Azərbaycanın
pravoslav xristian
icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri müasir cəmiyyətimizin başlıca ictimai dəyərlərindəndir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, vətəndaş cəmiyyəti quruculuğunda fəallıq nümayiş etdirirlər.
Pasxa bayramı əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.