Prezident İlham
Əliyev Ağstafada yenidən qurulmuş Səməd
Vurğun adına mədəniyyət və istirahət
parkının açılışında iştirak
etmiş, ziyalılarla görüşmüşdür
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.
Parkda xalq şairi Səməd Vurğunun büstü qoyulmuşdur. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm "Kitab abidəsi" kompleksi tikilmişdir.
Dövlət başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən park 2,8 hektar sahəni əhatə edir. Parkın gəzinti sahəsinə 4,5 min kvadratmetr plitə döşənmişdir. Parkın ərazisi qarşı tərəfdən 140 metr uzunluğunda, fasadı ağlay daşı ilə üzlənmiş dekorativ hasarla əhatə olunmuşdur. Yanlardan və arxa hissədən isə parkı uzunluğu 300, hündürlüyü 3,5 metr olan qədim memarlıq nümunələrimizdən hesab edilən "qala divarları" dövrələmişdir.
Burada yaraşıqlı fəvvarə quraşdırılmış, hər biri 4,5 metr uzunluğunda yarımkürə formasında doqquz, metaldan hazırlanmış 20 oturacaq qoyulmuşdur. Parkda dekorativ bəzək və gül kolları əkilmiş, işıqlandırma və yaşıllığın suvarılması sistemləri müasir standartlara uyğunlaşdırılmış, müasir tipli
73 işıq dirəyi quraşdırılmışdır.
Parkda simsiz internet şəbəkəsi yaradılmış, "Yazıçılar evi" və "Vurğun kafesi" inşa edilmişdir.
Parkla tanışlıqdan sonra dövlət başçısı "Yazıçılar evi"ndə bölgə ziyalıları ilə görüşərək çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Mən yenidən qərb bölgəsində olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, sizinlə görüşürəm. Hər dəfə qərb bölgəsində olarkən, burada inkişafı görərkən çox sevinirəm. Bu gün səhər Qazaxda, indi burada - Ağstafada tədbirlərdə iştirak edirəm. Bundan sonra Tovuza gedəcəyəm. Bir gün ərzində həm bölgə, həm də ölkəmiz üçün çox vacib tədbirlər keçirilir, çox vacib açılışlar təşkil edilir - kənd yollarının, yeni sənaye, emal müəssisələrinin açılışları. Bütün bu işlər ölkəmizin dinamik inkişafını göstərir. Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır. Uzunmüddətli dayanıqlı inkişaf istəyiriksə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Mən çox şadam ki, həm Ağstafada, həm Qazaxda, digər bölgələrdə bu sahədə görülən işlər təqdirəlayiqdir.
Ümumiyyətlə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bölgələrdə proseslər müsbət istiqamətdə gedir. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Azərbaycan bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Çalışmalıyıq ki, bu dinamik inkişaf templərini saxlayaq.
İndi qarşımızda yeni məsələlər dayanır. Ümumi daxili məhsuldakı struktur islahatları bundan sonrakı dövrdə də aparılmalıdır. Biz növbəti 10 il ərzində inkişafımızı daha çox qeyri-neft sektoru hesabına təmin etməliyik. Belə olan halda, əminəm ki, 10 ildən sonra Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu gün açılan yeni müəssisələr - bu bölgədə yerləşən yeni müəssisələr minlərlə iş yeri deməkdir. Hər bir iş yerinin açılması ölkə iqtisadiyyatına da böyük töhfədir, hər bir ailəyə də böyük dəstəkdir. İş yeri olan zaman əlbəttə ki, insanlar yaxşı maaş alırlar, işləyirlər və biz idxaldan asılılığımızı daha da azaldırıq.
İqtisadi sahədəki bütün bu müsbət meyillərlə yanaşı, başqa sahələrdə də uğurlar göz qabağındadır. Ölkəmizin ümumi inkişafı artıq dünya birliyi tərəfindən qəbul edilir və tanınır. Dünya birliyi Azərbaycanı çox dəyərli və etibarlı, dost və tərəfdaş kimi qəbul edir.
Bizim 20 illik müstəqillik tarixində ən böyük diplomatik uğurumuz BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir. Çox gərgin, amma ədalətli mübarizədə biz dünya birliyinin böyük dəstəyini əldə etmişik. 155 ölkə Azərbaycanı dəstəkləmişdir. Gənc müstəqil ölkə üçün bu, həddindən artıq çox böyük nəticədir. Bizim bu mötəbər quruma seçilmək cəhdlərimiz də uğurla nəticələndi. Birinci dəfədən Azərbaycan böyük səs çoxluğu ilə seçilibdir. Bu fakt özlüyündə bir çox məsələlərə eyham vurur.
Birinci növbədə, Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, Azərbaycanı daha da çox tanıyırlar. İkinci tərəfdən, Azərbaycanda gedən müsbət işlər, islahatlar ölkəmizin gücünü artırır. İndi bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalır. Yəni, bu sahədə də görülən işlər müsbətdir. Beləliklə, Azərbaycan indi nəinki regionda, dünyada da qlobal məsələlərin həllində öz sözünü deyir və deyəcəkdir. Biz birinci gündən Təhlükəsizlik Şurasında fəallığımızla seçilirik və prinsipial mövqeyimizi ortaya qoyuruq. Deyə bilərəm ki, müstəqillik tarixinin, bu 20 ilin ən yaddaqalan məqamlarından biri odur ki, biz müstəqil siyasət aparırıq. Artıq bu siyasətlə hesablaşmaq lazımdır, bu siyasət öz düzgünlüyünü təsdiq etmişdir və 20 il ərzində həm ölkə daxilində, həm regionda, həm dünyada Azərbaycan özünü göstərmişdir.
Azərbaycan dövləti güclü dövlətdir, güclü dövlətçilik əsaslarımız vardır. Elə etməliyik ki, bu müsbət dinamikanı gələcək illərdə də saxlayaq, ölkəmizin hərtərəfli inkişafına nail olaq və ölkə qarşısında duran bütün məsələləri həll edək. Bu məsələlər var, həm sosial, həm iqtisadi sahədə islahatların aparılması davam etdirilməlidir. Biz bütün bunlar haqqında kifayət qədər açıq və geniş proqrama malikik. Bu proqram vətəndaşlara təqdim edilib və vətəndaşların dəstəyi ilə bu işləri aparırıq.
Bu gün bu görüşdə bölgə ziyalıları toplaşmışlar. Mən ziyalılarla tez-tez görüşürəm, həm bölgələrdə, həm Bakıda. Bu görüşlərin çox böyük mənası, çox böyük əhəmiyyəti vardır. Həm xarici, həm daxili siyasətlə, həm də sosial sahə ilə bağlı bütün məsələlər həll olunur. Ancaq dövlətimizin əsasları bizim milli, mənəvi dəyərlərdir. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə gözəl sözlər deyil, həqiqətdir. Əgər biz dövlətçiliyimizi güclü milli dəyərlər üzərində qurmasaydıq, bugünkü inkişaf yarımçıq olardı, uzunmüddətli olmazdı.
