Yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkı Ağstafa şəhərinin simasını daha da gözəlləşdirmişdir

 

 Prezident İlham Əliyev aprelin 12-də Ağstafaya səfəri çərçivəsində rayon mərkəzində tamamilə yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, parkın ətrafında əsaslı yenidənqurma işləri görülmüşdür. Parkın yerləşdiyi Hüseyn Arif küçəsinə asfalt döşənmiş, səkilər, məhəccərlər ən müasir səviyyədə yenilənmişdir. Yol boyunca abadlıq və yaşıllaşdırma işləri görülmüş, ətrafdakı bütün binalar yenidənqurmadan sonra müasir görkəm almışdır.

Bildirildi ki, parkın ümumi ərazisi 4,8 hektardır. Burada hər birinin uzunluğu 12, eni isə 5 metr olan üç fəvvarə inşa edilmişdir. Fəvvarələrin ətrafında sakinlərin istirahətinin yüksək səviyyədə təmin olunması məqsədi ilə yarımkürə formasında mərmərlə üzlənmiş on oturacaq qurulmuşdur. Gəzinti yerlərinə 8,5 min kvadratmetr yanmış qranit döşənmişdir. Bütün bu tədbirlər nəticəsində park yeni görkəm almışdır. Parkda işıqlandırma və yaşıllıqların suvarılması sistemləri tamamilə yenidən qurularaq ən müasir avadanlıqla təchiz edilmişdir. Ərazidə həmçinin müasir tipli 124 işıq dirəyi quraşdırılmışdır. İstirahət guşəsindəki müxtəlif xidmət obyektlərində 50 nəfər işlə təmin olunmuşdur.

Parkda ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılmışdır. Abidənin fonunda hər birinin hündürlüyü 7, uzunluğu 25 metr olan 12 qranit sütundan ibarət xüsusi guşə yaradılmışdır. Burada bir metr hündürlüyündə və 11 metr uzunluğunda fəvvarə quraşdırılaraq qranitlə üzlənmişdir. Sütunların arxası boyunca əkilmiş həmişəyaşıl ağaclar abidə kompleksini tamamlayır. Parkın ərazisində Gənclər Mərkəzi, yay kinoteatrı, həmçinin "Anauşaq" kafesi, veteranlar klubu fəaliyyət göstərir. Bu obyektlər müasir tikinti materialları ilə işlənərək modern üslublu istirahət guşələrinə çevrilmişdir. Ərazidə simsiz internet şəbəkəsi də yaradılmışdır.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 1.