Uzunömürlü Pirallahı

 

 Pirallahı adasında, dənizlə torpağın qovuşduğu yerdə gecəli-gündüzlü "ürəyi döyünən" bir quyu var. Nömrəsi 157-dir. Amma ona sadəcə olaraq "birinci quyu" deyirlər. Çünki həqiqətən də təkcə Xəzərdə deyil, bütün dünyada qazılan ilk dəniz quyusudur. Bu "uzunömürlü" artıq 77 yaşına çatıb. Lakin o hələ yaşayır və onu yaşadırlar. Ona görə ki, öz varlığı ilə dünyaya, yeni-yeni nəsillərə canlı hekayət danışır.

157-ci quyu 110 ildir qurudakı, 80 ilə yaxındır dənizdəki hissəsi neft verən "Pirallahı" yatağının simvoluna çevrilib. Ən maraqlısı isə odur ki, quyudan hələ də neft alınır və bu, yatağın ehtiyatlarının tükənmədiyinə ən əyani misaldır.

Vaxtilə yad adlarla çağırılan Pirallahı adasının, burada yerləşən neft və qazçıxarma idarəsinin indi başqa növrağı var. Dənizin, onun qoynundakı bir parça "qızıl" torpağın - Pirallahı adasının sərvətləri də əsrlər boyu özgələrin olub. Müstəqillik şəraitində yaşadığı son 21 ildə Azərbaycanda çox şey dəyişib. "Pirallahı" yatağını istismar edən "Abşeronneft" NQÇİ-də (Neft və Qazçıxarma İdarəsi) də həmçinin. Xüsusilə son illərdə idarə neftqaz hasilatı sahəsində, işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. İş canlanıb, əmək təhlükəsiz və ürəkaçan olub, ətraf mühitə qayğı artıb. Bütün bunlar təbii ki, insanların öz sərvətlərinin sahibi olduqları hissindən irəli gəlir.

"Abşeronneft"in rəisi Qoçalı Mahmudov da bunu vurğulayır:

- Dəniz həmin dənizdir, suyun dibindəki neft-qaz da həmçinin. Amma insanların işə münasibəti yaxşılığa doğru çox dəyişib. Ekoloji və digər problemlər də ortaya çıxır. Lakin onları aradan qaldırmaq istəyi daha güclüdür. Odur ki, indi "Abşeronneft" bütün sahələrdə müvəffəqiyyət qazanmağa nail olur.          

Keçən il idarədə gündəlik orta hasilat nəzərdə tutulan 503 ton əvəzinə 551 ton olub. İl ərzində nəzərdə tutulduğundan əlavə 17787 ton neft çıxarılıb. Başqa sözlə, hasilat ondan əvvəlki ilə nisbətən 16,4 faiz artıb. 2011-ci ilin qaz hasilatı və təhvili planlarına da artıqlaması ilə əməl olunub.

Faktlar və rəqəmlər bu ilin birinci rübündə qazanılan nailiyyətlərin də ürəkaçan olduğunu təsdiqləyir. Belə ki, ilin əvvəlindən gündə orta hesabla 579 ton neft çıxarılıb. Plan üzrə isə bu rəqəm 529 tondur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə idarədə neft hasilatı 18,3 faiz çoxalıb. Üç ayda əlavə olaraq 4605 ton neft hasil edilib. Bu da planın 109,6 faiz yerinə yetirilməsi deməkdir. Qaz hasilatı da artıb. Keçən ilin üç ayına nisbətən artım 2,2 faiz təşkil edib.

Ötən əsrdə "Pirallahı"dan sonra "Abşeronneft"in neftqaz quyularının sayı kəşf olunan yeni yataqların hesabına xeyli çoxalıb. 1947-ci ildə "Gürgan-dəniz" yatağı işlənməyə cəlb olunub. Əsrin ortasından başlayaraq isə "Darvin bankası", "Abşeron bankası", "Qərbi Abşeron" yataqları kəşf olunub. Adada olarkən eşitdik ki, dənizdəki özüllər quru sahədən bəzən on kilometrlərlə məsafədə quraşdırılıb. Hətta buradan 45 kilometr aralıda, dənizin Sumqayıta yaxın ərazisində də özüllər var.

