Bənzərsiz və ürəyəyatımlı ifalar

 

Mədəniyyət və Turizm Nazirliyinin  təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının baş müəllimi Bəsti Sevdiyevanın konserti keçirilib.

Konsertin aparıcısı xalq artisti, bədii qiraət ustası İlham Əsgərov məşhur muğam ifaçısının 2006-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış etdiyini xatırladaraq, sənət dünyasından söz açıb. Xalq artisti Canəli Əkbərov geniş səs diapazonuna malik Bəsti xanımın bütün muğamlarımızı pəs və  zil pərdələrdə çox  asanlıqla ifa etməsini xüsusi vurğulayıb: "Onun səsinin öz sirri, rəngi, hikməti, ahəngi var.  Ürəkləri riqqətə gətirən, qəlbləri ofsunlayan ifasındakı titrək notlar, xallar və naxışlar ilahi səsin varlığından xəbər  verir".

Əməkdar incəsənət xadimi Əbdül Mahmudov isə xanəndənin xalq mahnılarının, təsnif və muğamlarımızın təkcə məharətli ifaçısı  deyil, həm də kamil bilicisi olduğunu diqqətə çatdırıb.

Mahir muğam ustasını adıçəkilən tədbirdə Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblı (Ağasəlim Abdullayevin bədii rəhbərliyi ilə) müşayiət edib.

Hər dəfə olduğu kimi, mahir muğam ifaçısı solo konsertində xalq mahnılarına, muğam və təsniflərinə geniş yer ayırıb. Qəlbləri ofsunlayan ifalar  alqışlarla müşayiət olunub.

 

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 11.