Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 2012-ci ildə Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyi tamam olmuşdur.

Bəhruz Kəngərli milli təsviri incəsənətdə realist dəzgah boyakarlığının yaradılmasına misilsiz töhfələr vermiş, portret və mənzərə janrının formalaşmasında böyük rol oynamışdır. Sənətkarın zəngin irsi xalqımızın tarixi keçmişinidövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirir. Bəhruz Kəngərli ölkəmizdə teatr rəssamlığının banilərindəndir.

Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Bəhruz Kəngərlinin 120 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.