 

QISA ARAYIŞ:  

 

Hazırda "Abşeronneft"in istismarda olan quyu fondu 519 quyudan ibarətdir. Onların 9-u qaz quyusudur. Fəaliyyətdə olan quyuların sayı 439-dur. Fəaliyyətsiz quyu fondunu isə 67 quyu təşkil edir. 13 quyu mənimsəmədədir. Üç ay ərzində fəaliyyətsiz fonda bir quyu keçib. Həmin fonddan isə təmir edilmiş 14 quyu istismara daxil olub. Bunun da sayəsində 1671 ton neft hasil edilib. Qazmadan istismara 9 quyu keçib. Bu, 1881 ton neftin çıxarılmasına imkan verib.

Neft, qaz, kondensat təbiətin səxavətli əlilə Azərbaycana bəxş etdiyi sərvətdir. Bu gün "Abşeronneft"dəki yataqların ehtiyatlarının hələ bol olması xalqımıza Tanrı payıdırsa, onların torpağın təkindən, dənizin dibindən çıxarılması insanların fədakar əməyinin bəhrəsidir.

Baş geoloq Fazil İbrahimov deyir ki, yataq köhnə olsa da, həm dənizdə, həm quruda qazma işləri davam edir. İdarənin nailiyyətləri geoloqların, qazmaçıların quyuların yeraltı əsaslı təmiri ilə məşğul olan işçilərin, mühəndis-texniklərin, operatorların, bir sözlə, 1556 nəfərlik böyük bir neftçi kollektivinin rəhbərliklə əl-ələ verib göstərdiyi səylərin nəticəsidir.

 

Köhnə yataqda hasilatı sabit saxlamaq həmişə, hər yerdə çətin işdir. "Abşeronneft"in əməkçiləri isə onu nəinki sabit saxlamağa, hətta artırmağa nail olurlar. İdarədə dörd neft qazçıxarma sexi, bir sıra digər əsas sexlər köməkçi sahələr fəaliyyət göstərir. Neftin xeyli hissəsi dənizdən çıxarılır. Odur ki,  idarə əməkçilərinin böyük bir dəstəsi Xəzərin qoynunda çalışır. Neftin hər damlası sözün əsl mənasında onların fədakarlığı nəticəsində hasil olunur.

14 yeraltı 10 əsaslı təmir briqadası da öz gərgin zəhmətini səriştəsini bu məqsədə yönəldir. Geoloqların işinə uğur gətirən isə istismar olunan əraziyə dərin bələdlikləridir.

Pirallahıda təmirə dayanmış quyuların birinin yanında ayaq saxladıq. Burada beşinci briqada işləyirdi. Qazmaçı köməkçisi Vasif Cəfərov qabağa çıxdı. Sanki öz doğma evinin qapısı ağzında qonaq qarşılayırdı... Sex rəisinin, ustaların başqa sahələrdə olması qazmaçı köməkçisini qətiyyən çaşdırmadı. İşləri barədə özü ətraflı məlumat verdi:

- Adından da bəllidir ki, quyuların əsaslı yeraltı təmir sexi istismar quyularının vaxtında və keyfiyyətli təmiri ilə məşğul olur. Burada çalışanların hamısının gördüyü işi ümumiləşdirsək, deməliyik ki, bizim bu sex neft hasilatının intensivləşdirilməsi və artırılması üçün tədbirlər görür, quyularda dərinlik avadanlıqlarının yeni nümunələrini sınaqdan çıxarır.

Bir addımlıqdakı buruqda 5-6 nəfər qızğın işlə məşğul idi. Qazmaçı köməkçisi əlini buruğa tərəf uzatdı:

- 519 metr dərinliyə çatmışıq, - dedi. - "Zirvə"yə az qalıb, cəmi 261 metr.

