Parlaqyadda qalacaq günlər

 

  57-ci "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi günə çox az vaxt qalıb. Müsabiqəyə hazırlıqla bağlı görülən işlər dünya mediasının, xüsusilə də, elektron KİV-nin aparıcı mövzularından biridir. Paytaxtımızda gedən abadlıq işləri ilə əlaqədar müxtəlif fikir və rəylər söylənilir. Görülən möhtəşəm quruculuq işlərinin əhəmiyyətindən, ardıcıl davam etməsindən müsbət yöndə yazılar da var, müsabiqənin baş tutmaması üçün qara fikirlərə düşənlər də... Maraqlıdır ki, Türkiyənin, Rusiyanın, Serbiyanın, Moldovanın, eləcə də bir sıra Avropa ölkələrinin bu mövzu ilə əlaqədar çap etdirdiyi, səsləndirdiyi fikirlərdə yarışma öncəsi Bakıdakı hazırlıqdan ehtiramla yazırlar. Hətta belə bir fikir var ki, "Eurovision"un 57 illik tarixində Bakı yarışması daha parlaq, yaddaqalan olacaq.

Müşahidələr bu nəticəni indidən söyləməyə əsas verir ki, beynəlxalq yarışmanın Bakı büsatı bir sıra diqqətçəkən məqamları və  zənginliyi ilə dünya musiqisevərlərini, tamaşaçıları heyrətə gətirəcək. Hətta Gürcüstanın "Eurovision-2012" mahnı müsabiqəsinin təmsilçisi Anri Joxadze bütün Avropanı Bakıya səsləyib. Gürcü müğənnisi indiyədək keçirilən "Eurovision" şouları arasında ən yadda qalanı məhz Bakıda olacağını bildirib. Bu səbəbdən də gürcüstanlı təmsilçi bütün avropalı həmyaşıdlarına müraciət edərək onları may ayında "Bakı Kristal Zal"ının səhnəsində baş tutacaq möhtəşəm yarışmanın tamaşaçıları sırasında olmağa səsləmişdir.

"Eurovision-2012"nin Təşkilat Komitəsinin sədri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yarışma ilə əlaqədar verdiyi müsahibələrinin birində söyləyib: "Mən məmnuniyyətlə həm iştirakçıları, həm də qonaqları paytaxtımıza, gözəl və günəşli Bakımıza dəvət edirəm. Əminəm ki, may günlərində "Eurovision"a gələcək bütün insanlarda Azərbaycanda olduqları barədə xoş təəssürat yaranacaq".

Avropa Yayımları Birliyinin nümayəndə və ekspertləri də "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar hazırlığın səviyyəsi və keyfiyyəti barədə müsbət fikirlər söyləyirlər. "Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubu ölkəmizin beynəlxalq səviyyədə təbliği və ev sahibliyi etdiyimiz bu beynəlxalq yarışmaya dəstək olmaq istiqamətində fəaliyyətini davam etdirir. Yayılan məlumata görə, Fan Klub artıq sosialyönümlü kütləvi aksiyalara start veribbu yöndə 50-dən çox tədbir keçirilib. Fan Klub təkcə sosial şəbəkələrdə deyil, yerlixarici mətbuatda, telekanallarda da izləyicilərə "Eurovision-2012" ilə əlaqədar maraqlı məlumatlar çatdırırlar. Hazırda bu istiqamətdə işini uğurla davam etdirən Fan Klub "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsini gündən-günə yaxınlaşdıran bu az müddətdə bir sıra orijinal aksiyalar, konsertlər, sosial şəbəkələrdə viktorinalar, sorğular və digər təbliğat xarakterli tədbirlər həyata keçirirlər.

