Şəhərsalma
və Tikinti Məcəlləsinin layihəsi
üzrə ictimai dinləmə keçirilmişdir
Aprelin 13-də Bakıda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) Amerika Ticarət Palatası (AmCham) və Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birlikdə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, biznes ictimaiyyətinin AmCham-da təmsil olunan üzvləri, tikinti və şəhərsalma üzrə mütəxəssislər və ekspertlər iştirak etmişlər.
Müzakirələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda məcəllə üzərində çalışan işçi qrupun rəhbəri Səyyad Kərimov, Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə rəhbəri Tomas Melçer çıxış etmişlər.
Bildirilmişdir ki, ölkədə aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və bunun da sayəsində tikinti sektorunun inkişafı bu sahənin hüquqi tənzimlənməsində təkmil qanunvericilik bazasının formalaşdırılması zərurətini yaratmışdır.
Bu məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir. Layihənin hazırlanması prosesinə müvafiq qurumların, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin mütəxəssisləri cəlb olunmuşlar. Məcəllə kifayət qədər mükəmməl hazırlanmışdır.
Qeyd olunmuşdur ki, məcəllə ölkə iqtisadiyyatının inkişafı baxımından vacib sənədlərdən biri olacaqdır. Şəhərsalma və Tikinti Məcəlləsi hər bir vətəndaşın marağındadır.
Milli Məclisin deputatları Vahid Əhmədov, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov və digər çıxış edənlər məcəllənin əhəmiyyətindən danışmış, layihədəki bəzi müddəaların təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Tədbirdə Şəhərsalma
və Tikinti Məcəlləsinin layihəsinin
əhatə dairəsi, sənəddəki ümumi
anlayışlar, ayrı-ayrı maddələrə təklif olunan dəyişikliklər və bu sahədəki beynəlxalq təcrübə
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 14 aprel.- S. 10.