Bəli, qazmaçı üçün fəth etdiyi dərinlik həmişə zirvə sayılır. Bu zirvəyə çatmaq üçün isə qazmaçı yayın qızmarında alın təri tökür, günəş altında qaralır. Payızın sazağında, qışın şaxtasında isə Xəzərin şıltaqlıqlarına dözür... Qazmaçının əməyi çətin, çörəyi halaldır. Qazmaçı deyəndə elə bütün neftçilərin. Ona görə də dövlətimiz daim neftçilərin və məişət şəraitinin yaxşılaşdırılması, əməyinin layiqincə qiymətləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirir. Bu baxımdan xüsusilə son illərdə ARDNŞ-nin bütün müəssisələrində, o cümlədən "Abşeronneft"də təqdirəlayiq işlər görülüb. Hazırda bu NQÇİ-də çalışanların orta aylıq əməkhaqqı 924 manatdır. Qeyd edək ki, keçən il bu rəqəm 760 manat olub.

ARDNŞ-nin 2007-2010-cu illər üçün sosial-iqtisadi inkişaf proqramına müvafiq olaraq idarədə 50 nəfərlik yeməkxana istifadəyə verilibmüasir avadanlıqlarla təchiz edilib. 2011-2015-ci illərin proqramına isə mədən ərazisində 100 nəfərlik belə bir obyektlin tikilməsi nəzərdə tutulub. İşçilərin sağlamlığının qorunması üçün onlara qablaşdırılmış içməli su alınıb verilir. Zərərli sahələrdə çalışanlar süd məhsulları ilə təmin edilir. Müalicəyə ehtiyacı olanlar həkim təyinatı ilə müxtəlif səhiyyə ocaqlarına göndərilir. Yay aylarında neftçilərin Nabranda və digər bölgələrdə istirahəti təşkil edilir.

Bu qəbildən olan tədbirlərin siyahısını xeyli artırmaq da mümkündür. Lakin bunların sırasında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin adada, o cümlədən idarənin yerləşdiyi ərazilərdə çirklənmiş torpaqları rekultivasiya etməsi xüsusi əhəmiyyətə malikdir. Torpaqlar təmizləndikdən sonra yüzlərlə yeni ağac əkilib, yaşıllıqlar salınıb. Ağacların suvarılması üçün su xətti çəkilib.

İnsanların sağlamlığına xidmət edən vacib məsələlərdən birilay sularının utilizasiya edilməsidir.

"ƏKS-OSMOS" qurğuları isə bütün adaya yeni bir nəfəs gətirib. Təkcə keçən il bu qurğular vasitəsilə 11,6 min kubmetr dəniz suyu təmizlənib, nasoslarla sexlərə və digər ərazilərə paylanıb. "ƏKS-OSMOS" suyunun keyfiyyəti mütəmadi yoxlanılır və onu məişətdə istifadə etməklə yanaşı əmin-arxayınlıqla içmək də olur. Qısası, bu suyun neftçilərə və bütün Pirallahı sakinlərinə çox köməyi dəyir. Axı necə olsa da, ada adadır və burada təmiz suya həmişə ehtiyac var.

daha önəmli bir fakt: keçən il ərzində "Abşeronneft"in istehsalat sahələrində heç bir bədbəxt hadisə baş verməyib. Bu da əməyin təhlükəsizliyi qaydalarına əməl olunmasının, belə vacib məqsədə yönəldilmiş tədbirlərin ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir. Başqa sözlə, neftçinin sağlamlığı  başlıca şərtdir. Belədə onun əməyi daha çox bəhrə verir və nə vaxtsa mədəni tərk edib estafeti cavanlara ötürəndə əlini ürəyinin üstünə qoyub buradan arxayın gedir. Özüuzun ömür yaşayır, peşəsi də. Uzunömürlü Pirallahıda həmişə belə olur...

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 9.