Tədbirə qatılacaq bütün təmsilçilər o günü həyəcan və səbirsizliklə gözləyirlər. Təmsilçilərin əksəriyyətinin mətbuata verdiyi müsahibələrdə eyni fikir tez-tez vurğulanır: "Ən böyük arzum Bakıdan qələbə ilə qayıtmaqdır". Səbəbini də bu cür izah edirlər: "İstəyirik ki, bioqrafiyamıza "Bakı" sözü əbədi yazılsın. Hər dəfə onun adını eşidəndə üzümüz gülsün, ürəyimiz sevinsin. Belə bir şəhərin ömrü boyu yadımızda qalması çox yaxşı olardı".

"Eurovision-2012" musiqi yarışmasını izləmək üçün Bakıya gələcək qonaqların sayını əks etdirən rəqəm gündən-günə artır. Əgər ötən həftə müsabiqəni izləmək üçün 60 minə yaxın qonağın gələcəyindən söz açırdıqsa, artıq bu gün təxminən 70 mindən çox əcnəbinin Bakıya səfər edəcəyi gözlənilir. Əlbəttə, biz həmişə öz qonaqpərvərliyimiz, böyük ürəyimiz, humanistliyimizqonaq qarşılamaq qabiliyyətimizlə seçilmişik. Azərbaycanlılar geniş qəlbə malik mədəni xalqdır. Hər bir qonağı yüksək səviyyədə qarşılayıb, böyük ehtiram və hörmətlə yola salmağı da bacarır. Çalışırıq ki, şəhərimizə təşrif buyuran hər bir kəs bizdən razı qalsın, Bakıdan xoş təəssüratla ayrılsın. Böyük fərəh və sevinclə bildiririk ki, paytaxtımız günbəgün gözəlləşir, müasirləşir.

Ekspertlərin rəyinə görə, 57 illik tarixində "Eurovision"un Bakı büsatı daha maraqlı və yaddaqalan olacaq. Bunu şərtləndirən səbəblərdən biri şəhər əhalisinin musiqisevər, qonaqpərvər olması ilə bağlıdırsa, ikinci mühüm şərt təmsilçilərimizin həmişə beynəlxalq yarışmalarda, yəni, özgə səhnələrində çox parlaq çıxışları ilə ilk onluqda olmalarıdır. Çox güman ki, Azərbaycan təmsilçisi Səbinə Babayeva doğma səhnədə daha rahat, daha coşqun, daha inamla çıxış edəcək. Onun yarışa böyük şövq və məhəbbətlə hazırlaşması, keçirilən şifahi sorğuların nəticəsinə görə ilkin yerlərdə olması da bunu təsdiqləyir. Əlbəttə, biz öz təmsilçimizin qələbəsinə sevinərik. Hətta bunu arzulayırıq da. Əsas məsələ odur ki, qoy kim layiqdirsə, o da qələbə qazansın. Bir ev sahibi kimi qalibləri təbrik etmək borcumuzdur. Bu, bir musiqi yarışmasıdır. Burada söhbət kiminsə udub-uduzmağından getmir. Hər bir təmsilçi istəyir ki, qatıldığı yarışmada öz xalqını, millətini layiqincə təmsil etsin. Ən azından onun sayəsində ölkəsini tanıyıb adını xəritədə axtarsınlar. Əlbəttə, söhbət böyük ölkələrdən getmir. Kiçik ölkənin böyük ifaçıları da var.

Səbirsizliklə gözlənilən o musiqili günlərə çox az vaxt qalır. 42 ölkədən müsabiqəyə qatılacaq təmsilçilər 21 dildə mahnı səsləndirəcəklər və bu yarışma Bakının müxtəlif yerlərində quraşdırılacaq böyük teleekranlar vasitəsilə şəhər sakinlərinə çatdırılacaq. "Eurovision-2012"nin Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva çox haqlı olaraq söyləyir: "Musiqi dili milliyyətindən və etiqadından asılı olmayaraq hamıya aydındır. Ya bu, çox rəmzidir ki, həmin may günlərində müxtəlif ölkələrin musiqi nümayəndələri müxtəlif musiqi üslubları ilə bir səhnədə dayanacaqlar və müxtəlif dillərdə mahnı səsləndirəcəklər. Bu müsabiqənin ölkəmizdə keçirilməsi faktının özü duetimizin qazandığı parlaq qələbənin nəticəsi, eləcə də ifaçıların özlərinin, onların qalib çıxışının hazırlanmasında iştirak edənlərin böyük uğurudur".

