Azərbaycan və Türkiyənin gömrük orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

 Aprelin 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bakıda keçirilən Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyinin gömrük müstəşarı Ziya Altunyaldızın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komitə sədri Aydın Əliyev qardaş ölkənin gömrük müstəşarı ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırmışdır. Aydın Əliyev iki qardaş ölkə arasında əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, bu sıx münasibətlərin daha sarsılmaz olmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu vurğulamışdır.

Ölkələrimizin gömrük qurumları arasında əlaqələrdən danışan komitə sədri, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirmiş, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs etmişdir.

 Komitə sədri Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışmış, qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirmişdir.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin durmadan inkişaf etdiyini söyləyən komitə sədri iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirmiş, gələcəkdə dövriyyənin daha da artacağına əminliyini ifadə etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlərdən söhbət açan DGK sədri, xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə  qərarlaşdığını məmnunluqla diqqətə çatdırmışdır.

Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyinin gömrük müstəşarı Ziya Altunyaldız Bakıda keçirilən Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransının yüksək səviyyədə təşkilinə görə həmkarına minnətdarlığını bildirmiş, qardaş ölkə Azərbaycana uğurlu səfərindən razılıqla söhbət açmış, respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırmışdır.

Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq, ticarət dövriyyəsinin xeyli artmasını sevindirici hal kimi dəyərləndirmişdir. O, dövriyyənin bundan sonra da artırılması üçün geniş imkanların mövcud olduğunu, buna həm Türkiyənin, həm də  Azərbaycanın yüksələn dinamika ilə inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirmişdir.

İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Ziya Altunyaldız iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamış, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs etmişdir.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 5.