Azərbaycan və San Marino arasında turizm sahəsində əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir

 

 "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək məqsədilə ölkəmizə gəlmiş San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi aprelin 12-də Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilmişdir.

Həmkarının ölkəmizə səfərini yüksək qiymətləndirən Ə.Qarayev bildirmişdir ki, Azərbaycan San Marino Respublikası ilə əlaqələrin genişlənməsində maraqlıdır. O, Azərbaycanda turizmin bugünkü  inkişaf səviyyəsi, həmçinin Avropa ölkələri ilə bu sahədə əməkdaşlığa dair geniş məlumat vermişdir.

Əbülfəs Qarayev qonağın diqqətinə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrlə yanaşı, turizmin inkişafına da xüsusi önəm verir. Ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Nazir Ə.Qarayev "2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı" haqqında da həmkarına məlumat vermişdir.

Aprelin 13-dən etibarən İtaliyanın paytaxtı Romada və digər şəhərlərində Azərbaycan Mədəniyyəti günlərinin başlayacağını söyləyən nazir  həmkarının və San Marinodan nümayəndələrin bu tədbirlərdə iştirak edərək ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmalarını arzulamışdır.

Nazir Ə.Qarayev San Marino Respublikasının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi müvafiq sahədə əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirmişdir. 

San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını qeyd etmişdir. Nazir turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğulamışdır.

Görüşdə turizm sahəsində ikitərəfli əməkdaşlıq, turizm agentlikləri üzrə qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.