Xüsusilə indiki zəmanədə dünyada gedən proseslər əlbəttə ki, dünyanın həm siyasi xəritəsini dəyişdirir, həm ölkələr arasındakı münasibətlər yeni müstəviyə keçir. Qloballaşma meyilləri güclənir. Qloballaşmanın həm müsbət, həm mənfi tərəfləri vardır ki, biz bu barədə açıq danışmalıyıq və hər halda mən fürsət olanda bu barədə öz fikirlərimi ifadə edirəm. Belə olan halda mütləq hər bir dövlət, hər bir xalq öz mənəvi dəyərlərinə daha da bağlı olmalıdır.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, çox gözəl ənənələrimiz, gözəl dəyərlərimiz vardır. Bunlar Azərbaycan dəyərləridir. Bizim dəyərlər ümumbəşəri dəyərlərin bir hissəsidir. Azərbaycan dəyərləri deyə bilərəm ki, dünya üçün örnək ola bilər.
Gənc nəsil milli
ruhda böyüməlidir. Gənc nəslin
milli ruhda böyüməsi üçün gənc nəsil
öz ölkəsində rahat yaşamalıdır, qürur
hissi keçirməlidir ki, Azərbaycan vətəndaşıdır.
Ona görə güclü Azərbaycan dövləti,
eyni zamanda, bu milli- mənəvi dəyərləri də
gücləndirir. Bu dəyərlər təkcə
keçmişdən bizə miras qalan dəyərlər
deyildir. Halbuki əsas bundan ibarətdir.
Bugünkü uğurlu inkişaf, bizim hər sahədəki
nailiyyətlərimiz, qələbələrimiz hər bir vətəndaşı
daha da çox ruhlandırır. Hər bir vətəndaş
öz ölkəsini daha çox sevir, ölkəsinə daha
çox bağlı olur. Biz tariximizi
yaxşı bilməliyik. Əfsuslar olsun
ki, bizim nəsil, məndən yaşlı olanlar çox məhdud
ideoloji çərçivələr arasında
böyümüşdür. Müstəqillikdən
sonra tariximizlə bağlı olan reallıqları dərk etməyə
başlamışıq. Görmüşük
ki, doğrudan da, Azərbaycan xalqı nə qədər
böyük əziyyətlər çəkib, bizə
qarşı nə qədər ədalətsizliklər olub.
Azərbaycan xalqının iradəsini
sındırmaq istəyənlərin səyləri nə qədər
çox olub. Amma buna baxmayaraq, biz milli mənliyimizi,
dəyərlərimizi, ənənələrimizi saxlaya
bilmişik.
Bu gün əlbəttə ki, gənc nəsil və biz
tarixə, keçmişə ədalətli mövqedən
yanaşırıq. Yəni, tarixi yenidən öyrənirik.
Gənc nəsil bu tarixi bilməlidir, vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə almalıdır. Buna nail olmaq üçün, ilk növbədə,
əsas vəzifə əlbəttə ki, dövlətin, dövləti
idarə edənlərin, eyni zamanda, ziyalıların üzərinə
düşür.
Mən çox istərdim ki, bizim ziyalılar bundan sonra
da əsərləri, fikirləri, baxışları ilə
bu müsbət meyilləri daha da gücləndirsinlər. Azərbaycan cəmiyyətində
ziyalılara bütün dövrlərdə böyük
hörmət olub -
ictimai-siyasi quruluşdan asılı olmayaraq, sovet
dövründə də, ondan əvvəlki dövrdə də,
müstəqillik dövründə də. Bu,
çox müsbət bir haldır. Biz
heç də hər bir cəmiyyətdə buna rast gələ
bilmərik. Bu, bizim xüsusiyyətimizdir və
biz bu ənənəni yaşatmalıyıq.
Dövlət tərəfindən ziyalılara olan
qayğı, dəstək artır, son zamanlar özünü
daha da çox büruzə verir. Sovet İttifaqı
dağıldıqda və müstəqilliyin ilk illərində
imkanlarımız da yox idi. Dövlətin
imkanları da yox idi ki, ziyalılara daha da çox diqqət
göstərsin. Ancaq indi imkanlar
artdıqca, ilk növbədə, bu məsələyə diqqət
göstərilir. Yüzlərlə
ziyalımız Prezident təqaüdü alır,
mükafatlandırılırlar. Müxtəlif
tədbirlər keçirilir. Uzun fasilədən
sonra kitabların nəşri bərpa edilib və bu gün
daha geniş vüsət almalıdır.
Ziyalılar
da öz növbəsində, əlbəttə, vətəndaşlıq
mövqeyi ilə ümumi işimizə töhfəsini
verməlidirlər, verirlər. Öz əsərləri,
fikirləri ilə qarşıda duran məqsədlərimizə
çatmaq üçün səylərini daha da
artırmalıdırlar.
Keçən
il müstəqilliyimizin 20 illiyi qeyd olundu. Bu, tarix baxımından çox qısa bir
dövrdür. İyirmi il tarix
üçün bir an, bir saniyədir. Ancaq eyni zamanda, 20 il ərzində çox iş görmək
olar və çox iş də görülübdür. Haradan haraya gəlmişik. Biz
dağıdılmış, xaos içində çabalayan,
heç bir dövlətçilik əsası olmayan ölkədən
bu gün dünyanın sayılıb-seçilən ölkələri
sırasına daxil olmuşuq, həm ölkədə gedən
islahatlarla, həm beynəlxalq mövqelərimizin gücləndirilməsi
hesabına.
Bu 20 illik
müstəqillik tarixi hesab edirəm ki, bizim həm ədəbiyyatda,
həm publisistikada, həm də digər sahələrdə
daha da çox öz
əksini tapmalıdır. Yəni, 20 il bir dövrdür ki, artıq bu dövrü təhlil
etmək üçün imkanlar vardır. Əgər
biz bunu düzgün, dəqiq təhlil etsək, həm tarixi həqiqətə
töhfəmizi verərik, eyni zamanda, gələcək
üçün də bir yol açılar. Yəni, 20 il arxada qaldı. Bundan sonra 20 il
ərzində bizi nələr gözləyir?! Bizim
planlarımız, ideyalarımız, fikirlərimiz nədir?!
Əlbəttə ki, ölkə siyasətini
siyasi hakimiyyət müəyyən edir. Ona
görə də insanlar siyasi lideri - Prezidenti seçirlər,
ona etimad göstərib seçirlər. Ancaq eyni zamanda, gələcəyə
baxışlarımızın spektri çox geniş
olmalıdır. Burada cəmiyyətin ziyalı
zümrəsi, elitası öz rolunu oynamalıdır.
