Bakıda Azərbaycan və Hindistan hökumətləri arasında hava əlaqəsi haqqında saziş imzalanmışdır

 

 Aprelin 16-da Bakıda Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında  ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilmişdir.

Hər iki ölkənin hökumət nümayəndələrinin  iştirak etdikləri mötəbər tədbirə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Hindistanın ticarət və sənaye naziri Cotiraditya Sindia həmsədrlik etmişlər.

Ölkələrimiz arasında tarixən mövcud olmuş əlaqələrə toxunan  nazir Hüseynqulu Bağırov bildirmişdir ki,  1998-ci il iyunun 23-də iki ölkə arasında bağlanmış sazişdən sonra bu əlaqələr daha da genişlənmişdir. 2007-ci il  aprelin 11-də  Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında  Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın ilk iclası 2009-cu ildə Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilmişdir.

H.Bağırov demişdir ki, Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 2011-ci ildə 411 milyon ABŞ dolları təşkil etmişdir. Bu ilin iki ayında isə bu rəqəm 157 milyon ABŞ dolları olmuşdur.

Azərbaycanda bütün sahələrdə dinamik inkişaf getdiyini deyən Hindistanın ticarət və sənaye naziri  Cotiraditya Sindia çıxışında peşə təhsili,  gübrə, neft-qaz sahələrində ikitərəfli əməkdaşlığın mümkünlüyünü vurğulamışdır.

"Əczaçılıq sahəsində də Azərbaycanla əməkdaşlıq edə bilərik. Hindistan  əczaçılıq sahəsində həm baha olmayan, həm də keyfiyyətli preparatlar istehsal edir. Bundan başqa, informasiya texnologiyaları sahəsində də Azərbaycan ilə əməkdaşlığımıza öz töhfələrimizi verə bilərik" - deyə C.Sindia  bildirmişdir.

Sonra işçi qrupları  ticarət, nəqliyyat, enerji, turizm, mədəniyyət, təhsil, informasiya texnologiyaları, kənd təsərrüfatı   sahələrində, gübrə, kimya  və əczaçılıq sektorlarında əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

İclasda komissiyanın 3-cü iclasının Nyu-Dehli şəhərində keçirilməsi qərara alınmışdır.

Sonda "Azərbaycan Respublikası hökuməti ilə Hindistan Respublikası hökuməti arasında hava əlaqəsi haqqında" saziş imzalanmışdır. Tərəflər  həmçinin mülki və kommersiya məsələləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə imza etmişlər.

Sənədləri Azərbaycan tərəfdən Hüseynqulu Bağırov və Hindistan tərəfdən Cotiraditya Sindia imzalamışlar.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 5.