Parisdə “Avropanın enerji təhlükəsizliyi
strategiyasında Azərbaycanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Aprelin 13-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Fransa Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Avropa-Azərbaycan Cəmiyyəti ilə birlikdə "Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu" mövzusunda beynəlxalq konfrans keçirmişdir. SAM direktorunun müavini Gülşən Paşayeva Fransaya səfərinin məqsədi və yığıncaq barədə AzərTAc-a verdiyi müsahibəsində demişdir: "Konfransdan əvvəl bizim mərkəzlə İFRİ arasında ikitərəfli əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin - beynəlxalq konfransların, görüşlərin, mübadilələr proqramının və müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün institutda keçirilən konfransı həmin müqavilənin ilk işi kimi dəyərləndirmək lazımdır.
Konfransda "Total" şirkətinin Azərbaycan üzrə vitse-prezidenti Natali Komatiçin, İFRİ enerji mərkəzinin məsul əməkdaşı Lora Parmijianinin, "Edison" şirkətinin eksperti Elio Ruççerinin, Rusiya Dövlət Enerji Fondunun baş direktoru Konstantin Simonovun, mənim və SAM-ın elmi işçisi Gülmirə Rzayevanın çıxışlarında əsasən "Şahdəniz" yatağının ikinci fazası ilə bağlı layihə reallaşdıqdan sonra Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolunun nədən olması ətrafında söhbət getmişdir.
Çıxış edənlər Azərbaycanın enerji ehtiyatları ilə zənginliyindən danışmış, ölkəmizin Avropa enerji təhlükəsizliyinin əsas təminatçısı olduğunu diqqətə çatdırmışlar. İstər aprelin 12-də keçirdiyimiz görüşlərdə, istərsə də bu konfransda həm Azərbaycan tərəfinin, həm də İFRİ-nin birgə tədqiqat layihələri aparmasının vacibliyi vurğulanmışdır".
Görüşlərdə və konfransın işində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.
Əsgər Əliyev
Azərbaycan.- 2012.- 15 aprel.- S. 5.