Sənət
nümunələrinin nümayişi
Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssam Asim Rəsuloğlunun fərdi sərgisi açılıb. "Qalereya-1969" salonunda sərgini açarkən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov həmvətənimizin yaradıcılığında rənglər kimi, mövzuların da müxtəlif olmasından bəhs edib. O da qeyd edilib ki, rəssamın əsərləri ötən əsrin 90-cı illərindən dünyanın bir çox sərgi salonlarında nümayiş etdirilir. Rəssamın ilk sərgisi 1991-ci ildə Parisdəki "Aleksandr" şəkil qalereyasında açılıb. Tədbir iştirakçılarına o da bildirilib ki, rəssamın əsərləri Danimarka, Almaniya, Türkiyə, Belçikada da sevilir. Ən çox işıqlı rənglərdən istifadə edən sənətkarın bununla özünün ideyalarının fəlsəfi məzmununu daha açıq şəkildə ifadə etməsi də söylənilən fikirlərdə özünə yer alıb. Rəssamın sərgidə nümayiş olunan əsərləri içərisində "Xocalı" xüsusi diqqət çəkib.
Xatırladaq ki, 1955-ci ildə Şəkidə anadan olan, 1975-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirən Asim Rəsuloğlu Belarus Dövlət Teatr-Sənət İnstitutunun monumental boyakarlıq fakültəsində də təhsil alıb. O, 1984-cü ildə keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1987-ci ildə Tokioda müasir incəsənət mövzusunda keçirilən sərgidə qızıl, bir ildən sonra isə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunan gənc rəssamların beynəlxalq sərgisində isə gümüş medal qazanıb.
Türkiyənin Akdeniz Universitetində çalışan rəssamın Bakıdakı sərgisində isə "Xocalı", "Adəm və Həvva", "Azərbaycan", "Ruhlar tuneli" və başqa əsərləri xüsusilə yaddaqalan olub.
Məhəmməd
SADIQZADƏ
Azərbaycan.- 2012.- 14 aprel.- S. 11.