Muğan düzünün mərkəzi
yeni görkəm alır
Azərbaycan 2020: Güclü
dövlət, yüksək rifah
Davamlı dövlət
qayğısı nailiyyətləri gündən-günə
artırır
Regionların sosial-iqtisadi
inkişafı prosesində böyük potensiala malik olan
Sabirabad rayonunun qazandığı uğurlar daha fərəhlidir.
Son illər bu bölgədə həyata keçirilən
genişmiqyaslı abadlıq, quruculuq işləri
Sabirabadı, sözün həqiqi mənasında, Muğan
düzünün parlaq ulduzuna çevirib. Genişimkanlı
bir aqrar-sənaye rayonu kimi Sabirabad həmişə ölkə
rəhbərliyinin diqqət mərkəzində olub. Azərbaycanın
bərəkətli guşəsi olan bu bölgənin
dirçəlişi və dinamik inkişafı
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev
Azərbaycana rəhbərliyinin birinci dövründə,
1969-1982-ci illərdə Sabirabada 14 dəfə səfər
etmişdir. Ulu öndər respublikaya rəhbərliyinin ikinci
mərhələsində də bu rayonu diqqət mərkəzində
saxlamış, Sabirabadın yüksəlişi
üçün qayğısını əsirgəməmişdir.
Onun bu bölgəyə hər gəlişi rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında dərin izlər qoymuşdur. O dövrdə keçmiş Sovetlər İttifaqında analoqu olmayan su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə təbii qaz verilmiş, Kür çayı üzərində nəhəng körpü inşa edilmiş, möhtəşəm mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibati binalar, 40-dan çox məktəb və tibb ocağı tikilib istifadəyə verilmişdir. Tariximizin unudulmaz səhifələrinə çevrilmiş həmin illərdə Heydər Əliyev Sabirabadı başdan-başa gəzmiş, bu diyarın halal zəhmətə bağlı adamları ilə iş başında görüşmüşdür. Bu rayonun altı nəfər əmək qabaqcılı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ulu öndər bölgəyə səfərlərinin birində demişdir: "Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram".
Dünəni şöhrətli olan Sabirabadın bu günü də nurludur, işıqlıdır. Bütün istiqamətlərdə Heydər Əliyev siyasi kursunu yaradıcılıqla, həm də dünyanı heyran qoyan möhtəşəm nailiyyətlərlə davam etdirən respublika Prezidenti İlham Əliyev bölgələrin inkişaf etdirilməsində də varislik ənənəsinə sadiqdir. Dövlət başçısının Muğan düzünə xüsusi qayğısı isə diqqətçəkəndir. 2010-cu ilin yazında Sabirabad sel fəlakətinə məruz qalanda, adamlar min bir zəhmətlə tikib-qurduqları evlərini, əşyalarını itirib çıxılmaz vəziyyətdə nə edəcəklərini kəsdirə bilməyəndə yanlarında dövlət başçısını görüb toxtadılar. Sel sularına qərq olan, uçub dağılan çiy kərpic evlərin yerində çox qısa müddətdə ağ mişar daşından yeni evlər tikildi, yaraşıqlı, hər cür rahatlığı olan qəsəbələr salındı, məktəblər, xəstəxanalar inşa olundu.
Təbii fəlakətdən ötən müddət ərzində rayonun ayrı-ayrı kəndlərində 1154 yeni ev tikilmiş, Ulacalı kəndində 50 ailə üçün qəsəbə salınmış, 12 sosial obyekt əsaslı təmir olunmuşdur. Hazırda 286 evin inşası davam etdirilir. Dəymiş ziyana görə indiyə qədər rayon əhalisinə 12,5 milyon manatdan çox müxtəlif təyinatlı kompensasiyalar verilmişdir. Gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə Kür və Araz çayları boyunca 188,6 kilometr uzunluğunda mühafizə bəndləri möhkəmləndirilmişdir.
Prezident İlham Əliyev tərəfindən bu il martın 29-da "2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında" yeni sərəncamın imzalanması və bu məqsədlə 50 milyon manat vəsaitin ayrılması daşqına məruz qalmış sabirabadlılar tərəfindən sevinclə qarşılanmışdır.
