Pakistanın nüfuzlu Centreline jurnalında azərbaycanlıların soyqırımı ilə bağlı məqalə dərc olunmuşdur

 

Pakistanın diplomatiya sahəsində yazıları ilə seçilən nüfuzlu ingilisdilli "Centreline" jurnalının aprel nömrəsində "Azərbaycanlıların soyqırımı günü" adlı məqalə dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yazıda hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu vurğulanmışdır. Müəllif əsrlər boyu "böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinistlərin öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitəyə əl atdıqlarını, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törətdiklərini yazır.

Məqalədə Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın iki hissəyə bölündüyü, rus çarı I Nikolayın 1828-ci il martın 21-də imzaladığı fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində "Ermənistan əyalətinin" yarandığı vurğulanmışdır. İrandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə erməninin köçürüldüyü, onların böyük bir hissəsinin Qarabağda və İrəvanda yerləşdirildiyi qeyd edilmişdir.

Yazıda 1918-ci ildən başlayaraq təpədən-dırnağa qədər silahlanmış erməni millətçiləri tərəfindən rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran, Zəngəzur və digər yerlərində 50 mindən çox günahsız insanın qəddarcasına öldürüldüyü, həmin ərazilərdə yüzlərlə kəndin yer üzündən silindiyi vurğulanmışdır. Oxucuların diqqətinə çatdırılmışdır ki, təkcə Bakıda 30 mindən çox insan amansızlıqla qətlə yetirilmişdir.

İkinci Dünya müharibəsindən sonra Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, ABŞ, Fransa və digər ölkələrdən Ermənistana 509 min erməninin köçürüldüyünün qeyd olunduğu yazıda bildirilmişdir ki, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə on minlərlə azərbaycanlı isə Ermənistandan, öz dədə-baba torpaqlarından respublikamızın aran rayonlarına köçürülmüşdür. 

Müəllif 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana qarşı torpaq iddiaları qaldırdığını, Ermənistanda yaşayan 250 min azərbaycanlının oradan deportasiya edildiyinibununla da ölkələrini monoetnik respublikaya çevirmək planına nail olduqlarını bildirmişdir. 

Yazıda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasət nəticəsində respublikamızın 20 faiz torpaqlarının işğala məruz qaldığı, 1 milyon azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşdüyü, 30 min insanın isə qətlə yetirildiyi qeyd olunmuşdur. Məqalədə Xocalı soyqırımından bəhs edilmiş, 1992-ci il fevralın 25-dən

26-na keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyi haqqında məlumat verilmişdir.

Məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan tarixinin faciəli səhifələrindən də bəhs olunmuşdur. Müəllif ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu vurğulamışdır.

Yazının tam mətni ilə http:centreline.com.pkazerbijan%20dna%20apl.html linkindən tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 12.