Tarixi yaşadan incilər

 

Maddi-mənəvi sərvətlərimiz

 

Hər bir xalqın mənəvi sərvəti ilk növbədə onun tarixini yaşadır. Ona görə də  minilliklərlə yol gələn belə sərvətlərin qorunması vətənə sədaqətli xidmətin başlıca şərtlərindən biridir. Qədim insan məskənlərindən sayılan Azərbaycan başdan-başa belə sərvətlərlə zəngindir. Abidə və məbədlərlə zəngin yurdumuzun hər guşəsi sanki təbii muzeydir. Qarabağda isə bu sərvətlər sayagəlməz dərəcədədir. Etnoqraflar bu qənaətə gəliblər ki, bəşər sivilizasiyasının tarixində Odlar yurdunun xüsusi yeri vardır. Belə təbii sərvətlər zaman-zaman ana torpağın qoynunda qorunub saxlanırdısa, son yüzilliklərdə muzeylərin meydana gəlməsi ilə onlara yeni ömür bəxş edildi. Dövlət tərəfindən qayğılarla əhatə olunan bu muzeylərdə xalqların və millətlərin özünəməxsus mədəniyyətləri, maddi, mənəvi sərvətlərində isə tarixi, etnoqrafiyası nəsillərdən-nəsillərə çatdırılır.

Son iki yüz ildə Azərbaycan ərazilərinə göz dikmiş daşnaklar və onların havadarları ilk növbədə bu sərvətimizin bir hissəsini ələ keçirib saxtalaşdıraraq milli varlığımıza qənim kəsildilər. Qarabağdaonun ətrafında yerləşən, zəngin sərvətlər məskəni olan ərazilərimizi işğala məruz qoyan erməni vandalları qənimət kimi ələ keçirdikləri bütün maddi-mədəniyyət nümunələrini məhv etməyi sanki qarşılarına birmənalı şəkildə məqsəd qoymuşdular. 1992-93-cü illərdə bu talançılıq özünün ən acınacaqlı həddinə çatmışdır. Xocalıdan sonra Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın işğalı zamanı torpaqların zəbt olunması ilə yanaşı, həmin rayonlarda fəaliyyət göstərən infrastrukturla bərabər mədəniyyət müəssisələri sırasına daxil olan tarix-diyarşünaslıq muzeylərini də qarət edib dağıtdılar.

Həmin illərdə ən ağrı-acılı günlərini yaşayanların arasında Qarabağımızın füsunkar guşələrindən biri, əraziləri tarixi abidə və qədim memarlıq nümunələri ilə zəngin olan Cəbrayıl rayonu da var idi. Qarabağın tarixi keçmişini öz fondunda qoruyub saxlayan Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi həmin çətin günlərdə əsl vətənpərvərlik nümunəsi göstərdi. Digər işğal altında qalan rayonlardan fərqli olaraq, cəbrayıllılar muzeydəki tarixi yadigarları düşmən əsarətindən xilas etməyi  bacardılar.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya  elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslı bildirir ki, Cəbrayıl rayonu olduqca qədim, zəngin tarixə və mədəniyyətə malik bir ərazidir: "Buradakı zəngin  memarlıq və arxeoloji abidələr, xalqın minillik qan yaddaşından xəbər  verən ayrı-ayrı yaşayış məntəqələri, mühüm tarixi əhəmiyyət daşıyan bu torpaqlar qədim türk-oğuz yurdu olduğundan soraq verir. Rayonun ərazisi başdan-başa tarixi memarlıq abidələri ilə zəngindir. Araz çayı üzərindəki çoxtağlı Xudafərin körpüləri, Xubyarlı və Şıxlardakı səkkizguşəli və dairəvi türbələr, Dağtumasdakı Başıkəsik günbəz, Sirikdəki Qala, Çələbilərdəki məscid-mədrəsə kompleksi s. dediklərimizə sübutdur. İşğalla bağlı artıq onların taleyindən xəbərimiz yoxdur".

