 faizinin sahibidir.
Vüqar SEYİDOV
Azərbaycan.- 2012.- 13 aprel.- S. 6.