Azad Rəhimov: Azərbaycan 2020-ci il olimpiadasının paytaxtı olacağına ümid edir

 

Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasının və ikinci Beynəlxalq İdman Forumunun işində iştirak edən gənclər və idman naziri Azad Rəhimov AzərTAc-a eksklüziv müsahibəsində demişdir: Azərbaycan 2020-ci ilin Olimpiya Oyunlarının Bakıda keçirilməsi uğrunda mübarizədə qələbəyə ümid edir, belə ki, bunun üçün  hər cür zəmin vardır.

A.Rəhimov bildirmişdir ki, Milli Olimpiya Komitələri Assosiasiyasının  (MOKA) Baş Assambleyası çərçivəsində 2020-ci ilin Olimpiya Oyunlarının keçirilməsi üçün sifariş verilməsində iştirak edən şəhərlərin, o cümlədən Azərbaycan paytaxtının təqdimatı olmuşdur. Nazir demişdir: "Bu gün bu şəhərlərə Beynəlxalq Olimpiya Komitəsinin, qitə olimpiya komitələrinin bütün üzvləri qarşısında öz prezentasiyasını keçirmək kimi nadir imkan verilmişdir. Digər şəhərlərlə yanaşı, Bakı da Olimpiya oyunlarının keçirilməsinə dair öz konsepsiyasını təqdim etmişdir. Özü də Azərbaycanın nümayəndə heyətinə Bakı şəhərinin prezentasiyasında iştirak etmiş Olimpiya hərəkatının fəal üzvü, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva başçılıq etmişdir".

A.Rəhimov həmçinin qeyd etmişdir ki, idman fəallarının ümumi rəyinə görə, Azərbaycanın qələbə qazanmaq şansı vardır və bizim parlaq, inandırıcı prezentasiyamız tədbir iştirakçılarının əksəriyyətində gözəl təəssürat yaratmışdır. Nazir demişdir: "Bizim sifarişimiz həqiqətən çox yüksək səviyyədə təqdim olunmuşdur. Azərbaycanın birinci xanımının çıxışı və onun ölkə Prezidenti adından Bakının Olimpiya Oyunlarını qəbul etməyə hazır olduğunu bəyan etməsi, Azərbaycan xalqının doğrudan da bu oyunların Bakıda keçirilməsini istədiyini və arzu etdiyini bildirməsi - bütün bunlar ümumilikdə müvəffəqiyyətimizin və gələcək qələbəmizin rəhnidir".

Nazir ölkəmizin Beynəlxalq  Olimpiya Komitəsi ilə münasibətləri məsələsini şərh edərək demişdir ki, təkcə BOK deyil, həm də bir çox müxtəlif beynəlxalq qurumlar Azərbaycanın ümumdünya Olimpiya hərəkatında səylərini dəstəkləyir, Azərbaycan idmanının və idman infrastrukturunun inkişafı sahəsində dövlətin siyasətini yüksək qiymətləndirir. Azad Rəhimov demişdir: "Beynəlxalq təşkilatların nümayəndələri hazırda dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan birinə malik olan Azərbaycanın necə sürətlə və ardıcıl inkişaf etdiyini, ÜDM-in ildən-ilə artdığını müşahidə edirlər. Ölkəmizin qlobal beynəlxalq tədbirlər keçirilməsi sahəsində böyük təcrübəsi vardır. Təbii ki, bu, bütün beynəlxalq təşkilatlarda, o cümlədən BOK-da rəğbət doğurmaya bilməz. BOK-un üzvləri arasında çoxlu dostlarımız vardır, onlar tez-tez Azərbaycana gəlir, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlarda fəxri qonaq kimi iştirak edirlər. Mən əminəm ki, 2020-ci il olimpiadasının keçirilməsi uğrunda bu mübarizədə ən güclü olan qələbə çalmalıdır, bütün təşkilatlarla dostluq və əlaqələr isə beynəlxalq idman arenasında mövqelərimizi yalnız möhkəmləndirəcəkdir".

Gənclər və idman naziri Azərbaycanın sıx dostluq əlaqələri saxladığı Rusiya Milli Olimpiya Komitəsi ilə qarşılıqlı münasibətlərdən də razı qaldığını bildirmişdir. O demişdir: "Təəssüf ki, Azərbaycan BOK-da təmsil olunmamışdır, bu təşkilatda bizim öz üzvümüz yoxdur və biz həqiqətən istərdik ki, Bakı şəhəri haqqında ölkəmizin vətəndaşı olan adamlar danışsınlar. Lakin digər tərəfdən, bizim Rusiya MOK-un fəxri prezidenti Vitali Smirnov, Avropa Olimpiya Komitəsinin üzvü Aleksandr Kozlovski və bizə rəğbət bəsləyən, bizi dəstəkləyən bir çox başqaları kimi gözəl dostlarımız vardır. Azərbaycanın Avropa və Rusiya komitələri ilə hərtərəfli əlaqələri çox möhkəm, sabit və mehriban qonşuluq əlaqələridir. Biz gələcəkdə də Rusiya ilə,  dünyanın hər yerindən digər idman ekspertləri ilə səmərəli əməkdaşlıq edəcəyimizə inanırıq".

 

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 2.