Bölgələrin
sosial-iqtisadi simasını dəyişdirən sənəd
İkinci regional inkişaf
proqramının qəbulundan üç il keçir
Azərbaycanın sosial-iqtisadi
inkişafı artıq neçə vaxtdır dünyanın
diqqətini özünə cəlb edir. Bir çox beynəlxalq
maliyyə qurumları ölkəmizdəki inkişafı
yüksək qiymətləndirərək qeyd edirlər ki, bu
inkişaf ilk növbədə həyata keçirilən məqsədyönlü
iqtisadi siyasətin nəticəsidir.
Həqiqətən,
aparılan uğurlu siyasət nəticəsində Azərbaycan
iqtisadiyyatı bütün sahələrdə böyük
nailiyyətlərə imza atıb. O cümlədən,
regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilən iki dövlət proqramı ölkə həyatında
müstəsna rol oynayıb. Birinci Dövlət Proqramında
qarşıya qoyulan bütün məsələlər
uğurla həyata keçirilib. Bölgələrdə
mövcud olan sosial-iqtisadi məsələləri tam həll
etmək üçün isə ikinci Dövlət Proqramı
qəbul edilib. Bu proqramda da hər rayonda, hər kənddə
görüləcək işlərin həcmi və icra
müddəti dəqiq müəyyən olunub. Bu da işin
icrasına nəzarəti gücləndirməyə imkan verir.
Nəticə isə çox uğurludur.
Bu barədə Prezident İlham Əliyev "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda belə demişdir: "Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Ondan əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".
Bu gün biz regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının icrası nəticəsində ölkə boyu həyata keçirilən nəhəng quruculuq işlərinin şahidiyik. Proqramın icrası nəticəsində onlarca yeni müəssisə yaradılıb. Həmin müəssisələrdə müxtəlif növ məhsullar istehsal olunur, insanlar çalışaraq güzəranlarını yaxşılaşdırır, ölkənin ümumi inkişafına öz töhfələrini verirlər.
Ölkənin tərəqqisinin sahibkarlığın inkişafından asılı olduğu üçün dövlət bu sahəyə xüsusi diqqət yetirir. Bu məqsədlə sahibkarlara siyasi və iqtisadi dəstək verir, büdcədən maliyyə vəsaiti ayırır, onları güzəştli kreditlərlə təmin edir. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlığın inkişafına 2012-ci il də daxil olmaqla ümumilikdə 900 milyon manat kredit verilib.
İkinci Dövlət Proqramının uğurlu icrası nəticəsində ötən il regionlarda 5 mindən çox müxtəlif təyinatlı sənaye, emal, kənd təsərrüfatı, turizm və sosial xidmət obyektləri istifadəyə verilib. Ümumilikdə 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlayıb və 241 min yeni iş yeri açılıb.
Ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar sektorun inkişafına da xüsusi qayğı göstərilir. Bu məqsədlə bölgələrdə yeni müəssisələrin yaradılması üçün külli miqdarda güzəştli kreditlər verilir. Hazırda Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına regionlarda 23 quşçuluq fabriki, 5 heyvandarlıq kompleksi, 14 soyuducu və taxıl anbarı, 13 istixana kompleksi, 5 süd, 3 ət emalı, 4 konserv, 8 çörək zavodu tikilir.
Onu da qeyd edək ki, ötən il fond tərəfindən verilən güzəştli kreditlərin 75 faizi regionların payına düşüb. Bu kreditlər hesabına 33 istehsal, emal, infrastruktur müəssisəsi tikilərək istifadəyə verilib. Cari ildə isə daha 96 müəssisənin istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, "Aqrolizinq"in xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilib. Eyni zamanda fermerlərə kömək məqsədilə rayonlardakı aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilir.
Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il 310 transformator və 25 yarımstansiyası quraşdırılıb, 3 min 700 kilometrədək elektrik xətti çəkilib. Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal olunur. Bir sözlə, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində bölgələr vacib rol oynayır.
İkinci Dövlət Proqramında istehsal müəssisələri ilə yanaşı, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-infrastruktur obyektlərin tikintisinə də xüsusi diqqət yetirilib. Proqramın icrası zamanı yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilərək 5 min kilometrdən çox kəmər çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılıb, 1537 kilometr qaz xətti təmir edilib.
Proqram çərçivəsində həmçinin 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr yol salınıb və təmir olunub. Eyni zamanda 25 yeni körpü və tunel inşa edilib, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilib.
Bunlardan əlavə, dövlət proqramının icrası çərçivəsində təkcə ötən il 247 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib, şəhər məktəblərinin 94, kənd məktəblərinin isə 84 faizi kompyuter avadanlıqları ilə təchiz olunub. Son iki il ərzində regionlarda daha 325 məktəbin tikintisi və ya əsaslı təmiri nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə qəzalı məktəblərin olması praktikasına son qoyulacaq. Eləcə də əhalinin sağlamlığını qorumaq məqsədilə səhiyyə sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün xeyli iş görülür. Bu məqsədlə proqram çərçivəsində 54 səhiyyə obyekti, müxtəlif təyinatlı müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilib və ya əsaslı təmir olunub.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində bölgələrin infrastruktur təminatı da yaxşılaşdırılır. Bu, həm də bölgələrin iqtisadi və sosial simasının tamamilə dəyişməsi deməkdir.
Bir faktı da xüsusi qeyd etmək lazımdır: regionlarda yaradılan müəssisələr müasir texnologiya və avadanlıqlarla təchiz edildiyi üçün dünya standartlarına uyğun məhsul istehsal etmək imkanı qazanıb. Artıq bölgələrdə istehsal olunan bir çox məhsullar xarici bazarlara ixrac olunur. Beləliklə, ölkəmizin ixracatında qeyri-neft məhsullarının payı artır. Bu istiqamətdə görülən işlər hələ başa çatmayıb. Dövlət ixracyönümlü müəssisələrə dəstək göstərməklə yanaşı, bu tipli yeni müəssisələrin yaranmasını da stimullaşdırır. Yaxın illərdə biz dünya bazarlarında daha çox Azərbaycan brendli müxtəlif məhsulların satılmasının şahidi olacağıq.
Aqrar sektorun inkişafında suvarma sistemlərinin böyük əhəmiyyəti var. Buna görə də meliorasiya sahəsində bir çox layihələr həyata keçirilir. Təkcə son bir neçə ildə bölgələrdəki köhnə suvarma sistemləri əsaslı təmir edilib, yeni suvarma sistemləri istifadəyə verilib. Lakin bu sahədə görülən işlər hələ tələbata tam cavab vermir. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi vacibdir. Bu məqsədlə Taxtakörpü və Şəmkirçay su anbarları tikilir. Həmin obyektlərin istifadəyə verilməsi aqrar sektorun inkişafına böyük təkan verəcək.
Bir sözlə, regionların inkişafının növbəti illərdə də dinamik şəkildə davam edəcəyi heç kimdə şübhə doğurmur. Prezident İlham Əliyevin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi kimi, "Bütövlükdə gələcək haqqında söhbət açarkən mən artıq bir neçə dəfə bu fikri səsləndirmişəm və bir daha demək istəyirəm ki, əlbəttə, ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir. Heç bir şübhəm yoxdur ki, 2013-cü ilə qədər bütün məsələlər öz həllini artıqlaması ilə tapacaqdır".
Rüstəm KAMAL
Azərbaycan.- 2012.- 14 aprel.- S. 10.