Bakıda “NATO-nun Çikaqo
sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq
üçün yeni imkanlar” konfransı keçirilmişdir
Aprelin 13-də Bakıda
"NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik
tərəfdaşlıq üçün yeni imkanlar"
adlı konfrans keçirilmişdir. konfrans NATO-nun Azərbaycandakı
əlaqələndiricisi olan Rumıniyanın səfirliyi tərəfindən
alyansın mənzil-qərargahı və ölkəmizdəki
beynəlxalq məktəbi ilə birgə təşkil
olunmuşdur.
Tədbirin
keçirilməsinin məqsədi bu il NATO-nun Çikaqoda
keçiriləcək sammitinin gündəliyində olan ən
vacib məsələlərə Azərbaycan ictimaiyyətinin
münasibətini öyrənmək, konfrans
iştirakçılarına zirvə görüşündən
əvvəl əlaqədar məsələlər üzrə
təkliflərini irəli sürmək imkanı
yaratmaqdır.
Konfransda
Azərbaycanın Müdafiə Nazirliyinin, Xarici İşlər
Nazirliyinin, Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin, NATO Beynəlxalq
Katibliyinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin,
Azərbaycan Diplomatik Akademiyasının, Bakı Dövlət
Universitetinin eləcə də ölkəmizdə akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri iştirak
etmişlər.
Rumıniyanın
Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu NATO-nun
Çikaqo sammitinin alyansın üzvləri ilə tərəfdaş
ölkələr arasında əməkdaşlıq
üçün yeni imkanlar yaradacağını
vurğulamışdır. Diplomat NATO yüklərinin Əfqanıstana
daşınması prosesinə verdiyi töhfəyə görə
Azərbaycan hökumətinə minnətdarlığını
bildirmişdir.
Azərbaycanın
Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq
idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov Çikaqo
sammitinin alyans ilə tərəfdaş ölkələr
arasında strateji əlaqələr istiqamətlərini
müəyyənləşdirməyə imkan verəcəyini
diqqətə çatdırmışdır. Azərbaycan-NATO
əlaqələrinin tarixinə toxunan R.Nəcəfov
seminarların və təlimlərin keçirilməsinin, NATO
standartlarına uyğunlaşma sahəsində əməkdaşlığının
vacibliyini, Çikaqo sammitində qəbul ediləcək qərarların
gələcək əməkdaşlığa təkan verəcəyini
qeyd etmişdir.
Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov,
Xarici İşlər Nazirliyinin təhlükəsizlik məsələləri
idarəsinin rəis müavini Qaya Məmmədov və
başqaları NATO-Azərbaycan münasibətlərinin
inkişafı baxımından tədbirin əhəmiyyətindən
danışmışlar. Bildirilmişdir ki, Azərbaycan-NATO
münasibətləri ölkəmizin alyansın sülhməramlı
əməliyyatlarında iştirakı, NATO
standartlarının tətbiqində təşkilatın dəstəyi
və digər sahələrində davam edir.
Sonra
konfransda məruzələr dinlənilmiş, təkliflər
verilmiş və müzakirələr
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.