Əhalinin
genişzolaqlı internetlə təmin edilməsi müzakirə
olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilib.
RİTN mətbuat xidmətindən verilən məlumata görə, müzakirədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksək sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd edib.
İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılıb. Eyni zamanda digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksək sürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyi vurğulanıb.
Bundan başqa,
müzakirələrdə Bakı şəhərində əhalinin
genişzolaqlı xidmətlərə tələbatının
tam ödənilməsi üçün
yeni texnologiyaların tətbiqinin
genişləndiriməsinə dair zəruri
tədbirlərin görülməsi qeyd olunub. Bu işlərə özəl sektorun
aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli
şərtlərlə yeni imkanların
yaradılması, genişzolaqlı internet
xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə
yaxınlaşdırılması istiqamətində aidiyyəti
üzrə əlavə tapşırıqlar verilib.
Azərbaycan.- 2012.- 14 aprel.- S. 10.