Azərbaycan və Qətər arasında İKT sahəsi üzrə sazişin imzalanması planlaşdırılır

 

Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə bağlanmış mühüm sazişlər vardır. Onlardan ticarət sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı qorunması, ikiqat vergi tutmanın ləğv edilməsi haqqında sazişlərin adını çəkmək olar. Həmçinin bir sazişbu yaxınlarda informasiya-kommunikasiya texnologiyaları (İKT ) sahəsi üzrə imzalana bilər.

Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərdə ərəb dilində nəşr olunan "Rayə" qəzetinə müsahibəsində məlumat vermişdir.

Ə.Abbasov regionda baş verən transformasiya, islahat və yeniliklərdə Qətərin rolunu yüksək qiymətləndirərək demişdir: "Əlaqələrimiz müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir, əməkdaşlığın genişlənməsi üçün münbit şərait vardır. Hər iki ölkə təbii sərvətlərlə-neft və qazla zəngindir. Bu sahədə böyük layihələr həyata keçirilir. Qətər bazarında həyata keçirilən bütün layihələri nəzərdən keçiririk, bir çox layihələrdə oxşarlıq mövcuddur. Qarşılıqlı əməkdaşlıq konstruktiv şəkildə inkişaf edir."

Bu yaxınlarda Qətərin süni peykinin orbitə buraxılacağını qeyd edən nazir bildirmişdir ki, Azərbaycanda süni peyklər 2013-2015-ci illərdə orbitə qaldırılacaqdır. Bunun da Qətər, Misir, Türkiyə və Rusiya kimi dövlətlərlə müxtəlif sahələrdə konstruktiv əməkdaşlığa müsbət təsiri olacaqdır.

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.