Muzeyin direktorunun bildirdiyi kimi, Cəbrayılın tarixini, onun maddi-mədəniyyət abidələrinin milli-mənəvi dəyərlərini qoruyub yaşadan  o zamanlar respublikamızda öz fəaliyyəti və nadir incilərinin zənginliyi ilə  seçilən bir mədəniyyət müəssisəsi - rayon tarix-diyarşünaslıq muzeyi də var idi. Həmin muzey ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində olarkən, 1980-ci ilin yanvar ayında "Azərbaycanda muzey işinin yaxşılaşdırılması tədbirləri haqqında" imzaladığı qərarından sonra fəaliyyətə başlayıb. Qısa müddət ərzində 19 min ədədə yaxın eksponat toplanmış muzeyin, doğrudur, ilk vaxtlar ayrıca binası olmayıb. Taleyi elə əvvəldən o qədər də uğurlu gəlməyən muzeyin bəxti üzünə onda gülüb ki, ona can yandıran, fondunu zənginləşdirməyə çalışan, xalqımızın madii-mədəniyyət nümunələrinin qorunması yolunda vicdanla çalışan rəhbəri və kollektivi olub. Bu müqəddəs məbədin filialının yaranması isə 1985-ci ildə, faşizm üzərində qələbənin 50 illik yubileyi ilə eyni vaxta təsadüf edib: "Söhbət, təbii ki, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyinin yaradılmasından gedir. 1992-ci ildə rayon mərkəzində ikimərtəbəli, yaraşıqlı, yüksək şəraitinə malik yeni binaya köçəndə təkcə muzeyin əməkdaşlarının deyil, buradakı əsrlərin yadigarları olan eksponatların da üzünə sanki gün doğdu. Lakin çox təəssüf ki, bu sevincin ömrü qısa odlu. 1988-ci ildə yenidən baş qaldıran erməni riyakarlığı burada da öz izini qoymağa başladı. Təhlükə aybaay, günbəgün deyil, anbaan yaxınlaşırdı. Ağır müharibə şəraiti olmasına baxmayaraq, cəbrayıllılar, o cümlədənmuzeyin əməkdaşları həyatlarını təhlükədə qoymuşdular. Hər gün atəş altında yaşamaq və fəaliyyət göstərmək bütün sahələrdə olduğu kimi, muzeydə gərgin həddə çatmışdı..."

Mühasirədə qalan digər rayonlarda olduğu kimi, burada da kimsə ev-eşiyindən nə isə çıxarmaq barədə düşünmür, yalnız düşmənə layiqli cavab verməklə susdurmağa çalışdığı halda, erməni quldur dəstələri daha çirkin niyyətlərini reallaşdırmağa - ərazilərdəki maddi-mədəniyyət nümunələrini məhv etmək qərarında idilər və bunun üçün məkrli strategiyalar cızırdılar. O ağır günlərdə muzey rəhbərliyi rayon mədəniyyət şöbəsi ilə razılaşıb Mədəniyyət Nazirliyinə vəziyyəti olduğu kimi çatdıraraq cəbrayıllılara məxsus tarixin nadir incilərini rayon mərkəzindən sərgiyə aparmaq bəhanəsi ilə Arazboyu kəndlərdə yerləşdirilməsinə icazə alıb. Nə yaxşı ki, o zamanlar bunun şayiə yaratmasına imkan verilməyib. Beləliklə, mədəniyyət nazirinin müvafiq sərəncamına əsasən, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təxminən 17 minə qədər eksponatının düşmən tərəfindən məhv olunmasının qarşısı alınıb. Xilas edilən sərvətlərin içərisində xalçaxalça məmulatları, qızıl və gümüş qadın bəzək əşyaları, kişi və qadın gümüş kəmərləri, müxtəlif etnoqrafikarxeoloji materiallar, rayonun tarixi və mədəniyyəti ilə bağlı müxtəlif foto-şəkillər, sənədlər vardır.

Muzeyin eksponatları əvvəlcə rayonun Arazboyu kəndlərində qorunub saxlanıb. Sonralar Beyləqana və Bakıya daşınan "tariximizin eksponat dili" o zamanlar Qaradağ rayonu ərazisindəki yol polisi məntəqəsində saatlarla saxlanılıb, muzeyin kollektivi çək-çevirə salınıb, sorğu-suala da tutulub. Mədəniyyət Nazirliyinin məsələyə müdaxiləsi eksponatları xilas edib.

