Dövlət Miqrasiya Xidmətində sənədlərin yoxlanılmasına dair treninq-seminar keçirilmişdir

 

 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-Tədris mərkəzində "Sənədlərin yoxlanılması"na dair üçgünlük treninq-seminar keçirilmişdir.

DMX-dən AzərTAc-a bildirmişlər ki, Niderland Krallığının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən seminarda bu ölkədən dəvət edilmiş ekspertlər iştirak etmişlər.

DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev may ayında ölkəmizdə keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsi ərəfəsində belə bir seminarın təşkilini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Saxta sənədlərin aşkarlanmasının ölkədə təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd etmişdir. Seminarın birinci mərhələsində beynəlxalq ekspertlər Erik Geetsman və xanım Simone Van Beek sənədlərin, xüsusən də səyahət sənədlərinin yoxlanılma qaydaları, təhlükəsizlik xüsusiyyətləri və çap texnikası barədə məruzə etmişlər. Bu mövzularla bağlı qısa filmlər nümayiş etdirilmiş, saxta sənədlərin aşkarlanma prosesləri əyani şəkildə göstərilmişdir.

Seminarın ikinci mərhələsində elektron pasport və pasport növləri, həmçinin impostorlar və impostor hallarının aşkar edilməsi metodları barədə iştirakçılara geniş məlumat verilmişdir.

Sonda seminar iştirakçılarına sertifikatlar verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.