Sinəsi dağlı diyarın unudulmaz simaları

 

 Şuşanın işğalından 20 il ötür

 

Qarabağın Üçmıx zirvəsindən baxanda sal qaya üzərində böyük ustalıqla həkk olunan ilahi bir əsərə - Şuşa möcüzəsinə heyrətlənməmək mümkün deyil. Sanki gözlərinin qarşısında sehrli, qeyri-adi bir mənzərə açılır. Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə söykənən uca dağlar, ətəyində mürgüləyən dərələr, yaşıl çəmənlər çox məftunedicidir. Şəhərin sinəsinə döşənən əyri-üyrü küçələr, qala divarları, köhnə və təzə tikilən binalar sanki açıq bir kitaba bənzəyirdi. Oxuyub başa çatdırmaq mümkün deyildi. Təəssüf ki, 20 ildir bu qədim və füsunkar yurdumuza həsrət qalmışıq. Ermənilər tərəfindən işğal edildikdən sonra hüsnü qaraldı, mülkləri talan edildi, yandırıldı, şəhərin doğma sakinləri qətlə yetirildi. Bu qırğından canını qurtaranlar isə didərginə, qaçqına çevrildi.

XIX əsrdə Şuşa dünyanın ən dəbdəbəli şəhəri adlandırılırdı. Onu Avropanın məşhur şəhərləri ilə müqayisə edirdilər. Üstünlük yenə də bu türk şəhərinin idi. Sənətkarlar diyarına çevrilən Şuşanın şöhrəti dünyanı dolaşırdı. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının, memarlığının, hərb tarixinin elə bir sahəsi yoxdur ki, şuşalılar orada öz sözlərini deməsinlər. Yaradıcılıqları, elmi kəşfləri, qoçaqlıqları, şücaətləri, təfəkkürləri, ağıl və idrakları ilə seçilən şuşalılar demək olar ki, bir çox sahələrdə ilkinlər sırasında dayanıblar. Bu məşhur simalar kimlər idi? Onların bəziləri haqqında oxuculara qısa məlumat veririk.

 

 Qasım bəy Zakir

 

1784-cü ildə Şuşada bəy ailəsində anadan olub. Təhsilini doğma şəhərdə alan Qasım bəy Zakir sonralar Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində yaşayırdı. Amma yayda mütləq Şuşaya qayıdardı.

Zakir XIX əsr Azərbaycan ədəbiyyatında realist-satirik poeziyanın əsas yaradıcılarındandır. Həm klassik üslubda müxəmməslər, qəzəllər yazıb, həm də özünə ustad sandığı Vaqifin (uzun illər Şuşada yaşayanXan sarayının demək olar ki, xarici işlər naziri kimi missiyalar yerinə yetirən Molla Pənah Vaqif. Bu barədə sonrakı yazılarda ayrıca söhbət açılacaq - F.X.) realist yolunu davam etdirərək gözəl qoşmalar yaradıb. Şeirlərini olduqca sadə dildə yazan Zakir xalq poeziyasına bağlı idi. Bu səbəbdən də onun şeirləri səmimiliyi ilə seçilirdi. Zakir həm də Azərbaycan ədəbiyyatında ictimai hadisələrə realist baxmağı bacaran, ictimai satiranın gözəl nümunələrini yaradan bir şair kimi öz sözünü dedi. O, dövrünün ağır vəziyyətini, çarizmin amansızlığını, müftəxorların, rüşvətxorların üzünü açan şeirlər yazırdı. Zakir ilk dəfə Azərbaycan ədəbiyyatına uşaq üçün əsərlər gətirdi. Onun qələmə aldığı təmsillər də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Çarizmin istilaçılıq siyasətini pisləyən Zakir yazırdı:

 

Çıxmadı qurtaraq dərdü-bəladan,

Gündə bir zakonu görən canımız.

 

 1857-ci ildə vəfat edən Zakir Azərbaycan ədəbiyyatının görkəmli və unudulmaz sənətkarlarından biri idi.

