Türkiyənin Tarsus Şəhər Bələdiyyəsinin nümayəndə heyəti Şahinlər hərbi idmanturizm oyunlarını izləmişdir

 

 Azərbaycanda səfərdə olan Türkiyənin Tarsus Şəhər Bələdiyyəsinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına hərbi liseydə "Şahinlər" hərbi idmanturizm oyunlarının Xətai rayonu üzrə final mərhələsini izləmişdir.

AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov məktəblər arasında keçirilən belə yarışların yeniyetmə və gənclərin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyəsindəki əhəmiyyətindən danışmışdır.

Bildirilmişdir ki, idman oyunun təşkil olunmasında məqsəd  gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdlərin ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir.

Tarsus Şəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Milli Məclisin deputatları və digərləri Azərbaycan-Türkiyə dostluğundan, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan danışmışlar.

Daha sonra Xətai rayonu üzrə 38 məktəbin 300 şagirdi arasında keçirilən hərbi yarışlara start verilmişdir.

Yarışda iştirak edən yeddinci və səkkizinci sinif şagirdləri iki mərhələdə, 10 idman növü üzrə qüvvələrini sınamışlar.

Yarışda qalib gələn komanda Bakı zona birinciliyində iştirak etmək hüququ qazanacaqdır.

 

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 5.