Mən
çox istərdim ki, həm bizim 20 illik müstəqillik
tariximizlə, həm
də əvvəlki tariximizlə bağlı daha da dolğun,
daha da mənalı və çoxsaylı materiallar üzə
çıxsın. Əlbəttə ki, bu da
çox vacibdir və bu istiqamətdə də işlər
gedir. Ümumiyyətlə, ölkəmizin
gələcək inkişafı ilə bağlı geniş
fikir mübadiləsi aparılmalıdır.
Əsas istiqamətlər müəyyən edilibdir. Azərbaycan müstəqil ölkə kimi bundan sonra əbədi
yaşayacaqdır. Müstəqil siyasət
aparan ölkə kimi Azərbaycan dünya miqyasında
özünü tanıtdıra bilibdir və bu reallıqlarla
istər-istəməz bütün ölkələr
hesablaşmalıdır. Bizi müstəqil
siyasətdən döndərə biləcək bir qüvvə
yoxdur. Bizim siyasətimiz xoşniyyətlidir,
milli maraqlarımızı müdafiə edəndir, əməkdaşlığa
geniş mənada hazırıq.
Biz gərək
perspektivlərimiz haqqında dəqiq proqramları tətbiq edək.
Bu proqramlar var, onlar daha çox iqtisadi və
sosial məsələləri əhatə edir. O ki
qaldı dövlətimizin ideoloji əsasları ilə
bağlı məsələlərə, biz bu sahədə
daha da çox işləməliyik. Biz 20 il bundan sonra ölkəmizi
necə görmək
istəyirik?! Bu gün yeniyetmə
yaşında olan gəncləri biz necə tərbiyə edəcəyik?!
Onlar hansı ruhda tərbiyə olunacaqlar, onlar öz dövlətinə
nə qədər bağlı olacaqlar, öz milli mənliyini
necə qoruyub saxlayacaqlar!? Çünki
qloballaşma meyilləri gedir və bəzi hallarda
böyük güc mərkəzləri qloballaşma adı
altında öz siyasətini yeridirlər. Bu
da heç kimə sirr deyil ki, kənar qüvvələrin bəzi
çox gözəl şüarlar altında maraqlarını
təmin etmək üçün səylər göstərilir.
Gənclərimiz buna hazır olacaqlarmı?!
Biz buna hazırıq və istənilən təzyiqə
dözürük, dözəcəyik və öz
seçimimizi müdafiə edirik və edəcəyik.
Ancaq qloballaşma dövründə təhsil, mədəniyyət,
yenə də deyirəm, ziyalıların sözü müstəsna
əhəmiyyətə malikdir. Ona görə də
hesab edirəm ki, bugünkü görüşdə biz bu məsələlər
ətrafında danışmalıyıq. Azərbaycanın
bugünkü reallıqları belədir ki, yenə də demək
istəyirəm, bizi gələcəkdə ancaq və ancaq
inkişaf gözləyir. Mən buna tam əminəm
və ölkəmizin bugünkü reallıqları, gələcək
planlarımız bu əminliyi yaradır. Bizim
2023-cü ilə qədər artıq konkret proqramlarımız
vardır. Yəqin ki, 2014-cü ildə
yeni onillik inkişaf proqramı təsdiq olunacaqdır.
Ancaq sosial və iqtisadi məsələlərdən
başqa, yenə də demək istəyirəm ki, ideoloji,
siyasi məsələlər, daxili siyasətlə
bağlı məsələlər vardır. Bizim uğurlu
inkişafımızı təmin etmək üçün
bax bütün bu vacib amillər olmalıdır.
Mən bir daha sizi salamlayıram. Mən çox
şadam ki, qərb bölgəsinin ziyalıları həmişə
olduğu kimi çox fəaldırlar. Bu
gün də belədir, istəyirəm ki, gələcəkdə
belə olsun.
* * *
Görüşdə
"Ağstafa" qəzetinin redaktor müavini Firdovsi
HEYDƏRLİ Prezident İlham Əliyevin Ağstafaya növbəti
səfərinin rayon sakinləri arasında yaratdığı
yüksək əhval-ruhiyyədən danışaraq dedi:
-
Çox hörmətli cənab Prezident, sonsuz məhəbbətlə,
böyük səbirsizliklə yolunuzu gözləyirdik. Bu bir neçə gündə çox xoşbəxt
anlar yaşayan bütün ağstafalılar adından,
Ağstafanın ziyalıları, ağsaqqalları adından
Sizi ürəkdən salamlayır və bu təravətli
bahar günlərində elimizə, obamıza "Xoş gəlmisiniz!"
deyirəm.
Böyük
minnətdarlıq, razılıq və fəxarət hissi ilə
demək istəyirəm ki, bünövrəsi ulu öndərimiz,
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulan sosial-iqtisadi və mədəni inkişaf strategiyası
müstəqil respublikamızın bütün bölgələrində
olduğu kimi, bizim Ağstafada da çox böyük
uğurla həyata keçirilir. Bircə kəlmə deməyi
özümə borc bilirəm ki, bizim rayonumuzda baş verən
yenilikləri, inkişafı, möhtəşəm yenidənqurmanı
Ağstafanın nə keçmişi, nə də 4-5 il bundan
əvvəlki vəziyyəti ilə müqayisə etmək qəti
mümkün deyildir. Çox gözəl
inkişaf baş veribdir.
Siz bizim bölgədə bir neçə dəfə
olmusunuz. Amma mən bu gözəl gündə o səfərlərinizdən
birini yada salmaq istəyirəm. Siz o vaxt Bakı-Ceyhan neft
kəmərinin çəkilişi ilə əlaqədar
"Qızıl qaynaq" mərasimində iştirak etmək
üçün Böyük Kəsik ərazisinə gəlmişdiniz.
Əlbəttə, oradakı böyük təntənədən
sonra Siz Bakıya qayıtmaq üçün həmin bu
Ağstafa vağzalına gəldiniz və gördünüz
ki, burada çoxlu insanlar toplaşıb. Siz
onlarla səmimi söhbət etdiniz. O səmimi söhbət
zamanı Siz onları dinlədiniz, onlara
sözünüzü dediniz, onlar Sizə öz sözlərini
çatdırdılar və axırda, gedənə yaxın
çox gözəl söz dediniz. Bildirdiniz ki,
bu Ağstafanın gözəl, füsunkar təbiəti, onun
gözəl coğrafi mövqeyi, mehriban, hər şeyə
düzgün qiymət verməyi bacaran insanları mənim
çox xoşuma gəldi. Mən
bugünkü görüşdə sizə söz verirəm
ki, yaxın zamanlarda Ağstafanı respublikanın qərb
qapısında ən gözəl bir diyara çevirmək
üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Bu qiymətli sözlər mənim yadımdadır və
onu xatırlatmaqda məqsədim vardır. Bu gün
iftixar, çox böyük fəxarət hissi ilə demək
olar ki, Siz ölkənin, doğrudan da, gözəl Prezidenti, həmişə
xalqın güzəranını, yaşayışını
fikirləşən dövlət başçısı kimi o
vədə əməl etdiniz. Özünüz
gəldiniz, gəzdiniz, görülən işlərə
baxdınız. Əminəm ki, bu da son tədbir
deyildir.