 

Xurşidbanu Natəvan

 

Şuşa hökmdarı Mehdiqulu xanın ailəsində 1832-ci ilin avqustunda xoş bir hadisə hamını sevindirdi. Dünyaya göz açan körpənin müjdəsi xanlığa yayıldı. Uşağa Xurşidbanu adı verildi. O zaman heç kəsin də ağlına gəlməzdi ki, sonralar bu qızcığaz böyüyüb zəmanəsinin məşhur ictimai-siyasi xadiminə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə çevriləcək. Xeyirxahlığı, insanlara göstərdiyi yaxşılıq və zəngin mənəviyyatına görə ona el arasında ehtiram və hörmət əlaməti olaraq böyük məhəbbətlə "Xan qızı" deyəcəklər.

Şərq dillərini dərindən öyrənən, Firdovsini, Nizamini, Sədini, Hafizi, Nəvaini, Füzulinibaşqa klassikləri oxuyan Xurşidbanu dövrünün qabaqcıl ziyalılarından olan Xasay xan Usmiyevlə ailə qurmuşdur. Əri ilə birlikdə Dərbənddə, Tiflisdə və başqa şəhərlərdə olan Xurşidbanu Natəvan hətta 1858-ci ildə Bakıda Aleksandr Düma ilə görüşmüş, ona öz əl işlərini hədiyyə etmişdir. Aleksandr Düma ağlına, zəkasına heyran qaldığı Natəvana nəfis fiqurlu şahmat bağışlayıb.

Xeyirxah əməlləri ilə Qarabağda ad-san qazanan Xurşidbanu Natəvan 1873-cü ildə Şuşaya su kəməri çəkdirib. Sonralar bu kəmər el arasında "Xan qızı bulağı" adı ilə məşhurlaşıb. Hətta Araz çayından Mil düzünə də su kəməri çəkdirmək fikrində olub. Xurşidbanu Natəvan öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına yeni mövzular gətirən aşiqanə, lirik şeirlər müəllifi kimi də məşhurdur. Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil edən Xan qızı Qarabağ şairlərini bir araya gətirərək şeir müzakirəsi keçirərmiş. Onun qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunub. Sonralar sinəsinə oğul dağı çəkilən Natəvan 16 yaşlı Mirabbasın ölümündən sonra dərdli şeirlər yazıb. "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz" və s. şeirləri təsirliliyi, səmimiyyəti ilə seçilib. Qəlbinin kədərini misra-misra kağızlara naxışlayan Xurşidbanu Natəvan müasirlərinə də şeir həsr edib. Mir Möhsün Nəvvaba, Seyid Əzim Şirvaniyə ünvanladığı şeirlər var. Çoxcəhətli yaradıcılığa malik olan Xan qızı həm də istedadlı rəssam idi. Onun bədii tikmələri haqqında müasirləri öz xatirələrində ətraflı söhbət açıblar. Ondan yadigar qalan "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər də bunu bir daha sübut edir.

Həyatında bir çox əzizlərinin itkilərinə məruz qalan, dolaşıq və çətin hadisələrlə üzləşən Xan qızı Natəvanın zərif qəlbi ağır dərdlərə çox tab gətirə bilmədi. 65 yaşında ürəyi susan Xan qızı öz vəsiyyətinə görə Ağdamda "İmarət" qəbiristanlığında dəfn olundu. Söyləyirlər ki, Qarabağ camaatı çox sevdikləri Xurşidbanu Natəvanı 34 kilometrlik bir məsafə boyunca, Şuşadan ta Ağdamadək öz çiyinlərində son mənzilə gətiriblər. Öz mərdliyi, səxavəti, həssaslığı, qayğıkeşliyi, xeyriyyəçiliyi və gözəl xasiyyəti ilə Qarabağda böyük hörmət və nüfuz qazanan Xurşidbanu indinin özündə də "Xan qızı" kimi əzizlənərək sevilir.

 

 Mir Möhsün Nəvvab

 

Şair, filoloq, rəssam, xəttat və musiqişünas kimi məşhurlaşan Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab 1833-cü ildə Şuşada anadan olub. Zakir ənənələrinə sadiq qalan Nəvvab da zülmkar hakimləri, fırıldaqçı, din pərdəsi altında xalqa xəyanət edənləri daim tənqid atəşinə tutub. Onun yaradıcılığında həmişə elmə, mədəniyyətə, mənəvi-əxlaqi gözəlliyə bir çağırış olub.