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Eurovision-2012" Azərbaycanın həqiqətləri yerlixarici mediada" mövzusunda "dəyirmi masa" keçirilmişdir. "Dəyirmi masa"da Azərbaycanın 70-dən çox KİV-lərinin, o cümlədən nüfuzlu qəzetlərin, jurnalların, informasiya agentliklərinin, telekanalların, radioların, internet xəbər portallarının rəhbərləri və məsul əməkdaşlarının imzaları ilə "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları olan ölkələrin KİV-lərinə müraciət qəbul olunmuşdur. Müraciətdə diqqətə çatdırılır ki, bu il Azərbaycan 20 illik müstəqillik tarixində ilk dəfə olaraq Avropanın ən nüfuzlu, mədəni hadisələrindən olan "Eurovision-2012" mahnı müsabiqəsini keçirməyə hazırlaşır. Hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir. Çalışır ki, dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv, doğru və hərtərəfli məlumat versin. Məqsəd odur ki, Avropanı milli dəyərlərimiz, tarixi keçmişimiz, adət-ənənələrimiz və müasir həyatımız haqqında məlumatlandıra bilək. Onu da təəssüflə qeyd etməliyik ki, bəzi dairələr Avropanın bu mühüm mədəni tədbirini siyasiləşdirməyə, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Halbuki musiqi sərhəd tanımır. Siyasətin illərlə döyə bilmədiyi qapıları mədəniyyət bir anda belə aça bilir. Bu cür beynəlxalq musiqi yarışmasına heç bir siyasi yarlıq vurmaq düzgün deyil. Bu, sadəcə olaraq şər və böhtandır. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində gərgin mübarizə şəraitində milyonlarla musiqisevərin gözləri qarşısında halallıqla qələbə qazanan gənclərimizin sevinci hələ də qəlbimizi tərk etməyib. Bu cür istedadlıların əməyinə qara yaxmaq, Azərbaycana təzyiq göstərmək, əlbəttə, millətimizi, dövlətimizi sevməyənlərin mənasız cəhdləridir. Çünki Avropa Yayım Birliyi, eləcə də Azərbaycan dövləti də belə bir mühüm mədəni tədbirin süni şəkildə siyasiləşdirilməsinin əleyhinədirlər. Azərbaycan haqqında yanlış rəy formalaşdırmaq, əslində şər və yalana yol verməkdir. Buna görə də Azərbaycan Mətbuat Şurası nüfuzlu jurnalistlərin iştirakı ilə birlikdə hazırladığı müraciətdə avropalı həmkarlarına üz tutaraq onları Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə dəvət edirlər. Əmin olduqlarını da bildirirlər ki, onlar Azərbaycanı görsələr, ölkəmizin reallıqları ilə əyani şəkildə tanış olsalar, düzgün məlumat və aydın təsəvvür əldə edə biləcəklər.

Əlbəttə, "Eurovision-2012"nin layiqli şəkildə keçirilməsi bizim arzumuzdur. Bu müsabiqə iştirakçılarının əksəriyyəti ölkəmizdə ilk dəfə olacaq. Bu mənada qarşıdakı yarışma həm də əcnəbilərə Azərbaycanı daha yaxından tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Bu səbəbdən də "Öz məşəlini alovlandır" sözləri çox mənalı şəkildə müsabiqəyə deviz seçilib. Qoy Odlar ölkəsinin istiliyi ürəklərə səmimiyyət, xalqlar arasında münasibətlərə hərarət gətirsin. Musiqinin sərhəd tanımayan qüdrəti həmişə hakim olsun!

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 11.