Həm Ağstafa ziyalıları, həm
ağsaqqalları adından əmin edirəm ki, Sizin hər
bir addımınız, hər bir tədbiriniz
ağstafalılar tərəfindən çox böyük
razılıq hissi ilə qarşılanır. Minnətdarlıq bildirmək
üçün adam söz tapmaqda çətinlik
çəkir. Bu qədər gözəl
işin müqabilində Prezidentə nə qədər
böyük minnətdarlıq etsək də azdır. Çünki qədim tarixə malik Ağstafanın
həyatında indiyədək belə yenilik, belə
inkişaf heç vaxt görünməyibdir. Ona görə biz ziyalılar, ağsaqqallar öz
aramızda söhbət edəndə həmişə deyirik
ki, Ağstafa yeni bir həyat yaşamağa başlayıb.
Möhtərəm
Prezident, bunun da hamısı, həqiqi mənada, Sizin sayənizdədir.
Çox sağ olun, bütün
ağstafalılar adından, ziyalılar adından Sizə
möhkəm cansağlığı arzulayıram, Allah Sizi
qorusun! Qoy ulu Tanrı Sizi heç vaxt
bütün xalqımızın, o cümlədən
Ağstafa camaatının başı üstündən əskik
etməsin.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun,
xoş sözlərinizə görə çox minnətdaram.
Mən çox şadam ki, doğrudan da,
Ağstafada gözəl, sürətli inkişaf vardır.
Mən beşinci dəfədir ki, Prezident kimi
Ağstafadayam. Əlbəttə, çox
istəyirəm ki, bu rayon daha sürətlə inkişaf
etsin. Bilirsiniz, indi bütün vacib olan
proqramlar qəbul edilib.
Dövlət İnvestisiya Proqramında, regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarında
bütün məsələlər öz əksini tapır.
Hər bir rayon, hər bir kənd üzrə bizim
proqramlarımız vardır. Bu, təkcə
Ağstafanı deyil, bölgəni deyil, bütün
rayonları əhatə edir. Əsas məsələ
ondadır ki, yerlərdə bu proqramlar düzgün icra
olunsun. Yerlərdə işləyən məmurlar
öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsinlər.
Hesab edirəm ki, indiki dövrdə bizim əsas
vəzifəmiz bundan ibarətdir.
Burada əlbəttə ki, kadrların düzgün
seçilməsi məsələsi gündəmə gəlir. Mən
çalışıram ki, bu kadrlar maksimum təhlil aparmaq
şərti ilə seçilsin, təyin edilsin. Hər dəfə, hər bir yerə, hər bir
rayona icra başçısı təyin edərkən dəvət
edirəm, tövsiyələrimi, göstərişlərimi,
istiqamətləri verirəm ki, necə işləməlisən.
Tapşırıram ki, təmiz işləməlisən,
insanlarla bir yerdə olmalısan, insanların
qayğıları ilə yaşamalısan, öz təşəbbüsünü
də göstərməlisən. Çünki
indi bölgələrdə layihələrin bir çoxu
dövlət qurumları tərəfindən icra edilir. Qazlaşdırma, su, kanalizasiya layihələri,
elektrik xətlərinin çəkilişi, böyük
investisiya layihələri.
Ancaq yerli icra orqanlarının da öz imkanları
vardır. Onlar bu imkanlardan istifadə etməlidirlər. Harada ki, seçim düzgündür, orada işlər
daha yaxşı gedir. Harada ki, bu
seçimdə səhvə yol verilib, orada işlər o qədər
də yaxşı getmir, yaxud da ki, pis gedir. Mən sizə
deyə bilərəm ki, 8 ildən artıqdır ki,
Prezidentəm. Bu illər ərzində elə
yerlər var ki, orada icra başçısı bir neçə
dəfə dəyişilib. Bir neçə
dəfə. Etimadı doğrultmaq
lazımdır. Harada ki, icra
başçısı bunu doğruldur o, mənim tərəfimdən
qiymətləndirilir, dəstəklənir. Harada ki, özünü doğrultmur, əlbəttə
ki, orada biz tədbirlər görürük və mənim
bölgələrə səfərlərimin səbəblərindən
biri də məhz bundan ibarətdir ki, gedim öz gözümlə
görüm. Özüm görüm ki,
insanların əhval-ruhiyyəsi necədir?! Abadlıq işləri, ümumən işlər necə
gedir?! Əlbəttə, Prezidentin çox geniş, gərgin
iş qrafiki vardır. Ancaq bölgələrə
səfərlərim çox əhəmiyyətlidir, həm mənim
üçün, həm də burada yaşayan insanlar
üçün. Bu, dövlət məmurlarını
da daim səfərbər vəziyyətdə saxlayır.
Belə də olmalıdır.
Mən misal
üçün, bu gün həm Qazaxda, həm Ağstafada
görürəm ki, bax, bir il keçməyib
həm oraya, həm buraya yeni icra
başçılarını təyin etmişəm. Görürəm ki, inkişaf vardır. İnsanlar da görürlər, reaksiya da müsbətdir.
Ona görə ziyalılar da, rayon fəalları
da, bütün vətəndaşlar da bir yerdə
olmalıdırlar. Dövlət nümayəndələri,
vətəndaşlar, ziyalılar bir yerdə
olmalıdırlar. Onda bütün işlərimiz
daha da uğurla gedəcəkdir.
* * *
Azərbaycan
Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat
VÜSAL dövlət başçısı ilə hər bir
görüşün hamı kimi, sənət adamlarında da
sonsuz məmnunluq və qürur hissi doğurduğunu diqqətə
çatdıraraq dedi:
- Qərb
bölgəsində Siz dəfələrlə olarkən biz
hiss etmişik ki, sənətə və sənət
adamlarına çox böyük ehtiram göstərirsiniz. Respublikada Heydər Əliyev dövründən qalan
ənənəni yaşadırsınız. Mənim yadımdadır, Siz hakimiyyətə gələndə
dediniz ki, mən Azərbaycanın gələcəyinə
inanıram. Amma bu gələcək bircə
şeydən asılıdır - Heydər Əliyev siyasətini
davam etdirməkdən.
Siz həmin siyasəti çox böyük qüdrətlə
dünya səviyyəsində Azərbaycana böyük
nüfuz gətirəcək şəkildə davam etdirirsiniz və
biz Sizi alqışlayırıq. Demək istəyirəm
ki, qərb bölgəsi, Qazax-Ağstafa bölgəsi tarixən
birlikdə Qazax mahalı adlanır. Bu
mahaldan çox böyük ədəbi simalar
çıxıbdır.
