Almaniyanın “Frankfurter Allgemeine am Sonntag” qəzetində
Azərbaycanın çoxşaxəli musiqi mədəniyyəti
və ənənələri haqqında məlumat verilir
Almaniyanın "Frankfurter Allgemeine am Sonntag" qəzetinin 8 aprel tarixli nömrəsinin "Səyahət" rubrikasında dərc olunmuş "Bakıdan ulduzlar" adlı məqalədə Azərbaycanda çoxşaxəli musiqi mədəniyyəti və ənənələri haqqında məlumat verilir.
Məqalənin əvvəlində Azərbaycanda Xocalı faciəsinin ildönümünün qeyd olunduğu gün haqqında məlumat verilərək, "Xəzər dənizi sahillərində musiqi metropoliyası" adlandırılan Bakı şəhərində həmin gün bütün konsert və əyləncə obyektlərinin bağlı olduğu, televiziya ilə musiqili-əyləncəli proqramların verilmədiyi bildirilir. Qeyd olunur ki, fevralın 26-da azərbaycanlılar Ermənistan-Azərbaycan müharibəsinin gedişində 1992-ci ildə Xocalıda qətlə yetirilən 600-dən çox azərbaycanlının xatirəsini anır.
Yazıda qeyd olunur ki, 70 illik sovet əsarətindən sonra Azərbaycanda musiqi mədəniyyəti özünün intibah dövrünü yaşayır. Buna baxmayaraq mətbuatda dünyanın mədəniyyət paytaxtlarından biri olan Bakının çiçəklənən mədəni həyatı haqqında az məlumat verilir.
Bildirilir ki, Bakıda adam hər addımda musiqi ilə rastlaşır və şəhərdə mövcud mühüm musiqi obyektləri, eləcə də orada ifa olunan müxtəlif musiqi üslubları sadalanır: Filarmoniyada klassik, Beynəlxalq Muğam Mərkəzində milli muğam, "Yaşıl Teatr"da estrada, Face Club-da isə hip-hop musiqisi ifa olunur. Bundan əlavə Azərbaycanda keçirilən Rostropoviç adına Beynəlxalq musiqi festivalı, Bakı caz festivalı, Muğam Dünyası, Qəbələ musiqi festivalı kimi beynəlxalq əhəmiyyətli musiqi tədbirlərinin adı çəkilir.
Məqalədə qeyd olunur ki, Bakının musiqi metropoliyasına çevrilməsi XIX əsrin sonlarında neft sənayesinin inkişafı ilə bağlıdır. 1908-ci ildə Azərbaycanda Üzeyir Hacıbəyli milli musiqi ilə Qərb musiqi üslubunu birləşdirərək müsəlman Şərqinin ilk operasını - "Leyli və Məcnun" əsərini yaratmış, sovet dövründə Azərbaycanın Fikrət Əmirov və Qara Qarayev kimi dünya şöhrətli bəstəkarları olmuşdur. Qeyd olunur ki, Azərbaycanda musiqi tələbələri, eyni zamanda, Şərq və Qərb musiqi alətlərində ifa etməyi öyrənirlər. Azərbaycanın müasir dövrdə ən məşhur musiqiçiləri kimi Fərəc Qarayev, Alim Qasımov və Əzizə Mustafazadənin adları çəkilir.
Daha sonra Bakının çiçəklənən mənzərəsi haqqında məlumat verilir və qeyd olunur ki, 2006-cı ildə Azərbaycan neftinin Ceyhan limanı vasitəsilə dünya bazarlarına ixrac olunması ilə Azərbaycana böyük miqdarda gəlir axını başlamışdır. Bunu şəhərdə inşa edilən təmtəraqlı hotellərdə, avtomobillərdə, eləcə də 2000-ci ildən UNESCO-nun mədəni irsinə daxil olan İçərişəhərdə aparılan abadlıq işlərində görmək mümkündür. İçərişəhər buradakı istirahət yerlərinin işıqlarına görə böyük zərgərlik mağazasına bənzəyir.
Vüqar
SEYİDOV
Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.