Bolqarıstanın
iqtisadiyyat, energetika və
turizm naziri ilə görüş
Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın "AİTF-2012" beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək üçün ölkəmizə gəlmiş Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri İvo Marinovla görüşmüşdür. AzərTAc xəbər verir ki, Ə.Qarayev qonağı səmimi salamlayaraq demişdir ki, bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ümumdünya Turizm Təşkilatı tərəfindən "İpək yolunun ləzzəti" adlı birgə layihənin həyata keçirilməsi haqqında saziş imzalanmışdır.
Qeyd edilmişdir ki, bu layihə çərçivəsində sentyabrın 6-7-də Bakıda qastronomiya, mədəniyyət və turizmə dair beynəlxalq konfrans keçiriləcəkdir.
Nazir bildirmişdir ki, Azərbaycan 2001-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvüdür, lakin bu, həmin təşkilatla həyata keçirilən ilk birgə layihədir.
Ə.Qarayevin sözlərinə görə, Azərbaycanla Bolqarıstan arasında mütəxəssis, informasiya, yeni turizm texnologiyaları mübadiləsi üçün böyük potensial vardır.
Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri İvo Marinov son illər Bolqarıstanda turizmin durmadan inkişaf etməsindən söhbət açmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər,
o cümlədən Azərbaycan və
Bolqarıstan paytaxtları arasında birbaşa
aviareysin açılması məsələsi
müzakirə edilmişdir.
Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.