Xalq şairi Səməd Vurğun bu bölgəni vaxtilə
"Şairlər vətəni"
adlandırmışdır. Səməd Vurğun
onların içərisində xüsusi yer tutur. Ulu
öndər Heydər Əliyevin dediyi bir sözü
xatırlatmaq istəyirəm: "Xalq şairi Səməd
Vurğun millətimizin başını uca edən şəxsiyyətlərdəndir".
Bəli, ölkəmizdə millətinin,
xalqının başını uca edən hər bir adama
böyük hörmət, ehtiram, qayğı vardır. Sizin verdiyiniz sərəncamlar əsasında Qazaxda
Mütəfəkkirlər Parkı, xalq
yazıçıları Mehdi Hüseynin, İsmayıl
Şıxlının həm heykəlləri ucaldılıb,
həm də onların adını daşıyan parklar
salınıb, Dədə Qorqud Meydanı
yaradılıbdır. Heydər Əliyev tərəfindən
əsası qoyulmuş "Poeziya evi" Sizin tövsiyələriniz
əsasında yüksək şəkildə bərpa olunub
istifadəyə verilmişdir.
Bu
qayğını və diqqəti bölgəmizin əhatə
etdiyi beş rayonun ədəbi qüvvələrinin
timsalında da aydın görürük. Bu
bölgədə yaşayanlar Səməd Vurğun ədəbi
məktəbindən öyrənirlər. Bayaq
Siz dediyiniz kimi, mənəvi dəyərlərimizə nəsə
əlavə etmək üçün əllərindən gələni
edirlər. Deyim ki, burada olan
yazıçıların hamısının kitabları
çap olunur, onların bir çoxu Prezident təqaüdünə
layiq görülmüşdür, mükafatlar, fəxri adlar
almışlar. Hətta təvazökarlıqdan uzaq olsa
da, deyim ki, keçən il 60 illiyimdə
Siz mənə "Əməkdar incəsənət
xadimi" fəxri adını verdiniz. Fürsətdən
istifadə edib bütün bölgə yazarları adından
təşəkkürümü bildirirəm.
Bu ehtiram, bu diqqət əlbəttə ki, Azərbaycan
dövlətinin möhkəmlənməsi, millətimizin milli
dəyərlərinin artması üçündür. Biz bu sahədə
həmişə Sizə yardımçıyıq, köməkçiyik.
Sizin tövsiyələriniz bizim
üçün həmişə əsasdır. Deyim ki, bu
etimadı vaxtilə Səməd Vurğunun dediyi bir söz
daha çox doğruldur. Nə mənada? Bu gün biz Ağstafadayıq. Ağstafada
Səməd Vurğunun adını daşıyan möhtəşəm
park təzədən bərpa olunmuşdur. İnandırım ki, göz oxşayır.
Üstəlik də,
Ağstafada indi söhbət etdiyimiz yer "Poeziya
evi" adlanır. Bunlar çox böyük
hörmət hissi doğurur. Səməd
Vurğunun o misralarını xatırlatmaq istəyirəm ki,
"Bizdə şeir də var, sənət də vardır.
Şairə, sənətə hörmət də
vardır!"
Bütün bunların hamısı üçün Sizə
təşəkkürümüzü bildiririk. "Var
olun!" deyirik. İcazə versəniz, mən
Qazax ziyalıları adından bir təklifi demək istərdim.
Qazaxda, - Siz özünüz də vaxtilə
ziyarət etmisiniz, - Mütəfəkkirlər Parkı heykəllər,
büstlərdən ibarət möhtəşəm bir
parkdır. O parkda əgər məsləhət bilsəydiniz,
biz çox istərdik ki, gələcəkdə
Bakıdakı Ədəbiyyat Muzeyinin filialı
yaradılsın. Çünki Qazax elə bir
strateji nöqtədə yerləşir ki, qonaq-qarası
çox olur. Bizdə Vaqif Xatirə Muzeyi
köhnə bir binada yerləşir. Yazıçılar
Birliyinin filialı da onun kimi. Məsələn,
məsləhət olsaydı və belə bir bina tikilsəydi,
Vaqif Xatirə Muzeyi də, Yazıçılar Birliyinin
filialı da oraya köçürülərdi. Sonra
orada ayrı-ayrı otaqlar müxtəlif
yazıçılara ayrılardı, əlyazmaları toplanardı,
Mütəfəkkirlər Parkına ziyarətə gələnlər
həmin muzeyin timsalında böyük bir mədəni xəzinə
ilə tanış olardılar. Əgər məsləhət bilsəydiniz. Bunu bir təklif kimi deyirəm.
Sonda icazə
versəydiniz, bölgə yazarlarının, yəni, həm
Qazax, həm Ağstafa yazarlarının əsərlərindən
ibarət, Səməd Vurğunun bir misrası ilə adlanan
"Şairlər vətəni - bizim tərəflər"
antologiyasını Sizə hədiyyə edərdim.
Sizə bütün işlərinizdə müvəffəqiyyətlər
və cansağlığı arzulayıram. Var olun! Millətimiz var
olsun! Azərbaycanımız var olsun!
Prezident
İlham ƏLİYEV: Dediyiniz xoş sözlərə və
verdiyiniz təklifə görə çox sağ
olun. Mən bu təklifə mütləq
baxacağam. Siz bəlkə bunu daha da
konkretləşdirəsiniz və orada yeni bir muzey tikmək o qədər
də böyük problem olmaz. Əsas odur
ki, bunun daxili tərtibatı və funksional tərəfi də
müsbət olsun. Filial kimi də öz fəaliyyətini
göstərə bilər. Ümumiyyətlə
bu, müsbət təklifdir.