Martın 30-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov rayonun Ulacalı kəndi ərazisində Kür çayının daşması ilə əlaqədar yeni salınmış qəsəbənin sakinləri ilə görüşərək dövlət başçısının qayğısından danışmışdır. Sərəncama əsasən, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bəndlərin bərpası və gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasının sürətləndirilməsi nəzərdə tutulmuşdur. Görüşdə qəsəbə sakinləri onlara göstərdiyi davamlı diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Ulacalı kənd ağsaqqalı Zakir Babayev demişdir ki, Prezident insan itkisi olmadan daşqının qarşısını aldı, bizi torpaq evlərdən çıxartdı və belə daş evlər tikdirdi. Allah onu qorusun. Bilsin ki, biz həmişə onunlayıq, ətrafında birləşmişik.
Sabirabadlılar üçün ötən ilin ən mühüm hadisəsi dövlət başçısının bölgəyə səfəri olmuşdur. Yerli əhali bu gün də həmin səfərin xoş təəssüratları altında yaşayıb çalışırlar.
Keçən il mayın 5-də Sabirabada səfər edən Prezident İlham Əliyev daşqına məruz qalmış Əsgərbəyli-Qasımbəyli kəndlərinə yeni çəkilmiş 15 kilometrlik yolun açılışında iştirak etdi. Çox keçmədi ki, 68 kilometrlik bu yolun qalan 53 kilometrlik hissəsi də yüksək keyfiyyətlə inşa edilib rayon sakinlərinin istifadəsinə verildi.
Dövlət başçısı səfər
çərçivəsində Qasımbəyli kəndində
əsaslı təmir edilmiş orta məktəblə tanış oldu. Burada rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşüb əhalini narahat edən problemlərlə maraqlandı,
onların aradan qaldırılması üçün əlaqədər hökumət
strukturlarına konkret tapşırıq və
tövsiyələr verdi.
Sabirabadlıların yaddaşında silinməz izlər qoyan, insanlarda yüksək əhval-ruhiyyə yaradan bu səfər rayonda daha böyük infrastruktur layihələrinin reallaşmasına stimul verdi. Bu tarixi səfərdən sonrakı üç ay ərzində dövlət başçısı Sabirabadın sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir-birinin ardınca 4 sərəncam imzaladı. Dövlət başçısının Sabirabadın tərəqqisinə, rayon əhalisinin firavan həyatının təminatına hesablanan böyük qayğı və diqqəti Muğan camaatının hədsiz razılığına səbəb oldu. Ayrılan böyük həcmdə dövlət vəsaiti hesabına yeni təhsil və tibb müəssisələri tikildi, yaxud təmir edildi, yollar çəkildi, körpü salındı, əhalinin içməli su təminatı yaxşılaşdırıldı. 34 min nəfərin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun inşasına 7 milyon manat dövlət vəsaiti xərcləndi. Bu layihə keçən ilin noyabrında uğurla başa çatdırıldı.
Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində körpü tikintisi uzun illərdən bəri bölgə əhalisini düşündürən bir problemə çevrilmişdi. Rayon sakinlərinin bu arzusunu gerçəkləşdirmək üçün Prezident 25 may 2011-ci il tarixli sərəncam imzaladı. Müasir tələblər səviyyəsində inşa olunmuş bu möhtəşəm körpü xəyalları gerçəkliyə çevirdi. Muğan və Şirvan düzlərini qovuşduran bu körpü həmçinin ətraf rayonlar üçün də strateji əhəmiyyət daşıyır.
Bölgə əhalisi üçün içməli su məsələsi həmişə problem olub. Adamlar təmiz, ekoloji cəhətdən yararlı içməli su sarıdan uzun illər boyu korluq çəkiblər. Bunu nəzərə alan, əhalinin sağlamlığına böyük önəm verən Prezident İlham Əliyev "Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədər əlavə tədbirlər haqqında" 23 avqust 2011-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 min nəfərin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasını müvəffəqiyyətlə davam etdirir.
Dövlətin artan qayğısından söz düşəndə bölgə əhalisi "Axmaz"ın qurudulmasını da minnətdarlıqla dilə gətirir. On illər boyu Sabirabad şəhərinin əhalisi üçün müşkül problemə çevrilmiş, eyni zamanda, yoluxucu xəstəliklərin mənbəyi olan "Axmaz" su hövzəsinin qurudulması tədbirlərinə ilkin olaraq bir milyon manat dövlət vəsaiti xərclənmişdir.
