Azərbaycanın dinamik inkişafını tənzimləyən və irəli aparan yeni konsepsiyanın hazırlanması daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir

 

 Bunu ölkə başçısının rəhbərliyi altında həyata keçirilən çoxşaxəli islahatlar da təsdiqləyir

 

Son illər həyata keçirilən islahatlar, dövlət proqramlarının icrası ölkəmizin dinamik inkişafında, əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynamışdır. Respublikada makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında əhəmiyyətli nəticələr qazanılmışdır.

Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və  sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Dövlət başçısının təsdiq etdiyi proqramların, fərman və sərəncamların reallaşması nəticəsində mümkün olmuşdur. Azərbaycanda belə məqsədyönlü proqramların sayı təxminən 50-yə yaxındır, onların hamısının konkret maliyyə mənbəyi, icra mexanizmi və müddəti göstərilmişdir. Bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev respublikanın perspektiv inkişafını və istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".

Uğurların dinamik inkişafının gələcəkdə daha geniş vüsət alması və axarlı olması üçün  bu sərəncam müstəsna əhəmiyyətə malikdir.

Dünya iqtisadiyyatında qeyri-müəyyənlik və güclənən inflyasiya meyillərinə baxmayaraq, son illər Azərbaycanda həyat üçün vacib olan bütün sahələrdə yüksək inkişaf özünü göstərib. İqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək, əhalinin maddi rifah halının daha da yüksəldilməsi Azərbaycan Prezidentinin diqqət mərkəzində olmuşdur. Ölkəmizdə son dövr görülən işlərə, əldə olunan nailiyyətlərə nəzər saldıqda məlum olur ki, Azərbaycanda bu gün reallaşan inkişaf konsepsiyasının hazırlanması uğurlu, əsaslı təməlin nəticəsidir. Paytaxtda, eləcə də regionlarda aparılan tikinti, abadlıq və yenidənqurma işləri, sahibkarlığın və kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması və s. yoxsulluğun aradan qaldırılmasına gətirib çıxarmışdır. Son 8 ildə ölkədə minlərlə yeni iş yeri açılmışdır. Əlbəttə, bu, ilk növbədə, vətəndaşların yeni işlə təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması deməkdir.

Son illər regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramları uğurla icra edilib.  Prezident İlham Əliyevin regionlara səfəri həm də idman komplekslərinin, səhiyyə müəssisələrinin, təhsil ocaqlarının və sosialyönlü digər obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə əlamətdar olmuşdur. Ölkəmizin hər bir bölgəsində, ən ucqar yerlərində belə müasir standartlara cavab verən texniki avadanlıqların tətbiqinə rast gəlmək olar.    Həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması xeyli dəyişmişdir. Prezident İlham Əliyev ölkədə sahibkarlığa göstərilən maddi yardımdan və siyasi dəstəkdən söz açaraq demişdir: "Bizim sahibkarlıqla bağlı ölkə daxilində aparılan siyasət özünü doğruldub. Biz xarici bazarlara investisiyalarımızla çıxırıq, çıxmalıyıq və o investisiyaların coğrafiyası artmalıdır. Biz indi qonşu dövlətlərə investisiyalar qoyuruq - Türkiyə, Gürcüstan, Ukrayna. İndi Balkan ölkələrində bizim investisiyaları gözləyirlər".

Azərbaycanda özəl sektorun inkişafı, sahibkarlığın geniş vüsət alması, ümumilikdə qeyri-neft sektorunun sürətli inkişafı təkcə ölkə daxilində deyil, Azərbaycanın dünya iqtisadiyyatına nüfuz etməsində mühüm rol oynamışdır.

İndi Azərbaycan dünyada böyük infrastruktur layihələri həyata keçirən ölkə kimi də tanınır. Gerçəkləşən böyük infrastruktur layihələrindən biri Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlıdır. Bu layihə çərçivəsində Samur çayı üzərindəki Baş Hidroqovşaq əsaslı şəkildə bərpa edilmiş, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi tam yenilənmişdir. 14 il ərzində 4 mərhələdə həyata keçiriləcək Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda beynəlxalq səviyyəli Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpu su kanalı və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi davam etdirilir. Ən son elmi-texniki yeniliklərə əsaslanan bu cür hidrotexniki qurğular yalnız inkişaf etmiş ölkələrdə inşa edilir.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə ölkədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri dünyamiqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr eyni zamanda respublikamızı daha da gücləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.  Ölkə daxilində sabitliyin olması, sosial-iqtisadi və mədəni islahatlar, dünya təcrübəsinin Azərbaycanda tətbiqi onun beynəlxalq şəbəkədə geniş nüfuz qazanmasından xəbər verir. 

Ölkə başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamı gələcəkdə daha yüksək uğurların qazanılacağına bir sübutdur. Hazırlanacaq konsepsiyanın reallaşması, sözsüz ki, ölkənin iqtisadi və sosial tərəqqisində əsaslı dönüşə səbəb olacaqdır. 

 

 

 Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 5.