Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib
layihə rəhbərləri ilə görüş
keçirilmişdir
Aprelin 12-də "Hilton Baku" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə fondun icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır. Ölkə tarixində ilk dəfə keçirilən gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin əhəmiyyətini qeyd edən E.Babayev bildirmişdir ki, bu cür müsabiqələr bundan sonra müntəzəm və geniş formatda keçiriləcəkdir.
Qeyd olunmuşdur ki, ilk qrant müsabiqəsi çərçivəsində 26 layihə qalib gəlmişdir. Bu layihələr üzrə müxtəlif qurumlardan 84 gənc alim və mütəxəssis müvəqqəti yaradıcı kollektivlər şəklində elmi tədqiqatlarla məşğul olacaq, bir sıra elmi proqramlar reallaşdıracaqlar.
E.Babayev qrant layihələrin idarə olunmasının hüquqi və maliyyə aspektləri barədə geniş məlumat vermiş, qalibləri təbrik etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov tədbirdə çıxış edərək, EİF-in fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bu qurum gənc alimlərin fəaliyyətini dəstəkləməklə Azərbaycan gəncliyini stimullaşdırır. Gənclərin inkişafında təhsilin əhəmiyyətini qeyd edən F.Məmmədov ölkəmizdə gənc alimlər nəslinin yetişməsinin, Azərbaycan elminin dünya elminə inteqrasiyasının və beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulamışdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, son illər Prezident İlham Əliyev elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən, elmi kadrların hazırlığı ilə bağlı onlarla sərəncam və dövlət proqramları imzalamışdır. Dövlətimizin başçısının 2011-ci il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və bununla bağlı Tədbirlər Planının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə digər qurumlarla yanaşı, EİF-in də xüsusi töhfə verdiyini diqqətə çatdıran İ.Babayev Tədbirlər Planına müvafiq olaraq keçirilən qrant müsabiqəsinin əhəmiyyətini qeyd etmişdir.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva son illər ölkəmizdə elmin inkişafına, gənc alimlərə göstərilən xüsusi diqqət və qayğıdan danışmışdır. G.Baxşəliyeva demişdir ki, elmimizin gələcəyi gənc alimlərlə bağlıdır, xalqın gələcəyi elmin inkişafından asılıdır. Millətlərin, xalqların gələcəyini onun elmi müəyyənləşdirəcəkdir. Elmin gəncləşməsi, gənc alimlərə hərtərəfli qayğı göstərilməsi əsas məsələlərdəndir. G.Baxşəliyeva gənclərin elmə, biliklərin əldə olunmasına maraqlarının artırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd etmişdir.
Tədbirdə əvvəlki müsabiqələr üzrə layihələrlə bağlı hesabat və təqdimat da keçirilmişdir.
Bildirilmişdir ki, humanitar və ictimai elmlər sahəsinin Vətən tarixi istiqaməti üzrə "Azərbaycan tarixi (3 cilddə) (elmi konsepsiya)" layihəsi EİF-in 2010-cu il üçün 2-ci qrant müsabiqəsinin qalibi olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, layihənin rəhbəri Yaqub Mahmudovun və digər tanınmış tarixçi alimlərin birgə səyi nəticəsində uğurla yerinə yetirilmiş və elmi konsepsiya hazırlanmışdır. Elmi konsepsiya müzakirə olunaraq müvafiq rəylər alındıqdan və EİF-in Himayədarlar Şurasının qərarı verildikdən sonra Himayədarlar Şurasının sədri, akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə yeni üçcildlik "Azərbaycan tarixi" nəşr olunacaqdır.
Y.Mahmudov EİF-in qrantı əsasında yerinə yetirilmiş "Azərbaycan tarixi (3 cilddə) (elmi konsepsiya)" layihəsi üzrə hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Azərbaycan tarixinin yeni konsepsiyası ən qədim zamanlardan bugünədək olan dövrü əhatə edir. Bu konsepsiya hazırlanarkən ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin tədqiqinə dair göstəriş və tövsiyələri əsas götürülmüşdür. Konsepsiyada Azərbaycan tarixinin dövrləşdirilməsi probleminə yeni baxış öz əksini tapmışdır.
Alim qeyd etmişdir ki, birinci cild Azərbaycan tarixinin ən qədim zamanlarından başlayaraq XVIII əsrin 30-cu illərinədək olan dövrünü əhatə edir. Burada həmin dövrün siyasi-iqtisadi, mədəniyyət problemlərinin bütün genişliyi ilə xalqımızın milli mənafeyinə uyğun şəkildə tədqiqi məsələsi əksini tapmışdır.
İkinci cild isə Azərbaycanın yeni dövr tarixi məsələlərini, ilk növbədə, XVIII əsrin ortalarında Azərbaycanda müstəqil dövlətlərin - xanlıqların yaranması, qonşu dövlətlərlə münasibətlər, rus imperiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ölkə ərazisinin iki yerə parçalanması, işğal olunmuş Şimali Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsi, bu ərazilərdə aparılan inzibati-ərazi dəyişiklikləri və nəticədə Azərbaycanın tarixi sərhədlərinin məqsədli şəkildə dəyişdirilməsi və digər çox mühüm problemlərin tədqiqini nəzərdə tutur.
Y.Mahmudov demişdir ki, konsepsiyanın üçüncü cildində Azərbaycanın müasir dövr tarixinin ən aktual problemlərinin tədqiqi əksini tapmışdır. Burada əsas diqqət 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, Şimali Azərbaycanda milli dövlətçiliyin bərpası, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu, XX əsrin 50-60-cı illərində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı və digər vacib məsələlərin dərindən araşdırılmasına yönəldilmişdir.
Bundan əlavə, konsepsiya gələcək müstəqilliyin siyasi, iqtisadi və ideoloji əsaslarının yaradılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, sovet imperiyasının süqutu və Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, iqtisadi inkişaf strategiyasının, vətəndaş cəmiyyəti quruculuğunun həyata keçirilməsi, Azərbaycan Respublikasının iqtisadi və hərbi qüdrətinin, beynəlxalq mövqeyinin güclənməsi, ölkədə elm, təhsil, idman və mədəniyyətin inkişaf etdirilməsi və digər məsələlərin tədqiqini nəzərdə tutur.
Tədbirdə cari ilin noyabrında Azərbaycanda elm
festivalının keçirilməsi təklif edilmiş,
uğurla başa
çatmış bir sıra layihələrin
rəhbərlərinə sertifikatlar təqdim olunmuşdur.
Azərbaycan.- 2012.- 14 aprel.- S. 10.