Bakıda AİTF-2012 XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 6-cı Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri açılmışdır

 

Aprelin 12-də "Bakı Ekspo" sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İTE Group plc" və onun tərəfdaşı "İteca Caspian" MMC şirkətlərinin təşkilatçılığı ilə "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 6-cı Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin rəsmi açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, yerlixarici turizm şirkətlərinin təmsilçiləri iştirak etmişlər.

Sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmiz müstəqillik qazandıqdan sonra turizm infrastrukturunun yaradılması və inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.

Ə.Qarayev demişdir ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi Azərbaycanı perspektivli turizm ölkəsinə çevirmişdir. Ötən il Azərbaycana 2 milyondan çox turist gəlmişdir ki, bu da 2010-cu illə müqayisədə 14 faiz çoxdur. Son illər ərzində ölkəmizdə 45 mehmanxanamehmanxana tipli obyekt tikilərək istifadəyə verilmişdir.

 "AİTF" sərgisinin günbəgün artan nüfuzundan söz açan nazir bildirmişdir ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

Nazir demişdir ki, əgər  2001-ci il sərgisində cəmi  5 ölkədən 20 şirkət iştirak etmişdisə, bütövlükdə 62 turizm istiqamətini təqdim edən "AİTF-2012" sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Hər il AİTF-nin iştirakçılarının siyahısına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya  sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də vardır. Hazırda bu sərgini işıqlandırmaq üçün dünyanın bir çox ölkələrindən çəkiliş qrupları Bakıya gəlmişdir. Bütün bunlar bizi olduqca sevindirir. Bu gün eyni zamanda ölkəmiz "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlaşır. İnanırıq ki, bu musiqi yarışmasına ev sahibliyi edəcək Azərbaycan öz milli-mənəvi dəyərləri, qonaqpərvərliyi ilə hər bir iştirakçının yaddaşında silinməz iz buraxacaqdır.

Ə.Qarayev demişdir ki, bu il ilk dəfə olaraq "AİTF-2012" sərgisində Dünya Turizm Təşkilatı da ayrıca stendlə təmsil olunur. Bu, dünya üzrə ən nüfuzlu turizm qurumunun Azərbaycanda keçirilən sərgiyə böyük diqqət və marağının nəticəsidir.

Tədbirdə çıxış edən Dünya Turizm Təşkilatının əməkdaşı xanım Alla Peresolova sərginin işinə uğurlar arzulamışdır. O, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sərgi iştirakçılarına təbrik məktubunu oxumuşdur. Azərbaycanın günbəgün genişlənən turizm potensiyalı və dünya turizm təşkilatları ilə sıx əməkdaşlığı haqqında geniş məlumatları əks etdirən məktubda ölkəmizin bu istiqamətdə həyata keçirdiyi layihələr yüksək qiymətləndirilmişdir.

Bolqarıstan Respublikasının iqtisadiyyat, energetikaturizm naziri İva Marinov mərasimdə çıxış edərək demişdir ki, Azərbaycan tarixi abidələri və təbii gözəlliyi sayəsində nəhəng turizm potensialına malikdir. Bugünkü sərgi də bunun bariz göstəricisidir. Biz bu ölkə ilə əməkdaşlığa daim xüsusi önəm veririk.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan  sərginin işinə uğurlar arzulamış və ölkəsinin mötəbər tədbirdə iştirakından şərəf duyduğunu qeyd etmişdir. Vurğulamışdır ki, Türkiyə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də  qardaş ölkə ilə əməkdaşlığı genişləndirir. Türkiyə AİTF Beynəlxalq sərgisinin tərəfdaş ölkəsi kimi çıxış edironun  milli stendində 16 aparıcı turizm şirkəti təmsil olunur. 

"İteca Caspian" şirkətinin  direktoru Fərid Məmmədov bildirmişdir ki, 6-cı Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisində dünyanın bir çox ölkələrindən olan şirkətlər mehmanxana, restoran və otellər üçün peşəkar mətbəx və camaşırxana avadanlığı, məişət kimyası, parçalareksklüziv qab-qacaq, otellər üçün "onlayn" bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları və s. təqdim edəcəklər.

Bildirilmişdir ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti "AİTF" sərgisinin rəsmi hava daşıyıcısı qismində çıxış edir. Azərbaycanın "SW Travel" şirkəti ardıcıl olaraq ikinci ildir ki, "AİTF" sərgisinin sponsorudur.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.

"AİTF-2012" sərgisində iştirakçı ölkələrin turizm potensialını əks etdirən məhsullarla yanaşı, əyləncə proqramları, kulinariya şouları, Azərbaycan və dünya xalqlarının rəqsləri, eləcə da təsviri incəsənət və dulusçuluq işləri nümayiş etdirilir.

Sərgi aprelin 14-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.