Bişkekdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yaradılacaqdır

 

Bişkekdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yaradılacaqdır. Bu məsələ ilə bağlı Bişkek şəhərinin meri İsa Omurkulovun imzaladığı sərəncama əsasən, paytaxtın ən mənzərəli yerində - "Orto-Say" meşə zolağında Heydər Əliyev parkının salınması üçün Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna (TDSDF) 5,5 hektar torpaq sahəsi ayrılmışdır.

Bişkekdə yaşayan bir qrup soydaşımız və qardaş qırğız xalqının nümayəndələri TDSDF-in təşəbbüsü ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının salınması üçün ayrılmış torpaq sahəsində olmuş, qurban kəsilmişdir.

Fond sədrinin müavini Mukan Asanaliev, Pervomaysk Rayon İcra Hakimiyyətinin başçısı Əskər Əliyev çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmış, ulu öndərin Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişafındakı xidmətlərini qeyd etmişlər.

TDSDF-in sədri Nüsrət Məmmədov demişdir ki, bu parkı Bişkekin ən mənzərəli guşəsinə çevirəcəyik. Burada ulu öndər Heydər Əliyevin abidəsi ucaldılacaq, lazer fəvvarələri quraşdırılacaqdır. Yaşıllıqları zənginləşdirmək üçün nadir ağaclar əkiləcəkdir. Parkın ərazisində Zərifə Əliyeva adına Türkdilli Xalqların Mədəniyyət Mərkəzinin binasının tikilməsi də nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 5.