Uşaq dünyasından hesabat

 

 Bakı şəhəri, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Burada 1800-ə yaxın uşaq, yeniyetmə və gənc 32 adda müxtəlif dərnəklərdə öz vaxtlarını səmərəli keçirirlər. Başlıca vəzifəsi gənc nəsli respublikamızın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlamaq olan bu mərkəz uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə tez-tez müxtəlif mədəni-kütləvi tədbirlər keçirir.

Bu günlərdə Heydər Əliyev Sarayında keçirilən tədbir isə bir növ mərkəzin hesabatı idi. "Bizim uşaq dünyamız" adlı konsertin aparıcıları Kamran İsrafilov və Lalə Sultanlı tədbir boyunca uşaqların qazandıqları nailiyyətlərdən söz açdılar. Amerika, Rusiya, Belarus, İngiltərə, Çexiya, Ukrayna, Türkiyə və digər ölkələrdə birincilik qazanan qaliblər Nərmin İsmayılzadə, Şamil Quluzadə, Emilya, Kənan, Rəhimə, Günel, Səmayə, Ləman, Şəbnəm, Leyla mərkəzin ən kiçik yaşlı (6 yaş) üzvü Mələk Şəfiyeva və başqaları səhnəyə dəvət olundular.

Bu yaxınlarda "Uşaqlar və müharibə" mövzusunda keçirilən respublika rəsm qalereyasında Mələyin işləri xüsusilə seçilmişo, Heydər Əliyev Fondu tərəfindən Moskvada təşkil olunan sərgiyə göndərilmişdir.

Bir sıra nazirliklərin, Bakı Şəhər İcra Hakimiyyəti, Milli Məclis, Heydər Əliyev Fondu, Bakı şəhəri üzrə təhsil idarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı, xarici dövlətlərin Azərbaycandakı səfirlikləri və digər dövlət qurumlarının nümayəndələrinin qatıldığı tədbirdə qonaqlar bir-birindən maraqlı ifalarla tanış oldular. Milli rəqs, bal rəqsi qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr studiyası, bədii gimnastlar, nağaraçalanlar, uşaq sirk studiyası, sazçalanlar qrupu, xalq çalğı alətləri ansamblı və s. özlərinin rəngarəng ifalarını nümayiş etdirdilər.

Həmişə olduğu kimi, bu dəfə də vətənpərvərlik mövzusu tədbirin zirvə nöqtəsi oldu. Uşaqların oxuduğu "Qarabağ şikəstəsi"ni tamaşaçılar ayaqüstə alqışladılar.

Tədbirin sonunda Milli Məclisin deputatları Hadi Rəcəbli, Fəttah Heydərov, Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və başqaları çıxış edərək gələcəyimiz olan uşaqların bu mərkəzdə formalaşmasını yüksək dəyərləndirdilər.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 11.