Azərbaycan
Respublikası gömrük orqanlarının
emblemi haqqında əsasnamə
Əlavə III
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 13 aprel tarixli fərmanı
ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanlarının rəmzidir. Bu emblem Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə mənsubiyyətini bildirən nişandır.
3. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.
4. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin iş otağında, komitənin kollegiya zalında və Azərbaycan Respublikası gömrük orqanlarının bayrağında da yerləşdirilir.
5. Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:
5.1. Azərbaycan Respublikası gömrük orqanlarının çap məhsullarında, kino, video və foto materiallarında;
5.2. Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sifarişi ilə hazırlanan reklam-informasiya
və suvenir məhsullarında (prospektlərdə,
bukletlərdə, təqvimlərdə, nişanlarda,
vımpellərdə, kiçik bayraqlarda, saatlarda, qablarda, medalyonlarda, dəftərxana
ləvazimatında və digər məhsullarda).
Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.