Qeyd etdiyiniz kimi, bu gün biz Səməd Vurğun parkında toplaşmışıq. Bu park, doğrudan da, yenidən qurulub. Yeni büst qoyulub. Abadlıq işləri aparılıb. Gözəl bir kitab yaradılıb. Səməd Vurğunun ölməz əsərləri orada əks olunub. Doğrudan da bu, böyük milli sərvətimizdir. Ulu öndərin dediyi sözlər tam həqiqətdir. Ondan yaxşı bu sözləri heç kim deyə bilməzdi. Bir daha demək istəyirəm ki, siz də xatırlatdınız, mənim prezidentlik dövrümün əvvəlində və ondan əvvəl prezident seçkiləri ərəfəsində, 2003-cü ildə demişdim ki, əgər xalq etimad göstərərsə, mən Heydər Əliyev siyasətinə sadiq olacağam. Çalışıram ki, bu illər ərzində bu siyasəti davam etdirim. Bu siyasət bu gün yaşayır, sabah da yaşayacaqdır. Biz vaxtilə ulu öndər tərəfindən göstərilən təşəbbüsləri də davam etdiririk. Məsələn, Səməd Vurğun "Poeziya evi" vaxtilə ulu öndər tərəfindən tikdirilmişdir. Bəlkə xatırlayırsınız, 2004-cü ildə mən Gürcüstandan qayıdarkən yolüstü Ağstafada, Qazaxda oldum, "Poeziya evi"nə baş çəkdim və oradakı vəziyyətlə tanış oldum. Sözün düzü, bu, məni heç açmadı. Çünki vaxtilə tikilmiş gözəl bina artıq yararsız vəziyyətə düşmüşdü. Bütün ekspozisiyalar köhnəlmişdi. Divarlar demək olar ki, tökülürdü. Qabağındakı parkda bütün daşlar sındırılmışdı. Bakıya qayıdarkən dərhal göstəriş verdim və sərəncam imzaladım ki, biz bu "Poeziya evi"ni bərpa edək. Bərpa etdik də. Ondan sonra yenidən orada oldum və gördüm ki, artıq bu, dahi şairimiz Səməd Vurğunun adına layiq olan bir "Poeziya evi"dir. Bu park da Səməd Vurğunun adını daşıyır.
Bu gün Səməd Vurğun sevgisi Azərbaycan xalqının ürəyində yaşayır. Dahi şəxsiyyət, dahi insan idi. Çox gözəl insan idi. Əlbəttə, onun ölməz əsərləri əbədi yaşayacaqdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün biz gənc nəslin tərbiyə olunmasından söhbət açırıq. İnsanlarımız Səməd Vurğunun, bizim digər görkəmli ədiblərimizin, şairlərimizin əsərləri əsasında tərbiyə almalıdırlar. Yəni, Azərbaycan dilini onlardan öyrənməliyik. Biz buna da çox böyük diqqət göstərməliyik, xüsusilə ziyalılar. Çünki sovet dövründə Azərbaycan dilinə istər-istəməz başqa dilin kəlmələri daxil edilmişdi. Əlbəttə, o vaxt təsir var idi. İndi televizora baxanda bəzən görürəm ki, başqa təsirlər də göstərilir. Biz Azərbaycan dilinin saflığını qorumalıyıq. Bu, çox ciddi məsələdir. Azərbaycan xalqı böyük xalqdır. Dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır.
Bu azərbaycanlılar, bizim qardaşlarımız Azərbaycan dilində danışırlar. Azərbaycan dilində. Yəqin, xatırlayırsınız ki, ulu öndər hakimiyyətə gələndən bir qədər sonra Azərbaycan dili ilə bağlı yeni diskussiyalar aparılırdı. Bəzi insanlar bizim dilimizin adını dəyişdirmək istəyirdilər.
Məhz ulu öndərin qətiyyəti, qətiyyətli mövqeyi və onun daxildən gələn duyğuları və inamı bax indiki vəziyyəti bərpa etdi. Bizim dilimiz Azərbaycan dilidir. Bizim dilimiz türk dilləri qrupuna aiddir. Bunu indi filoloqlar, dilçilər, ziyalılar yaxşı bilirlər ki, müxtəlif dil qrupları var. Roman, slavyan, türk dilləri qrupları vardır. Bütün bu dil qruplarına aid olan dillər ancaq ayrı-ayrı dillərdir. Mən yenə də deyirəm, Azərbaycan dilində danışan insanların sayı əlli milyondan çoxdur. Bizim çox zəngin dilimiz vardır. Əlbəttə ki, şairlər bunu hamıdan çox yaxşı bilirlər. Yəni, dilimiz o qədər zəngindir ki, biz indi başqa türkdilli dövlətlərə gedərkən bir çox hallarda onların nə dediyini anlayırıq, başa düşürük. Onlar da bizi başa düşürlər. Azərbaycan dili sinonimlərlə zəngindir. Yəni, bir məfhumun bir neçə sözlə ifadəsi vardır. Bu, dilimizin zənginliyidir. Ona görə də biz Azərbaycan dilini qorumalıyıq. Mən bu barədə dəfələrlə demişəm. Mən son dəfə Milli Elmlər Akademiyasının illik iclasında da demişəm. Digər elmi istiqamətlərlə, elmin inkişafı ilə bağlı digər məsələlərlə yanaşı, biz ilk növbədə, bu məsələyə diqqət verməliyik. Bizim dilimizə kənardan təsir artır və ola bilər ki, artacaqdır. Bəzi hallarda bu, təbii, bəzi hallarda süni xarakter daşıyır. Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda, nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dili bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər də yaxşıdır. Xüsusilə gənclərimiz. Həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir.
Mən müvafiq göstərişlər vermişəm. Yəqin siz də bilirsiniz ki, keçmişdə də olub. Azərbaycan dilinin qorunması ilə bağlı, dilimizin saflığı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bəzən bunlar mətbuatda da dərc edilib, bəzi şifahi göstərişlər də olmuşdur. Hesab edirəm ki, burada biz hamımız, xüsusilə mətbuata çıxışı olan insanlar daha da diqqətli olmalıyıq. Ziyalılar öz sözünü deməlidirlər. Nəinki öz əsərləri, şeirləri ilə, həm də biz bir ziyalı kimi Azərbaycan dilini qorumalıyıq. Hesab edirəm ki, bu, dövlət işi olmalıdır. Belə də olacaqdır. Eyni zamanda, biz Azərbaycan dilinin nə qədər zəngin dil olduğunu həm bizim insanlara, həm bütün türk dünyasına, həm də bütün dünyaya göstərməliyik.
* * *
Şairə Cığatel QASIMOVA dövlət başçısının Ağstafaya qayğısının yaradıcı ziyalılara da xüsusi ilham verdiyini vurğulayaraq dedi: Biz şairlər ilhamı gözəllikdən alırıq. Sizin xüsusi qayğınız, xüsusi göstərişiniz sayəsində ölkəmizin bütün bölgələri kimi, bizim Ağstafamız da inanılmaz dərəcədə gözəlləşmiş və gözəlləşməkdədir. Bu da biz şairlərin, yaradıcı insanların daha gözəl yazıb-yaratmağına böyük təkan verir.
Siz bizi mənən ruhlandırmaqla yanaşı, həm də gözəl yazıb-yaratmağımıza böyük şərait yaradırsınız. Təkcə bunu demək kifayətdir ki, Qazax mahalının, Ağstafanın, Azərbaycanın deyil, bütün türk dünyasının şairi olan, bizim dahi Səməd Vurğunun adını daşıyan bu gözəl parkda Sizin göstərişinizlə yeni quruculuq işləri aparılmışdır. Bu parkda yeni fəvvarələr, Səməd Vurğunun yeni büstü, indi əyləşdiyimiz "Poeziya evi", Vurğun kafesi və açıq etiraf etsək, ölkəmizin heç bir yerində olmayan Kitab abidəsi qurulmuşdur. Bu da ağstafalıları çox sevindirir və biz yazıçıları daha gözəl yazıb-yaratmağa ruhlandırır.
