Prezident İlham Əliyev Ağstafa Aqroservis MMC-nin açılışında iştirak etmişdir

 

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa Aqroservis" MMC-nin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, "Ağstafa Aqroservis" MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaqdır. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün "vahid pəncərə" rolunu oynayacaqdır. Müəssisə tərəfindən əkinçilik təsərrüfatlarına keyfiyyətli və yüksək məhsuldarlığı təmin edən toxum, gübrə və kimyəvi preparatlar təklif ediləcəkdir.

Diqqətə çatdırıldı ki, cəmiyyətin inzibati bölməsi də yüksək tələblər səviyyəsində qurulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağstafa rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. İnzibati bölmədə iki bufet, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, laboratoriya fəaliyyət göstərir.

Bildirildi ki, ümumi sahəsi bir hektardan çox olan "Ağstafa Aqroservis" MMC-nin tikintisinə 2010-cu ilin iyununda başlanılmışdır. Müəssisəyə Almaniyanın aparıcı şirkətlərinin istehsalı olanmüasir standartlara cavab verən texnika və avadanlıq alınmışdır. Burada ümumilikdə 75 traktor, qoşqu və digər texnika vardır. Müəssisə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malikdir.

Qeyd olundu ki, bu cür kənd təsərrüfatı texnikaları Cənubi Qafqazda yalnız "Ağstafa Aqroservis" MMC-də vardır. Müasir tələblər səviyyəsində hazırlanan bu texnikaların tətbiqi ilə daha az yanacaqvaxt sərf etməklə yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Buradakı texnikanın əksəriyyəti, eyni zamanda 4-5 əməliyyat yerinə yetirə bilir. Müəssisənin ixtiyarında üç mobil servis maşını da vardır. Almaniyada istehsal olunan bu avtomobillər istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompyuter və digər zəruri avadanlıqla təchiz edilmişdir.

Dövlət başçısı müəssisənin anbarı ilə də tanış oldu.

Məlumat verildi ki, burada fermerlərə kimyəvi və orqanik maddələr təklif olunur. Anbarda boytənzimləyici, torpaqların xüsusiyyətlərinə uyğun gübrələr, alaq otlarına qarşı maddələr, həmçinin yüksək keyfiyyətli buğdaarpa toxumları vardır. Fermerlərə müəssisənin mütəxəssisləri tərəfindən aqrar işlərlə bağlı məsləhətlər verilir və onların hazır məhsulları alınır.

Prezident İlham Əliyev "Ağstafa Aqroservis" MMC-nin strukturu, müəssisənin göstərdiyi xidmətlər və aqrotexniki tədbirlərin qiymət cədvəli ilə tanış oldu. Bildirildi ki, 30 nəfərin işlə təmin olunduğu müəssisə yalnız Ağstafa rayonunda deyil, QazaxTovuz ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir.

Dövlət başçısına gələcəkdə "Ağstafa Aqroservis" MMC-nin tərkibində yaradılacaq "Taxıl anbarı, emalı və un istehsalı" bölməsi barədə də məlumat verildi. Burada aqrar laboratoriyanın yaradılması, ümumi saxlama gücü 30 min ton olan üç taxıl və 6 min tonluq üç toxum anbarının tikintisi nəzərdə tutulmuşdur. Bundan başqa, ümumi sahəsi 6 min hektar olan taxılçılıq təsərrüfatının yaradılması qarşıya məqsəd qoyulmuşdur. Avadanlığı Almaniya istehsalı olan dəyirmanın və saatda 10 ton istehsal gücünə malik çörək-qənnadı zavodunun tikilməsi planlaşdırılır. Müəssisədə 28 nəfər işlə təmin ediləcəkdir.

Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində inşa ediləcək "Ağstafa Süd" ASC-nin layihəsi ilə də tanış oldu.

Bildirildi ki, layihənin məqsədi Ağstafa rayonunda özündə yem və heyvandarlıq təsərrüfatları, süd emalı zavodunu birləşdirəcək südçülük kompleksinin yaradılmasıdır. Kompleks yem, heyvandarlıq təsərrüfatları və emal gücü saatda 5 ton olan süd zavodunu özündə birləşdirir.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2,7 min hektar olan yem təsərrüfatında yonca, arpa, buğda, qarğıdalı əkiləcəkdir. Bununla da kompleksdə heyvandarlıq təsərrüfatı üçün il ərzində tələb olunan yemin 95 faizi bu təsərrüfatda istehsal ediləcəkdir. Kompleksin heyvandarlıq təsərrüfatında 6630 baş mal-qara bəslənilir ki, onların arasında xaricdən gətirilən cins inəklər də vardır.

Dövlət başçısı Almaniyada istehsal edilən "Kompakt-Soliter 9" əkin aqreqatının prinsipi ilə tanış oldu.

Qeyd edildi ki, dünyanın ən müasir aqrar texnikalarından olan bu aqreqatın işçi eni 6 metr, gavahının cərgələri 48, toxum bunkerinin həcmi 4,5 tondur. Cənubi Qafqazda bənzəri olmayan bu avadanlıq, eyni zamanda, 5 əməliyyat həyata keçirə bilir.

Prezident İlham Əliyevə ilk dəfə burada istehsal olunan üç buğdabir arpa toxumu barədə məlumat verildi. Dövlət başçısı toxumların istehsal məqsədi, növü, əkin regionları, əkin vaxtı, həmçinin tərkib sıxlığı ilə tanış oldu.

"Ağstafa Süd" ASC-nin maketi ilə tanış olan dövlət başçısına bildirildi ki, buradakı süd emalı zavodunda istehsal ediləcək çoxçeşidli məhsullar həm daxili bazara, həm də Avropa bazarlarına çıxarılacaqdır. Bütövlükdə regionun iqtisadi inkişafına töhfə verəcək müəssisədə ümumilikdə 114 nəfər işlə təmin olunacaqdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, layihə üç mərhələdə reallaşdırılacaqdır. Artıq birinci mərhələ başa çatmışdır. İkinci mərhələyə isə avqustda start veriləcəkdir.

Müəssisənin fəaliyyəti və gələcək layihələrlə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 4.