Azərbaycan-Qırğızıstan münasibətlərinin dərinləşdirilməsi diqqət mərkəzində olmuşdur

 

Qırğız Respublikasının  Prezidenti Almazbek Atambayev bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qırğızıstanın investisiya imkanlarının araşdırılması məqsədilə 15 nəfərdən ibarət nümayəndə heyəti ilə gəldiklərini bildirmişdir. N.Səfərov Qırğızıstanda artıq  müxtəlif görüşlərin keçirildiyini, geniş müzakirələr aparıldığını da qeyd etmişdir.

Qırğızıstanın dövlət başçısı nümayəndə heyətinin üzvlərini salamlayaraq bildirmişdir ki, qısa müddətdə ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində qarşılıqlı səfərlərin keçirilməsi və bütün sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunması Azərbaycan Prezidenti İlham Əliyevin dost Qırğızıstana göstərdiyi diqqətin təcəssümüdür.

Görüşdə Azərbaycanın Qırğızıstan iqtisadiyyatı, həmçinin sənaye, kənd təsərrüfatı, turizm, mülki aviasiya, bank işi və digər sahələrə investisiya yatırması imkanları geniş müzakirə olunmuşdur.

Almazbek Atambayev Qırğızıstandakı İssık-Kul gölü zonasında turizmin inkişaf etdirilməsi və bu sahəyə sərmayə yatırılması üçün münbit şəraitin olduğunu vurğulamışdır. Prezident qeyd etmişdir ki, Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına mədəniyyət və istirahət parkın tikilməsi də nəzərdə tutulur. Artıq şəhərin mənzərəli guşəsində bu məqsəd üçün 5,5 hektar torpaq sahəsi də ayrılmışdır, Bu parkın salınması  iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəkdir.

Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışmışdır. Qeyd olunmuşdur ki, Qırğızıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə tənzimlənməsini arzulayır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 5.