Tovuzda Ayan Palace hoteli açılmışdır

 

 Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda "Ayan Palace" hotelinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevə bildirildi ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebelaksessuarlardan istifadə olunmuşdur. Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır, 120 nəfərlik restoran fəaliyyət göstərir. Hotelə bitişik 700 nəfərlik salon da inşa olunmuşdur.

Salonla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu salonda həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunmuşdur. Hoteldə günün istənilən vaxtında müştərilərə  xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofismağazalar da fəaliyyət göstərəcəkdir.

Diqqətə çatdırıldı ki, "Ayan Palace" hotelində 65 nömrə vardır. Nömrələr hotelin 1-5-ci mərtəbələrində yerləşir və  ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.

Otaqlarla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya hotel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir. Qonaqlar, eyni zamanda, otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə biləcəklər.

Dövlət başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və sağlamlıq mərkəzi ilə də yaxından tanış oldu. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türkfin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcəkdir. Hoteldə həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılmışdır.

Məlumat verildi ki, hazırda hoteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilmişdir. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulmuşdur.

Bildirildi ki, "Ayan Palace" hotelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcəkdir.

Hotel ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 5.