Azərbaycan ilə
Qırğızıstan arasında münasibətlərin
genişləndirilməsi məsələləri müzakirə
olunmuşdur
Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğızıstana səfəri davam edir. Nümayəndə heyətinə Azərbaycanın sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrinin nümayəndələri daxildir.
Səfər çərçivəsində Niyazi Səfərov ölkənin Baş nazirinin birinci müavini Aalı Karaşevlə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ticarət-iqtisadi, investisiya, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, aprel ayının sonunda Bişkekdə keçiriləcək Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının birinci iclası əməkdaşlığımızın inkişafına təkan verəcəkdir.
Danışıqlar zamanı Qırğızıstanda neft emalı zavodunun tikintisi, Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması məsələləri də diqqət mərkəzində olmuşdur.
Qeyd edilmişdir ki, Bakıdakı "Azərsun Holdinq" şirkəti artıq Qırğızıstan bazarına daxil olmuş, ölkəyə çay və digər məhsullar ixrac edir. Bildirilmişdir ki, nümayəndə heyətinin tərkibində Bişkekə gəlmiş şirkətlərin təmsilçiləri Qırğızıstan ilə əlaqələrin qurulmasında və inkişafında maraqlıdırlar.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 17 aprel.- S. 5.