Dövlət başçısı tərəfindən xalqımızın maddi və mənəvi sərvətlərinin qorunması üçün göstərdiyi diqqət və qayğı özünü bu muzeyin hazırkı fəaliyyətində də əksini tapıb. Muzeyin direktoru bildirir ki, 1993-cü ilin dekabr ayından eksponatlarımızın İstiqlal Muzeyinin fondunda yerləşdirilməsi üçün Mədəniyyət Nazirliyinin müvafiq əmri vardır: "Sonralar həmin binada Muzey Mərkəzinin açılması ilə əlaqədar bizim üçün ayrılmış otaqdan çıxarılası olduq. O zaman muzeyin eksponatlarını İstiqlal Muzeyinin Fonduna yığıblar. Lakin kollektivimiz İstiqalal Muzeyinin rəhbərliyindən çox razıdır. Çünki ən ağır günlərimizdə bizə sığınacaq verib, eksponatlarımızı yerləşdiriblər".

Haqqında söhbət açlan muzey bu gün də fəaliyyətini uğurla davam etdirir. Ulu öndər Heydər Əliyevin 80 və 85 illik yubileyləri ilə bağlı, həmçinin rayonların işğal ildönümləri, 20 Yanvar, Xocalı faciələri, Abidələr, Muzeylər Günüs. kimi əlamətdar və tarixi günlərdə  nadir eksponatların səyyar sərgisi keçirilir. Belə tədbirlərdən biri də Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin açılışı zamanı keçirilib. 7 saylı qəsəbə məktəbində muzeyin eksponatlarından ibarət sərgi-ekspozisiya təşkil edilib. Həmin tədbirin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu eksponatların hamısının da oradan gətirildiyini soruşduqda  muzeyin direktoru: "Bəli, cənab Prezident, biz oradan 17 min ədəd nadir eksponat xilas edib gətirmişik", - deyə məlumat verib...

Məcburi köçkün həyatı yaşayan muzeyin direktoru Tariyel Abbaslının ömrünün 60-cı fəslində baş-başa qaldığı qayğılar da az deyil: 25 il ərzində göz bəbəyi kimi qoruyub saxlamağa çalışdığı tarixin nadir incilərini doğma yurda qaytarmaq, cəbrayıllıların bu illər ərzində yaşadıqlarını eksponat şəklində gələcək nəsillərə çatdırmaq arzusundadır.

1987-ci ildən muzeyin rəhbəri kimi çalışan Tariyel Abbaslı elmi və bədii yaradıcılıqla da müntəzəm məşğul olub. Rayonun tarixi, etnoqrafiyası, ədəbiyyatı, folkloru ilə bağlı onlarla  elmi-tədqiqi məqalələr yazıb. O, Azərbaycan aşıq poeziyasının banisi Dirili Qurbaninin yaradıcılığının araşdırılması ilə də məşğuldur. Uzun illərin axtarışından sonra, 2006-cı ildə AMEA-nın Folklor İnstitutunda "Qurbaninin poetik irsi" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. O, həmçinin rayonun qədim və müasir tarixi haqqında "Cəbrayıl" (Ş.Quliyev və F.Quliyevlə birlikdə) elmi-tarixi kitabın, Cəbrayıl şəhidlərinə həsr olunmuş "Torpağın qanlı köynəyi" və "Qəm leysanı" (İ.İmanzadə ilə), "Uşaq dünyası" (M.Sadıqova ilə həmmülləif olmaqla), "Ana, nigaran qalma" (K.Həsənzadə ilə), "Qolubağlı keçdim Xudafərindən", "Qurbaninin poetik irsi", "Ömrün əzablı yolları", "Bənövşə çələngi" kitablarının və 50-dən artıq elmi-tədqiqi, tarixi-publisistik məqalənin müəllifidir.

Muzey işinin kamil bilicisi sayılan Tariyel Abbaslı radionun Güney Azərbaycan redaksiyasında da bir sıra yaddaqalan "Zamanın sınağında", "Obalardan gələn səslər", "Bayatı  axşamı", "Sənət haqqında söhbətlər", "Qurbani məclisi" və digər verilişlərin müəllifi və redaktoru kimi də dinləyicilərə yaxşı tanışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi illər ərzində bütün cəbrayıllıların bu məbədin fondunun zənginləşməsində xidmətləri az olmayıb.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 7.