Cənab Prezident, bizim ulu öndərimiz "keçmişi qoru, gələcəyi qur" demişdir. Mən bir azərbaycanlı kimi, keçmişini qoruyan və gələcəyini milli-mənəvi dəyərlər üzərində quran insanlar adından Sizə və Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Siz layiq olanı layiqincə qiymətləndirir və onun qayğısına qalırsınız. Azərbaycan gəlininin, - bəli, mən Mehriban xanıma Azərbaycan gəlini deyirəm, çünki Heydər Əliyev elə Azərbaycan deməkdir,- bizim ana laylamız olan muğamımızı, Dədə Qorqud yadigarı olan sazımızı dünyaya tanıtması bütün azərbaycanlılar kimi, biz ağstafalıları da çox sevindirir.
Cənab Prezident, anadan rəhbər doğulan ulu öndərimiz keçmişi yaxşı bilir, gələcəyi gözəl görür və deyirdi: "Azərbaycan dünyaya günəş kimi doğacaqdır!" Mən Ağstafanın bir şair qızı olaraq Sizin şeirə, sənətə verdiyiniz qiymətdən ürəklənib istəyirəm ki, ulu öndərin bu kəlamını bir bənd şeirlə ifadə edim. Əlbəttə ki, Sizin icazənizlə:
Prezident İlham ƏLİYEV: Buyurun.
Cığatel QASIMOVA :
Yurdum
Odlar yurdudur, rəmzidi altun buta
Butaya kəc
baxanı, butanın ahı tuta,
Görürdü
gələcəyi, deyirdi Heydər ata: -
"Mən
azərbaycanlıyam, başım qar, sinəm ocaq,
Azərbaycan dünyaya Günəş kimi
doğacaq".
Bəli, cənab Prezident, Azərbaycan dünyaya Günəş
kimi doğmaqdadır. Çünki:
Torpaq qədim,
kök dərin, üstü yaşıl budaqdır,
Günəşdən
qidalanan budaq kökə dayaqdır,
Azərbaycan
Anadır, sığınana qucaqdır,
Anasını
sevməyən körpə ağlağan olur,
Rəhbər, rəhbər olanda ölkə firavan olur.
Mənim
gözəl Vətənim əlanın əlasıdır,
Yurduma
sahib olmaq xəbisin xülyasıdır,
Gözəlliyi
görməmək, gözlərin bəlasıdır,
Açılar bəsirəti görəcək zaman olur.
Rəhbər, rəhbər olanda ölkə firavan olur.
Cənab
Prezident, rəhbər, bax belə gözəl rəhbər
olanda ölkə firavan olur. Biz çox sevinirik
ki, bizim Sizin kimi rəhbərimiz var, cənab Prezident.
Professor
Nizami CƏFƏROV: Cənab Prezident, Ağstafa şairləri
Qazax şairlərindən çox güclüdür. Bir dəfə hesabladıq, Qazaxda Səməd
Vurğundur, amma Hüseyn Arif, Nəriman Həsənzadə,
Vidadi Babanlı, İsa Hüseynov -
hamısı ağstafalıdırlar.
Prezident
İlham ƏLİYEV: İndi Qazax şairinin buna cavabı
olacaq?!
Barat
VÜSAL: Amma Ağstafa da Qazax mahalıdır. Səməd
Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı,
Mehdi Hüseyn, Vaqif, Vidadi...
Nizami
CƏFƏROV: Onlar keçmiş şairlərdir.
Prezident
İlham ƏLİYEV: Əlbəttə, sağlam rəqabət
olmalıdır.
Barat
VÜSAL: Cənab Prezident, icazə versəydiniz, yəni elə
söhbət gəlib yerinə çıxdı. Nizami müəllim, yadınızda olar, 91-ci ildə
yazıçıların qurultayında mən Heydər
Əliyevin dərin yaddaşına orada bir daha heyran oldum.
Heydər Əliyev Moskvadan yeni gəlmişdi.
Qurultayda fasilə zamanı bir nəfər dedi ki, Siz nəyə
görə Moskvadan qayıtdınız. Cavab konkret idi:
"İstidir hər quşun doğma yuvası". Oradakı ya
alimlərdən, ya da ki, şairlərdən biri dedi: Bu, Vaqifin
sözüdür. Ulu öndər cavab verdi
ki, xeyr, bu, Səməd Vurğunun "Vaqif" dramında
Vidadinin sözüdür.
Nizami
CƏFƏROV: Ulu öndərimiz bir dəfə Səməd
Vurğunu çox qəribə müdafiə etdi. Çünki Səməd Vurğunun kommunizm ruhunda
şeirləri çoxdur. Bu söhbətlər olanda
dedi ki, heç kim Səməd Vurğunun əvəzindən
üzr istəməsin. Müdrik söz idi.
Yəni ki, dövr ayrı şeydir və heç
kimi günahkar çıxarmaq lazım deyil.
Prezident
İlham ƏLİYEV: Bilirəm, bu barədə mənim xəbərim
var, onu eşitmişəm. Sonra ailəmizdə
də bu barədə söhbət olubdur. Onu
o vaxt çox dərindən incitmişdi ki, belə cəhdlər
olub və o, buna çox dərindən kədərlənmişdi.
* * *
Qazax
şəhər 2 nömrəli orta məktəbin müəllimi,
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin
qalibi Samir HÜSEYNOV ümummilli lider Heydər Əliyevin elmə,
təhsilə və mədəniyyətə verdiyi önəmin
bu gün də davam etməsinin məmnunluq hissi
doğurduğunu bildirərək dedi:
- Gənclərin
formalaşmasında biz müəllimlərin də
böyük rolunu, xidmətini əvəzsiz hesab edirəm. Sizin biz müəllimlərə, ziyalılara
böyük diqqət və qayğınız və 2008-ci ildən
artıq "İlin ən yaxşı müəllimi",
"İlin ən yaxşı məktəbi" müsabiqəsinin
qaliblərinin sərəncamlarınızla
mükafatlandırılması biz müəllimlərə
daha da böyük ruh verir. Biz gələcək
nəslin təlim-tərbiyəsində, onun
formalaşmasında əlimizdən gələni edəcək,
var gücümüzlə çalışacaq, gələcəkdə
qloballaşan dünyada ölkəmizi təmsil edəcək,
yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasında bilik və bacarığımızı
ortaya qoyacağıq.