Nəvvabın gördüyü işləri saymaqla bitəsi deyil. O, Şuşada "Məclisi-fəramuşan" adlı ədəbi məclis yaradaraq ona uzun illər başçılıq edib. Eləcə də Şuşada qiraətxana, "üsuli-cədid" məktəbi, mətbəə, cildxana açıb. Qarabağ şairlərindən bəhs edən "Təskireyi-Nəvvab" əsəri 1913-cü ildə Bakıda nəşr olunub. "Kifayət ül-Ətval" əsəri isə onun dəqiq elmlərdən də xəbərdar olduğunu təsdiqləyir. Həm rəssamlıq, xəttatlıq, həm də kitab tərtibatı sahəsində geniş fəaliyyət göstərən Nəvvabın yaratdığı ornamental divar rəsmləri demək olar ki, Şuşadakı bütün məscidlərin minarələrində, dərs dediyi məktəbin və öz evinin divarlarında əks olunub. Onun müəllifi olduğu bir sıra təbiət təsvirləri olan rəsmləri, eləcə də "Teymurun portreti" R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Çox gözəl, qeyri-adi xətti varmış. Onun nəfis xətlə yazdığı əlyazmaları və şəxsi mətbəəsində litoqrafiya üsulu ilə çap etdirdiyi kitabların bədii tərtibatı XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda təsviri sənət və kitab tərtibatının inkişafında mühüm rol oynadı. Müxətlif arxivlərdə, Əlyazmalar Fondunda Mir Möhsün Nəvvabın musiqiyə dair kitabları saxlanılır. Türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam və şair kimi tanınan Mir Möhsün Nəvvab öz tədqiqatlarında musiqinin mənşəyi, estetikası, ifaçılıq problemləri, emosional təsiri, hətta şəfaverici xüsusiyyətləri haqqında məlumat verib. Muğamların təsnifatı da ilk dəfə məhz Nəvvab tərəfindən əsaslandırılaraq sistemə salınıb.

 

1918-ci ildə vəfat edən Nəvvab tarixçilərin dediyinə görə, erməni quldurlarının törətdiyi qanlı qırğınların qurbanı olub.

 

Nəcəf bəy Vəzirov

 

Şuşada bəy ailəsində (1854-cü ildə) anadan olan Nəcəf bəy Vəzirov ilk təhsilini mədrəsədə alıb. Sonralar Şuşa şəhər Mülkiyyə məktəbində oxuyub. Təhsilə, elmə olan sonsuz həvəsi onu Bakıya gətirib. Gimnaziyada təhsil alıb. Bu təhsil ocağını gümüş medalla bitirdikdən sonra Peterburqa gedərək universitetə daxil olub. Tələbə vaxtı ağır xəstələnib. Həkimlərin məsləhəti ilə məktəbini dəyişmək məcburiyyətində qalıb. Moskvanın havası ona düşdüyünə görə təhsilini Petrovski Akademiyasında davam etdirib. Hələ gənclik illərindən yazmağa böyük həvəsi olan Nəcəf bəy Vəzirov tələbə ikən Bakıda çıxan "Əkinçi" qəzetinə məqalələr göndərib.

Tərcümeyi-halından bəlli olur ki, Petrovski Akademiyasını bitirən Nəcəf bəy Vəzirov bir müddət meşəbəyi kimi çalışıb. Buna səbəb də çar idarələrinin Petrovski Akademiyasına şübhə ilə baxmaları olub. Xüsusilə də müsəlman gəncinin belə bir məşhur təhsil ocağında oxuması onların xoşuna gəlməyib. Elə bu səbəbdən də Nəcəf bəy Vəzirov uzun müddət çar məmurlarının təqibinə məruz qalıb.

Milli ədəbiyyatımıza bir sıra ölməz əsərlər bəxş edən Nəcəf bəy Vəzirov Azərbaycan dramaturgiyasında faciə janrının banisi sayılır. Təcrübəli və ustad dramaturq kimi bir-birindən maraqlı pyeslər yaradıb: "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvanani zəmanə" və s.

Uzun illər jurnalistlik fəaliyyəti göstərən Nəcəf bəy Vəzirov öz bədii əsərlərində, xüsusilə də publisistik yazılarında dövrün yaramazlıqlarını tənqid atəşinə tutaraq insanların azad, təhsilli yaşamaları üçün bir maarifçilik çırağı yandırdı. Mirzə Fətəli Axundzadənin yolunu böyük məhəbbətlə, ehtiramla davam etdirən Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyası tarixində özünəməxsus yeri var.

 

 

(Ardı var)

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 6.