Respublikanın bölgələrinin yüksəlişi artıq dönməz xarakter almışdır. Hər bir ölkə vətəndaşında haqlı qürur hissi doğuran faktdır ki, Vətənimiz Azərbaycanın başdan-başa hər guşəsi yenidən qurulur, dəyişir, gözəlləşir. İqtisadi tərəqqi insanların firavan həyat tərzini təmin edir, sosial problemlərin uğurlu həllini şərtləndirir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Sabirabad rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün nəzərdə tutulan tədbirlərin icrası uğurlarla müşayiət olunur. Ötən il rayonda ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 36.8 faiz artaraq 282,2 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 2,1 dəfə yüksələrək 83,7 milyon manat təşkil etmişdir. Orta aylıq əməkhaqqı keçən ilə nisbətən 20,5 faiz yüksələrək 234,1 manat olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə rayon üzrə 14 yeni müəssisə yaradılmış, 539 daimi iş yeri açılmışdır. İnkişaf etmiş aqrar sənaye rayonu olan Sabirabad ölkədə Ərzaq Təhlükəsizliyi Dövlət Proqramının icrasına sanballı töhfələr verir. Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 27,3 milyon manat artaraq 142 milyon manata çatmışdır. 54.100 ton taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 18.4 min ton çoxdur. Pambıq istehsalı da keçən ilə nisbətən 1875 ton artmışdır. Heyvandarlıq, bostan-tərəvəz məhsulları istehsalında da fərəh doğuran nailiyyətlər qazanılmışdır.
Aqrar sahənin dinamik inkişafında da əsas şərt, təbii ki, dövlətin davamlı qayğısıdır. Rayon üzrə 17,396 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına əkin sahələrinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına görə 1 milyon 645 min manat vəsait verilmişdir. "Aqrolizinq" ASC tərəfindən torpaq istifadəçilərinə güzəştli şərtlərlə 2408 ton azot, 108 ton superfosfat gübrələri və 52 baş simmental cinsli damazlıq düyələr satılmışdır. Kənd təsərrüfatının idarə edilməsində mütərəqqi üsullara, yeni texnologiyalara üstünlük verilir. Ötən il Axıska və Çölbeşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz paylarını könüllü şəkildə birləşdirərək yeni istehsal kooperativləri yaratmışlar. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həmin kooperativlərə heç bir girov qoyulmadan kredit verilməsi bu təsərrüfatların səmərəli fəaliyyətinə, uğurlu gələcəyinə əminlik yaradır.
Davamlı dövlət qayğısının ünvanına çevrilən Sabirabad bu gün dinamik inkişaf yolundadır. Rayon mərkəzi də, yaxın, uzaq kəndlər də yenidən qurulur, daha yaraşıqlı görkəm alır. Təhsilin, səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək, əhaliyə göstərilən müxtəlif xidmətlərin səviyyəsini yüksəltmək üçün zəruri tədbirlər görülür. Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması böyük sürətlə davam etdirilir. Əhalinin elektrik enerjisi ilə təchizatında illərdən bəri davam edən problemlər aradan qaldırılır.
Genişmiqyaslı infrastruktur layihələrinin uğurla həyata keçirildiyi Sabirabad inkişafın yeni mərhələsinə daxil olmuşdur. Qarşıda isə görüləsi işlər çoxdur. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda respublika Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək".
Regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə yönələn dövlət qayğısı artan templə davam edir. Bu qayğıdan yetərincə pay alan Sabirabadda könülaçan, gözoxşayan yeniliklər çoxdur. Rayon rəhbərliyi böyük vüsət alan tikinti-quruculuq, abadlıq prosesində müasirliyə, milli memarlıq üslubuna böyük önəm verir. Yüksək zövqlə yenidən qurulan parklar, xiyabanlar, abadlaşan küçələr Muğan düzünün mərkəzi sayılan Sabirabada yeni görkəm verir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov söhbət zamanı dedi ki, dövlət qayğısının əsas ünvanı insanlardır. Bölgədə əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq, hər bir ailənin firavan dolanışığını təmin etmək üçün görülən tədbirlər hər kəsdə razılıq və minnətdarlıq hissi doğurur.
Bu bərəkətli diyarın əməksevər, vətənpərvər, qədirbilən övladları doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmirlər.
Lazım QULİYEV
Azərbaycan.- 2012.- 15 aprel.- S. 3.