Cənab
Prezident, mən rayonumuzun bütün ziyalıları
adından Sizə cansağlığı, bizə olan bu diqqət
və qayğınız qarşısında minnətdarlığımı
bildirirəm. Sizi əmin edirəm ki, biz
ziyalılar gənc nəslin tərbiyəsində və təhsil
almasında əlimizdən gələni edəcəyik.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Əminəm ki, Ağstafa-Qazax ziyalıları
həmişə olduğu kimi, ölkəmizin güclənməsi
işində öz səylərini göstərəcəklər.
Bizim ümumi işimiz vardır. Ümumi işimiz ondan ibarətdir ki, ölkəmizi
daha da gözəl, abad, firavan görmək, Azərbaycanın
dünyadakı mövqelərini möhkəmləndirmək,
daxildəki vəziyyəti daim sabit saxlamaqdır. Mən əminəm ki, biz gələcəkdə
bundan böyük hədəflərə
çatacağıq. Biz həmişə
qarşıya bəlkə də əlçatmaz kimi
görünən çox böyük hədəfləri
qoyuruq və o hədəflərə çatırıq.
Əminəm ki, biz həyatda bütün hədəflərimizə
çatacağıq və Azərbaycan dünya miqyasında
daha da qüdrətli dövlətə çevriləcəkdir.
* * *
Gənc
şairə Şahinə HƏSƏNZADƏ dövlət gənclər
siyasətinin uğurlarından danışaraq dedi:
- Möhtərəm
cənab Prezident, mən də Ağstafa gəncləri
adından Sizi salamlayıram, doğma Ağstafamıza
"Xoş gəlmisiniz" deyirəm. Sizin rəhbərliyiniz
altında, xüsusən ulu öndərimiz Heydər
Əliyevin ölməz idealları sayəsində Azərbaycanımız
bu gün inkişafın ən yüksək mərhələsini
yaşayır. Bu inkişafın nəticəsidir
ki, Ağstafa rayonunda da geniş abadlıq-quruculuq işləri
həyata keçirilir. Xüsusən
inşa edilib bu gün istifadəyə verilən Gənclər
Mərkəzi Ağstafa gənclərinin intellektual səviyyəsinin
yüksəldilməsinə, yaradıcılıq
potensialının artmasına xidmət göstərəcəkdir.
Buna inanırıq. Biz
Ağstafa gənclərinə bu Mərkəzi bəxş
etdiyiniz üçün Sizə bütün Ağstafa gəncləri
adından dərin təşəkkürümüzü
bildiririk, "çox sağ olun" deyirik.
Mən istərdim ki, bir şeyi də qeyd edim. Yoldaşlar da
qeyd etdilər ki, Siz dahi mütəfəkkirlərimizə,
yazıçı və şairlərimizə həmişə
qayğı-diqqət göstərmisiniz. Bunun ən bariz
nəticəsidir ki, dahi mütəfəkkirlərimizin,
yazıçı və şairlərimizin kiril əlifbası
ilə olan kitablarının kütləvi surətdə latın qrafikası ilə nəşrinə sərəncam
verdiniz və nəşr olundu. Həmin kitablar
respublika kitabxanalarına hədiyyə olaraq verildi. Bu, Azərbaycanın yazıçı və
şairlərinə, o cümlədən Azərbaycan oxucusuna
göstərilən ən böyük ehtiramdır. Mən
gənc yazıçı olduğum üçün Sizin gənc yazıçılara xüsusi diqqətinizi
də vurğulamaq istəyirəm. Xüsusən
gənc yazıçılara, gənc şairlərə
Prezident təqaüdünün verilməsi biz gənc
yazıçıları çox ruhlandırır. Buna
görə də çox sağ olun, bir
daha minnətdaram, var olun.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun
ki, bu məsələyə toxundunuz. Doğrudan
da, çox ciddi məsələdir. Mən
xatırlayıram, o vaxt - prezident seçkiləri ərəfəsində
kiril əlifbasında dərc edilmiş kitabları latın əlifbasında yenidən dərc etmək
üçün mənə ziyalılar tərəfindən
müraciət olmuşdu. Ziyalılarla
görüşdə Yazıçılar Birliyinin sədri
Anar bu məsələni qaldırdı. Çünki
doğrudan da, çox böyük problem yaranmışdı.
Bizim məktəblərdə oxuyan uşaqlar latın
əlifbasında dərs alırlar, amma bütün kitablar
kiril əlifbasında olduğundan oxuya bilmirdilər. Çox
qısa müddət ərzində bütün kitabları - həm
Azərbaycan müəlliflərinin, həm də dünya
müəlliflərinin kitablarını biz latın
əlifbasında çap etdirdik və bu problem artıq öz
həllini tapmışdır. Yəni, bu, ziyalıların
təşəbbüsü idi və mən bu təşəbbüsü
dəstəklədim. Doğrudan da,
çox qısa müddət ərzində biz buna nail olduq.
Bəziləri inanmırdı ki, biz buna nail
olacağıq. O vaxt bizim dövlət büdcəmiz o qədər
də böyük deyildi, indikindən 20 dəfə az idi. O vaxt bu məsələyə
diqqət göstərmək və bu məqsədlər
üçün pul ayırmaq çox çətin bir məsələ
idi.
Bir neçə ay ərzində müzakirə edildi, nə
qədər vəsait ayrılacaq, necə ayrılacaq?! Mən o vaxt dedim ki, bir
halda, bu lazımdır və bir halda mən söz
vermişəm, mütləq biz buna nail olacağıq.
İkinci, qaldırdığınız gənclər
evlərinin, gənclər mərkəzlərinin tikintisi məsələsi
də Azərbaycanda çox geniş vüsət alıb. Bu da çox
böyük layihədir. Bildiyiniz kimi, keçən il "Azərbaycan gəncliyi" Dövlət
Proqramı qəbul edilmişdir.
O proqramda hər bir yerdə gənclər evlərinin
tikintisi nəzərdə tutulur, artıq Gənclər Fondu təsis
edilib. Prezidentin Ehtiyat Fondundan
ilkin ödəmə təşkil edilib, beş milyon manat
ayrılıb və əminəm ki, hər bir bölgədə bu vəsaitdən istifadə
edəcəklər. Əlbəttə ki, sonra
biz bu məbləği artıracağıq.
Bu gün həm Qazaxda, həm Ağstafada gənclər
mərkəzləri açılıbdır. Çox
gözəl mərkəzlərdir. Həm
istirahət etmək üçün internet-klub, həm də
karaoke vardır. Yəni, gənclərin
asudə vaxtlarını səmərəli keçirmələri
üçün gözəl şərait yaradılıb.
Gənclər bizim gələcəyimizdir. Gələcəkdə
bizim ölkəmizi gənclər idarə edəcəklər.
Ona görə bir daha
qayıdıram söhbətimizin əvvəlinə, gənclər həm bilikli,
savadlı, həm də vətənpərvər
olmalıdırlar. Şadam ki, bizim gənclər
belədirlər. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 14 aprel.- S. 1.